RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYANIN BADEN-VÜRTEMBERQ FEDERAL ƏYALƏTİNİN BAŞ NAZİRİ İLƏ GÖRÜŞÜ
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 16-da, onun üçün ayrılmış iqamətgahda Almaniyanın Baden-Vürtemberq Federal Əyalətinin Baş naziri Günter Ettinger ilə görüşmüşdür.
Günter Ettinger XIX əsrdə Baden-Vürtemberqdən almanların Azərbaycana gəldiyini, burada məskunlaşdığını və İkinci Dünya müharibəsi zamanı onların İosif Stalin tərəfindən köçürüldüyünü xatırlatdı. O, bu federal əyalətin iqtisadi cəhətdən böyük potensiala malik olduğunu vurğulayaraq dedi ki, bizim Azərbaycanla xüsusi əlaqələrimiz var və ölkənizə böyük maraq göstəririk. Məqsədimiz Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək, birgə layihələr həyata keçirmək və sərmayə qoymaqdır.
Prezident İlham Əliyev bu təklifi razılıq hissi ilə qarşıladı, Baden-Vürtemberqin ölkəmizlə tarixi əlaqələri barədə danışdı, federal əyalətin Baş nazirini Azərbaycana səfərə dəvət etdi. Dövlətimizin başçısı ölkəmizin iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığa hazır olduğunu bildirdi.