AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
Hörmətli xanımlar və cənablar!
Afina Olimpiya Oyunları başa çatdı. İdmançılarımız Vətənə qayıtdılar. Mən Afina Olimpiya Oyunlarında Azərbaycan milli komandasının uğurlu çıxışı münasibətilə sizi ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqı adından sizə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Azərbaycan idmançıları bu dəfə də bütün dünyaya sübut etdilər ki, onların peşəkarlığı, hazırlığı çox yüksək səviyyədədir. Olimpiya oyunlarında 5 medal qazanmaq hər bir ölkə üçün böyük nailiyyətdir. Xüsusilə, həm əhalisinin sayı nöqteyi-nəzərindən, həm də ərazisinə görə o qədər də böyük olmayan Azərbaycan kimi ölkə üçün bu, böyük nailiyyətdir. Azərbaycan müstəqil dövlət kimi Yay Olimpiya oyunlarında yalnız 1996-cı ildən başlayaraq iştirak edir. Həmin il bir medal, 2000-ci ildə üç medal, bu dəfə isə 5 medal qazanılmışdır. Bu, uğurdur, böyük nailiyyətdir. Əgər nəzərə alsaq ki, digər idmançılarımız da medala çox yaxın idilər və böyük əzmkarlıqla, cəsarətlə mübarizə aparırdılar, onlar dördüncü, beşinci, altıncı yerləri tutublar – bu, Azərbaycanda idmanın yüksək səviyyəsini, idmanda yaşanan tərəqqini göstərir.
Bütün bunlar həm Azərbaycan Respublikasının Prezidenti, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi məni çox sevindirir. Bilirsiniz ki, artıq yeddi ildir ki, mən idmançılarla bir yerdəyəm, hamımız bir-birimizi çox yaxşı tanıyırıq. Mən hər bir idmançının çıxışları ilə tanışam, onların potensial qabiliyyətini də yaxşı bilirəm, problemləri ilə də maraqlanıram. Biz dəfələrlə beynəlxalq turnirlərdə, Olimpiya oyunlarında, Bakıda keçirilmiş turnirlərdə birlikdə Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışıq.
Mən sizi bu gözəl nəticə münasibətilə bir daha ürəkdən təbrik edirəm və ümidvaram ki, gələcəkdə də Azərbaycan idmanı həmişəki kimi yüksək səviyyədə olacaqdır.
Bu gün çox gözəl görüşdür. Qələbə ilə qayıdan idmançılar yüksək dövlət mükafatları ilə təltif olunacaqlar. Amma bundan əvvəl mən istərdim ki, Azərbaycan yığma komandasının Olimpiya Oyunlarında çıxışı haqqında məlumatı, bu oyunların yekununu dinləyək. Bu məqsədlə mən sözü gənclər, idman və turizm naziri Əbülfəz Qarayevə verirəm.