RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
- Hörmətli cənab nazir!
Hörmətli prefekt və xanımı!
Xanımlar və cənablar!
Üç gün çox tez keçdi. Bu gün mənim Fransaya dövlət səfərimin üçüncü və sonuncu günüdür. Amma əminəm ki, bu qısa müddət ərzində görülən işlər Fransa-Azərbaycan münasibətlərinin inkişafı üçün çox böyük rol oynayacaqdır.
Azərbaycan müstəqil ölkə kimi gəncdir, biz müstəqilliyimizin 16-cı ilini yaşayırıq. Müstəqilliyimizi bərpa etdikdən sonra Fransa-Azərbaycan münasibətləri çox sürətlə inkişaf etmişdir və deyə bilərəm ki, bu gün ən yüksək zirvəyə qalxmışdır. Bu səfər və səfər zamanı aparılmış danışıqlar, imzalanmış sənədlər, əlbəttə ki, əlaqələrimizin uzunmüddətli perspektivlərini müəyyən edəcəkdir.
Mən çox şadam ki, səfərin sonunda Nord-Pa-de-Kale regionuna gəlmişəm, Lill şəhərindəyəm. Bu gün Ticarət Palatasında keçirilən görüş çox ümidverici olmuşdur. Bu regionun çox güclü sənaye potensialı var. İndi Azərbaycanın da iqtisadi siyasətinin əsas istiqaməti sənayeləşmə ilə bağlıdır. Ona görə də əminəm ki, iqtisadi sahədə yaranan əlaqələr yaxın zamanlarda öz gözəl nəticələrini verəcəkdir.
Mən Ticarət Palatasındakı çıxışımda bütün iş adamlarını Azərbaycana dəvət etdim və əmin olduğumu bildirdim ki, əgər onlar Azərbaycanda iş görsələr, səhv etməzlər. Bizim ölkələrimiz arasında əlaqələr çoxşaxəlidir, siyasi, iqtisadi, sənaye, bütün başqa sahələrdə bu əlaqələr möhkəmlənir. Şübhəm yoxdur ki, bu səfərdən sonra əlaqələr daha da güclü olacaqdır.
Səfərimin sonunda mən bizə göstərilən qonaqpərvərliyə görə Fransanın rəhbərliyinə - Prezidentə, Baş nazirə, bütün başqa vəzifəli şəxslərə, Fransa xalqına bir daha öz təşəkkürümü bildirmək və bu badəni Fransa xalqının şərəfinə qaldırmaq istəyirəm.