RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Qətərin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə etdi. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycana səfərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını bildirdi, eyni zamanda, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını vurğuladı. Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyətinə toxunan dövlətimizin başçısı bu komissiyanın iqtisadi əməkdaşlığımızın praktik məsələlərinin müzakirəsinə diqqət yetirəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev dedi ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir, tərəfdaşlıq münasibətlərinə söykənir və iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlığımızın da genişləndirilməsi üçün yaxşı imkanlar var. Dövlətimizin başçısı bu baxımdan investisiya imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd etdi.
Qətərin xarici işlər naziri Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin ən səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı və onu ölkəsində görməyi səbirsizliklə gözlədiyini dedi. Nazir Azərbaycanda gedən inkişaf proseslərinin Qətərdə böyük maraqla izlənildiyini bildirdi. İqtisadi əməkdaşlığımıza toxunan qonaq Azərbaycan-Qətər Hökumətlərarası Birgə İqtisadi, Ticarət və Texniki Komissiyasının konstruktiv şəkildə fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan ilə Qətər arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani əlaqələrimizin bundan sonra da daim inkişaf edəcəyinə əminliyini ifadə etdi. İqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinin önəmini vurğulayan qonaq bu baxımdan müştərək fondun yaradılmasının məqsədəuyğun olduğunu dedi.
Dövlətimizin başçısı öz növbəsində Qətərə səfərini səbirsizliklə gözlədiyini dedi və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Tani ilə şəxsi dostluq münasibətlərinin xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi.
Görüşdə BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olundu və bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmi vurğulandı.
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.