AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
Bütün sahələrdə inkişaf var. Regional inkişaf proqramı da icra olunur. Artıq iki ildir ki, biz bunu icra edirik və iki ilin nəticələri də göz qabağındadır. 340 min yeni iş yeri açılıbdır, onların tam əksəriyyəti rayonlardadır. Kənd təsərrüfatının inkişafında gözəl nəticələr var. “Aqrolizinq” Səhmdar Cəmiyyətinin yaradılması kəndlilərə, fermerlərə böyük dayaqdır. Həm texnika paylanılır, həm də kreditlər, gübrələr verilir. Bu il özəl sektora veriləcək kreditlərin həcmi təxminən 100 milyon dollardır. Bu, özəl sektora böyük bir dəstəkdir.
Azərbaycan əhalisinin yarısı kəndlərdə yaşayır. Ona görə kəndin problemi də gərək öz həllini tapsın. İndi yeni elektrik stansiyaları tikilir. Astarada tikildi. Ondan sonra Xaçmaz, Şəki, Naxçıvan və Bakıda tikiləcək, demək olar ki, bütün ölkəmizi əhatə edəcəkdir. Bir il ərzində əlavə 450 meqavat enerji mənbəyi yaranacaqdır. Elektrik enerjisinin davamlı verilməsi də, əlbəttə ki, sənaye potensialının artımına gətirib çıxaracaqdır.
Dediyim kimi, regional inkişaf proqramı uğurla icra edilir. Amma yerlərdə yeni məsələlər, yeni problemlər, yeni təkliflər ortaya çıxır. Məsələn, bu gün qeyd etdim ki, biz keçən il qaçqın–köçkünlərə aid olan müşavirədə məsələni müzakirə edəndə Ağdamın icra hakimiyyətinin başçısı məsələ qaldırdı ki, Olimpiya İdman Kompleksi tikilsin. Göstəriş verdim, bu gün onun təməl daşını qoyduq.
Dövlətqaçqınkomun sədri məsələ qaldırmışdı ki, Yuxarı Mil kanalının tikintisi təmin olunsun. Bu işlər görülür. Məsələ qaldırmışdı ki, texnika lazımdır, köçkünlərə 10 kombayn lazımdır. Biz bunu təmin etdik, verildi. Bütün bu məsələləri geniş proqramda nəzərdə tutmaq mümkün deyil. Yəni bu, qeyri-mümkün olan bir şeydir. Ona görə mən həmişə maraqlanıram, soruşuram və sizdən də təkliflər gözləyirəm ki, daha nə kimi işlər görülməlidir, hansı sahəyə daha da böyük diqqət göstərilməlidir. Elektrik enerjisi, qaz, su təchizatı, yol təsərrüfatı, məktəb, xəstəxana və s. baxımından. İndi bizim imkanlarımız var. Bütün rayonlarda bu işlər gedir.
Bu gün Bərdədə müasir diaqnostika-müalicə mərkəzinin təməlini qoyduq. On aydan sonra təhvil veriləcəkdir. Özü də ən yüksək səviyyədə. Yəqin ki, başqa rayonlarda da belə mərkəzlərin tikintisi lazımdır. Məktəblər - indi Azərbaycanda 4500 məktəb var. Bu yaxınlarda müşavirədə təhsil nazirindən soruşdum, dedi ki, onların 30 faizi yararsız vəziyyətdədir. Demək, haradasa, 1000-1500 məktəb yararsız vəziyyətdədir. Keçən il 300-dən çox məktəb tikilib, təmir edilibdir. Yəqin ki, bu il də o qədər olmalıdır. Biz çalışmalıyıq ki, 2008-ci ilə qədər, yəni 5 illik proqram başa çatanda bütün məktəblər əsaslı təmir olunsun, yeniləri tikilsin. Səhiyyə ocaqları, mədəniyyət ocaqları, yollar - yəni sosial infrastruktur da həmçinin. O ki, qaldı elektrik stansiyalarına, qazpaylayıcı xətlərə, su kəmərlərinə - biz bu işləri mərkəzləşmiş qaydada görürük ki, ölkəmizi tam şəkildə əhatə etsin.
Ona görə mən bugünkü müşavirədə istərdim,- indi burada üç rayonun icra hakimiyyətinin başçıları iştirak edirlər, - görülən işlər haqqında məruzə edəsiniz, deyəsiniz ki, qısa müddət ərzində əlavə nə kimi tədbirlər görülməlidir.
Bilirsiniz ki, mən rayonlara tez-tez gedirəm. Demək olar ki, hər ay, iki aydan bir bölgələrdə oluram. İndi sizin qaldırdığınız və sabah bizə təqdim edəcəyiniz məsələlər mən növbəti dəfə gələnə qədər gərək öz həllini tapsın.
