AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
İndi bölgələrdə gedən abadlıq-quruculuq işləri, sürətli inkişaf artıq deməyə əsas verir ki, görülən işlər düzgün istiqamətdə atılmış addımların nəticəsidir. Ancaq Bakı kəndləri, qəsəbələri bu prosesdən bir qədər kənarda qalıbdır. Halbuki, Bakının kənd və qəsəbələrində mövcud olan problemlər bölgədə olan problemlərdən heç nədən fərqlənmir. Burada da iş yerlərinin açılması, yeni müəssisələrin yaradılması, elektrik, qaz xətlərinin çəkilməsi, su təchizatı, məktəblərin, səhiyyə ocaqlarının təmiri və yenidən tikilməsi problemləri var.
Mən vaxtaşırı Bakı kəndlərinə də baş çəkirəm və öz göstərişlərimi verirəm. Əlbəttə, ümid edirəm ki, görülən işlər gələcəkdə Bakı kəndlərində və qəsəbələrində uzun illər ərzində yığılmış problemlərin həllində kömək edəcəkdir. Ancaq hesab etdim ki, biz bu məsələyə gərək kompleks şəkildə yanaşaq, kompleks şəkildə baxaq, Bakı şəhərinin ətraf kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər planı hazırlayaq. Bu məqsədlə mən bu gün bu müşavirəni keçirirəm.
Mən istəyirəm ki, burada həm görülmüş işlər haqqında danışaq, həm də, ən başlıcası, mövcud olan problemlərin həlli yollarını birlikdə müzakirə edək, onları arayaq ki, qısa müddət ərzində proqram tərtib olunsun və icra edilsin.
Bildiyiniz kimi, mənim təşəbbüsümlə qəbul edilmiş bütün proqramlar reallığa əsaslanır. O proqramlarda konkret tədbirlər göstərilir. Yəni bu, hansısa bir bəyanat, yaxud da şüar xarakteri daşımır. Konkret olaraq harada nəyi etmək lazımdırsa, proqramlarda öz əksini tapır.
Məsələn, regionların sosial-iqtisadi inkişafı proqramına baxsanız görərsiniz ki, orada maddəbəmaddə yazılıb ki, harada hansı məktəb tikilməlidir, harada yol salınmalıdır, harada elektrik stansiyası tikilməlidir və s. Proqram üzrə icra mexanizmi də işə salınır. Əlbəttə, çox ciddi nəzarət olmalıdır. Çünki bizim iqtisadiyyatımız artdıqca, maliyyə imkanlarımız da artır. Bilirsiniz ki, Azərbaycanda gələn ilin büdcəsi 4 milyard dollara çatacaqdır. Bu ilin büdcəsi ilə müqayisədə təxminən 70 faiz çoxdur. Biz bu vəsaitin xərclənməsinə ciddi nəzarət etməliyik. Həm dövlət, hökumət tərəfindən, həm də ictimai nəzarət olmalıdır. Belə olan halda, maliyyə imkanlarımız artdıqca qarşıda duran bütün planları, proqramları yerinə yetirmək daha da asan olacaqdır. Bizdə bu imkanlar var, maliyyə resursları var. İndi proqram qəbul olunmalı, ardıcıl, məqsədyönlü və gərgin iş aparılmalıdır. Son müddət ərzində Bakı şəhərində abadlıq-quruculuq işləri sürətlə gedir, yeni yollar salınır. Bilirsiniz ki, büdcədən də bu məqsədlərə vəsait ayrılıbdır. Bu məsələ mənim xüsusi diqqətimdədir. Biz gözəl şəhərimizi daha da gözəlləşdirməliyik, abadlaşdırmalıyıq. Memarlıq görkəminə daha da böyük diqqət göstərməliyik. Bəzi hallarda Bakıda tikilən yeni evlər memarlıq baxımından çox zövqsüzdür və şəhərimizin ümumi görüntüsünü pozur. Mən Hacıbala Abutalıbova göstəriş verdim ki, buna çox ciddi diqqət verilməlidir. Bütün yeni tikilən binalar memarlıq baxımından yaraşıqlı olmalıdır.
Kəndlərdə, qəsəbələrdə əlbəttə ki, proqramlar fərqlidir. Hesab edirəm ki, bugünkü müşavirə həmin problemlərin həllinə güclü təkan verəcək və biz birlikdə bu işləri görəcəyik.
İndi isə sözü Hacıbala Abutalıbova verirəm.