AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
Əziz bacılar və qardaşlar!
Sizin hamınızı salamlayıram. Sizi Milli Qurtuluş günü münasibətilə ürəkdən təbrik edirəm. Düz 11 il bundan əvvəl, iyunun 15-də müasir Azərbaycanın taleyi həll olunurdu. Azərbaycan xalqı öz müdrikliyini göstərdi, Heydər Əliyevə müraciət edərək onu rəhbərliyə dəvət etdi. Məhz o vaxtdan ölkəmiz inkişaf etməyə başladı. Bütün xoşagəlməz hallara son qoyuldu. Qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi, müharibəyə son qoyuldu, anarxiyaya, xaosa, siyasi, iqtisadi, hərbi böhrana son qoyuldu. Ordu quruculuğu inkişaf etdi. Əgər o vaxt başqa cür olsaydı, Heydər Əliyev Azərbaycana gəlməsəydi, ölkəmizi, xalqımızı böyük bəlalar gözləyəcəkdi. Biz hamımız çalışmalıyıq ki, ötən 11 ildə əldə olunmuş uğurları daha da irəliyə aparaq, artıraq.
Bilirsiniz ki, indi ölkəmiz çox sürətlə inkişaf edir. Mən bu gün Qazaxda, Ağstafada olmuşam, oradakı vəziyyətlə tanış olmuşam. Görmüşəm ki, böyük işlər gedir, yeni iş yerləri açılır. Bilirəm ki, Tovuzda da bu istiqamətdə böyük işlər görülübdür. Çox şadam ki, mənim səsimə səs verərək, tovuzlular da bu istiqamətdə fəal işləyirlər.
Mən istəyirəm ki, Azərbaycanın hər bir yeri inkişaf etsin. Azərbaycanda yaşayan hər bir insan daha da yaxşı yaşasın, daha yaxşı işlə, maaşla təmin olunsun. Bu istiqamətdə işlər aparılacaqdır. Bütün sosial məsələlər öz həllini tapacaqdır. Qəbul edilmiş regional inkişaf proqramı artıq öz bəhrəsini verməkdədir və Azərbaycan getdikcə daha da zənginləşəcəkdir.
Mən bizim əvvəlki görüşümüzü xatırlayıram. Seçkilərdən əvvəl mən Tovuzda olmuşdum, tovuzlularla görüşmüşdüm. Xatırlayıram, bir ağsaqqal bildirmişdi ki, Heydər Əliyev Tovuzda olarkən demişdi ki, mən tovuzluların dostuyam. Mən sizə söz vermişdim, çalışacağam ki, mən də tovuzluların dostu olum. Bütün fəaliyyətimdə çalışacağam ki, Tovuzda camaat daha da yaxşı yaşasın, bu bölgə, Azərbaycanın qədim torpağı olan Tovuz güclənsin və tovuzlular daha da yaxşı yaşasınlar. Mən bu fəaliyyəti davam etdirirəm. Bu fəaliyyət ölkə daxilində böyük rəğbətlə, dəstəklə qarşılanır.
Azərbaycanın beynəlxalq aləmdə də nüfuzu get-gedə artır. Qarşımızda duran bütün vəzifələr öz həllini tapır. Mən seçkilərdən əvvəl hansı vədi, hansı sözü vermişəmsə, bu sözə sadiqəm və bunu əməli surətdə həyata keçirirəm.
Mən sizi bu gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizi bağrıma basıram, qucaqlayıram, öpürəm. Sizə cansağlığı, xoşbəxtlik, yeni qələbələr arzulayıram.
Sağ olun!
X X X
Dövlətimizin başçısı İlham Əliyev daha sonra rayon mərkəzindəki istirahət parkına tamaşa etdi, sakinlərin istək və arzuları ilə maraqlandı.