AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
- Hörmətli prezidentlər,
Xanımlar və cənablar!
Mən bir daha dostum, Prezident Yuşşenkoya belə bir mötəbər beynəlxalq tədbirin keçirilməsinə görə təşəkkür edirəm. Sammitin nəticələri çox ümidvericidir. Son il ərzində biz qarşımıza qoyduğumuz mühüm məqsədlərə nail olmuşuq.
Bu gün imzalanan sənədlər bizim əvvəlki fəaliyyətimizi və gələcək üçün olan niyyət və planlarımızı əks etdirir. Qısa zaman ərzində əldə olunan uğurlar səylərimizin birləşdiyini göstərir. Biz birlikdə çalışırıq ki, bütün enerji təhlükəsizliyi məsələləri həll oluna bilsin. Bu gün biz sammit iştirakçıları arasında enerji resurslarının hasilatçılarını, tranzit ölkələri və istehlakçıları görürük. Bu, enerji siyasətinin hər üç komponentinin necə bir araya gəlməsinin, dostluq şəraitində və əməkdaşlıq ruhunda müzakirələr aparmasının və nailiyyətlər əldə edilməsinin gözəl nümunəsidir.
Bu gün biz enerji təhlükəsizliyi və şaxələndirmə baxımından böyük əhəmiyyət kəsb edəcək Xəzər-Qara dəniz-Baltik enerji dəhlizinin yaranmasının şahidi oluruq. Əminəm ki, regionlarımızı birləşdirən enerji dəhlizi əməkdaşlığımızın daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.
Nəqliyyat dəhlizi, humanitar dəhliz - bütün bunlar ölkələrimiz arasında daha yaxşı anlaşmaya doğru aparacaq və qarşılıqlı maraqlarımıza xidmət edəcəkdir. Neft və qaz ixrac edən ölkə kimi Azərbaycan qarşısında duran əsas enerji məsələlərinin həllinə artıq nail olubdur. Biz artıq neft və qazın nəqlinin şaxələndirilməsinə nail olmuşuq. İndi neft və qaz Azərbaycandan müxtəlif istiqamətlərə nəql olunur və oluna bilər.
Dostlarımızı və tərəfdaşlarımızı dəstəkləmək üçün çox sıx çalışırıq ki, nəinki hasilatçılar, hətta istehlakçılar da rəqabətli əsaslarla seçim edə bilsin. Şaxələndirmə istehlakçılar, hasilatçılar və tranzit ölkələrin birgə nailiyyəti üçün əsas şərtdir.
Mən hesab edirəm ki, sammitin nəticələri çox müsbətdir. Əminəm ki, növbəti sammitə qədər biz sizə daha çox məlumat verə biləcəyik. Bir daha hesab edirəm ki, bugünkü müzakirənin ən mühüm nəticələri sammit iştirakçılarının səylərinin birləşdirilməsi və əməkdaşlığa, dostluğa, tərəfdaşlığa olan sadiqlikdir ki, qarşımızda duran bütün məsələləri həll edə bilək.
Təşəkkür edirəm.
X X X
Mətbuat konfransında Gürcüstan, Estoniya, Latviya, Litva, Polşa prezidentləri, Avropa İttifaqının, Çexiyanın, Qazaxıstanın, Rumıniyanın və ABŞ-ın nümayəndələri də çıxış etdilər.
Sonra sammit iştirakçıları jurnalistlərin suallarına cavab verdilər, rəsmi foto çəkdirdilər.