AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
-Hörmətli Qurbanqulu Malikquliyeviç!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Prezident başda olmaqla, qardaş Türkmənistanın nümayəndə heyətini Azərbaycan torpağında bir daha salamlamaq istəyirəm. Bu gün qarşılıqlı maraq doğuran məsələlər barədə çox geniş fikir mübadiləsi oldu. Biz ikitərəfli əməkdaşlığı, onun inkişaf perspektivlərini, regional məsələləri, regionumuzda təhlükəsizlik sisteminin möhkəmləndirilməsi məsələlərini müzakirə etdik. Müzakirə edilən bütün məsələlər barədə bizim mövqelərimiz tamamilə üst-üstə düşür.
Biz Türkmənistan Prezidentinin Azərbaycana səfərinə çox böyük əhəmiyyət veririk. Mən bu səfəri ikitərəfli münasibətlərimizin inkişafında keyfiyyətcə yeni mərhələ açan tarixi səfər hesab edirəm. Son vaxtlar biz ikitərəfli münasibətlərimizin coşğun inkişafının şahidləriyik. İqtisadi əlaqələrimiz möhkəmlənir, siyasi təmaslarımız daimi xarakter daşıyır, həyatımızın bir sıra istiqamətləri üzrə çox sıx qarşılıqlı əlaqə mövcuddur. Bütün bunlar, əlbəttə ki, bizi çox sevindirir.
Türkmənistan və Azərbaycan çox dinamik inkişaf edən müstəqil dövlətlərdir. Onlar özlərini təmin etmək iqtidarında olan, zəngin təbii ehtiyatlara, coşğun inkişaf imkanlarına malik və iqtisadi inkişaf sürətinə görə regionumuzda ən yüksək nəticələr nümayiş etdirən dövlətlərdir.
Biz bu əməkdaşlığın inkişaf etdirilməsində çox maraqlıyıq. Bu gün biz nəqliyyat problemləri ilə əlaqədar məsələləri və bunların həllinin konkret yollarını müzakirə etdik. Bu məsələlərin həlli ölkələrimizi daha da yaxınlaşdıracaq, habelə regionda güclü nəqliyyat infrastrukturu yaradılmasına kömək edəcəkdir. Biz ölkələrimizin çox yüksək göstəricilər nümayiş etdirdiyi energetika sahəsində əməkdaşlıq məsələlərini də müzakirə etdik. Azərbaycan və Türkmənistan başqa ölkələrin enerji təhlükəsizliyində iştirak edir.
Bu gün müzakirə etdiyimiz mövzulardan biri də Xəzər problemi idi. Biz Xəzəryanı ölkələrin dövlət başçılarının Tehran sammitinin yekunlarını, eləcə də Xəzərdə əməkdaşlığın inkişaf etdirilməsinin gələcək yollarını razılıq hissi ilə qeyd etdik. Əminik ki, Türkmənistanın və Azərbaycanın bu istiqamətdə səmərəli qarşılıqlı fəaliyyəti həmin məsələnin hərtərəfli tənzimlənməsinə kömək edəcəkdir.
Başqa sözlə desək, müzakirə edilən bütün məsələlər və mövzular barədə qarşılıqlı anlaşma çox yüksək səviyyədədir, mövqelərimiz üst-üstə düşür. Əminəm ki, bu səfər və onun nəticələri ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına xidmət edəcəkdir.
İndicə çox mühüm ikitərəfli sazişlər imzalandı. Həmin sazişlər əməkdaşlığın bu istiqamətdə formatını müəyyən edir. Lakin biz əməkdaşlığımızı təkcə imzalanmış sənədlərlə məhdudlaşdırmırıq. Biz inanırıq ki, əməkdaşlığımız həyatımızın bütün sahələrini əhatə edəcək, qardaş Türkmənistan və Azərbaycan xalqları bundan sonra da sülh şəraitində yaşayacaq, əməkdaşlıq edəcək, ölkələrimizin və xalqlarımızın inkişafına şərait yaradacaqlar. Biz buna çox böyük əhəmiyyət veririk. Türkmənistan Prezidenti hörmətli Qurbanqulu Malikquliyeviç mənim təklifimi qəbul edərək bugünkü səfərə gəldiyinə görə ona təşəkkür etmək istərdim. Əminəm ki, çox uğurla başlamış səfər uğurla da başa çatacaqdır.
Diqqətinizə görə sağ olun.
######