X X X
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı ELMAN ALLAHVERDİYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” qəbul edilməsi ilə yaranmış inkişaf sürəti getdikcə daha qabarıq nəzərə çarpmaqdadır. İki il müddətinə 340 min iş yerinin açılması qarşıdakı perspektivlərdən xəbər verir. 2005-ci ildə Bərdə rayonunda 2761 yeni iş yeri açılmışdır ki, bu da 2004-cü ildəkindən 1489 iş yeri çoxdur. İlin iqtisadi göstəriciləri proqnozları xeyli üstələmişdir.
Sizin qayğınız sayəsində 2005-ci ildə Bərdənin abadlaşmasına 3,8 milyard manat vəsait ayrılmışdır. Həmin vəsaitdən bir milyard manat abadlıq işləri üçün maşın-mexanizmlərin alınmasına, qalanı isə şəhərin Nizami, Həzi Aslanov, Təbriz, Sənaye, Səməd Vurğun və digər küçələrində abadlıq işlərinə sərf olunmuşdur.
Bundan əlavə, daxili imkanlar hesabına 600 milyon manatlıq abadlıq-quruculuq işləri aparılmışdır. Hazırda şəhərdə 880 yerlik orta məktəb binası tikilir. Rayonun üç kəndində Heydər Əliyev Fondunun vəsaiti ilə müasir tipli məktəb binaları tikilib istifadəyə verilmişdir. Yaxın vaxtlarda Sizin köməyinizlə daha bir neçə böyük obyektin inşası nəzərdə tutulur. Heydər Əliyev Fondunun vəsaiti hesabına üç kənddə yeni məktəb binasının tikintisi planlaşdırılır. Bütün bunlara görə Sizə və Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Möhtərəm cənab Prezident!
Təbii ki, görülən işlərlə yanaşı, bəzi problemlər də mövcuddur. Bu barədə məlumat vermək istərdim. Aidiyyəti dövlət orqanları kərpic, yem və konserv zavodlarının işə salınmasına lazımi kömək göstərməlidirlər.
Tərtər suyu ilə Bərdə şəhər əhalisini təmin edən əsas kəmərin boruları korroziyaya uğradığından, tələbatın yalnız 40-50 faizini ödəyir. Şəhərdə kanalizasiya sistemi yoxdur. 1980-ci illərdə müəyyən işlər görülsə də, yarımçıq qalmış və əhəmiyyətini itirmişdir. Yeni tikintiyə ehtiyac var.
Qaçqın və məcburi köçkünlərlə birlikdə 50 min nəfərdən çox əhalisi olan şəhərdə müasir avtovağzal binası yoxdur. Ötən əsrin 80-ci illərində bu məqsədlə başlanmış tikinti yarımçıq qalmışdır. Dövlət Proqramında tikintinin başa çatdırılması nəzərdə tutulsa da, vəsait ayrılmamışdır.
İndiyədək şəhərin yalnız bir neçə mərkəzi küçəsində abadlaşdırma işləri aparmaq mümkün olmuşdur. 33 küçə hələ əsaslı şəkildə yenidən qurulmalı, 22-dən çox küçə əsaslı təmir edilməlidir. Kənd yolları daha bərbaddır. Son illər cari təmir işləri istisna olmaqla, kənd yollarında əsaslı bir iş aparılmamışdır.
Rayonun Kətəlparaq kəndində 2005-ci ildə 640 şagird yerlik məktəb tikiləcəyi plana salınmasına baxmayaraq, inşasına vəsait ayrılmamışdır. Rayondakı 74 məktəbin 40-ı uyğunlaşdırılmış binalarda yerləşir. Həmçinin 32 məktəbəqədər uşaq müəssisəsi də uyğunlaşdırılmış və yararsız binalarda yerləşir. 11 məktəb binası qəza vəziyyətindədir. 23 məktəbin əsaslı təmirə ehtiyacı var. 38 məktəbdə 1839 ailə və ya 6233 nəfər məcburi köçkün ailəsi, o cümlədən 9 şəhər məktəbindən 7-də 353 ailə və ya 1137 nəfər məskunlaşmışdır. Yeni məktəb binalarının inşasına, mövcud məktəb binalarının əsaslı təmirinə ciddi ehtiyac vardır. Məktəblərdən məcburi köçkün ailələrinin köçürülməsi məsələsi də günün vacib problemi kimi qarşıda durur.
Rayonda 16 xəstəxana, 33 həkim ambulatoriyası, 57 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Tibb müəssisələrində də məcburi köçkünlər məskunlaşmışlar. 106 tibb müəssisəsindən bir çoxu uyğunlaşdırılmış binalarda yerləşir, 52-sinin isə əsaslı təmirə ehtiyacı vardır. Mərkəzi rayon xəstəxanası 1960-cı illərdə inşa edilmişdir və tələbatı ödəmir. 8 yaşayış məntəqəsində heç bir tibb müəssisəsi yoxdur. Mövcud tibb müəssisələrinin çoxu əsaslı təmir edilməli və ya yeni bina inşa olunmalıdır.
Dövlət Proqramında 1000 yerlik mədəniyyət sarayının da əsaslı təmiri nəzərdə tutulmuşdur. Lakin vəsait ayrılmamışdır. Burada məskunlaşmış 16 məcburi köçkün ailəsinin başqa yerə köçürülməsi problemi vardır. Bu bina bizim üçün çox əzizdir, çünki vaxtilə onun təməlqoyma mərasimində ümummilli liderimiz Heydər Əliyev iştirak etmişdir.
Ümumiyyətlə, rayon ərazisində 233 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Onlardan 173-ü bərbad vəziyyətdədir, əsaslı təmir olunmalıdır. Bu müəssisələrdə də məcburi köçkünlər məskunlaşmışlar.
Sizin təşəbbüsünüz sayəsində 2000-ci ildə Bərdə şəhərinin qazlaşdırılmasına başlanılmışdır və bu gün 4300 abonent təbii qazdan istifadə edir. Şəhərdə 7300 ailə olduğunu nəzərə alaraq, şəhərin bütövlükdə qazlaşdırılmasına kömək göstərməyinizi xahiş edirik. 2004-cü ilin ortalarına qədər işlədilən qazın dəyəri 100 faiz ödənilirdi. Hazırda isə bu sahədə problem yaranıbdır. Odur ki, sayğaclaşdırma vacibdir. Bu işə başlanılsa da, ləng gedir.
Rayonun elektrik enerjisinə tələbatı 120 meqavatdır. Konstruktiv güc isə 103 meqavatdır. Rayona mövcud gücün 60-70 faizi qədər elektrik enerjisi verilir. Bu isə tətbiq olunan məhdudiyyət cədvəlinə belə əməl etməyə imkan vermir. Təsəvvür edin ki, rayonun 82 kəndinə gün ərzində 4 saat elektrik enerjisi verilir: 1 saat səhər, 2 saat günorta, 1 saat axşam. Nəticədə əhali arasında narazılıqlar baş verir və elektrik enerjisinin haqqı pis ödənilir. Bu sahədə bizim də günahımız var, indi işləyirik, bu aydan fərq hiss olunacaqdır. Əhali fasiləsiz elektrik enerjisi istəyir. Əgər sistem bütövlükdə sayğaclaşdırılsa və elektrik enerjisi müntəzəm verilsə, sözsüz ki, ödəniş məsələsində də heç bir problem yaranmayacaqdır.
Bərdə qədim şəhərdir. Onun qədimliyini sübut edən tarixi abidələrdən biri də XIII əsr Bərdə türbəsidir. Türbə əsaslı surətdə bərpa edilməlidir.
Problemlərimizlə Sizin vaxtınızı çox almaq istəməzdim.
Bərdə ictimaiyyəti Heydər Əliyev ideyalarına həmişə sadiq olmuşdur və bu gün də Sizin ətrafınızda sıx birləşərək, qarşıya qoyulan vəzifələrin vaxtında icra olunması üçün daha ciddi işləyəcək, qüvvə və bacarığını əsirgəməyəcəkdir. Diqqətinizə görə sağ olun!
X X X
Sonra Ağdam Rayon İcra Hakimiyyətinin başçısı HƏSƏN SARIYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
İcazə verin, Sizin tapşırıq və Sərəncamlarınız əsasında Ağdamda görülən işlər haqqında məlumat verim. Rayonda qum-çınqıl sexi, çörək zavodu, yüzlərlə müasir tipli ticarət obyekti, 12 dəyirman və digər müəssisələr istifadəyə verilmişdir. 2005-ci ildə 353 nəfər daimi, 1037 nəfər isə mövsümi işlə təmin olunmuşdur. Ümumiyyətlə, iki ildə əvvəldən 923 daimi, 1642 müvəqqəti iş yeri açılmışdır. 2006-cı ilin iki ayında isə 41 nəfər daimi, 174 nəfər isə mövsümi işlə təmin edilmişdir.
Bütün qaçqın və məcburi köçkünlər kimi, ağdamlılar da ulu öndərimizin daim diqqət mərkəzində olmuşlar. Ulu öndərimizin müvafiq fərmanlarına əsasən 2002-2003-cü illərdə yeni salınmış 4 qəsəbəyə çadır düşərgələrindən 529 ailə və ya 3 minə yaxın insan köçürülmüşdür.
Möhtərəm cənab Prezident, 2004-cü il 4 fevral tarixli Sərəncamınızla 3860 ailə üçün tikilən 12 müasir tipli qəsəbədə son tamamlama işləri gedir. Onlardan üçünə insanlar köçürülmüşdür. Həmin qəsəbələrə 20 minə yaxın əhali köçürüləcəkdir. Qəsəbələrdə müasir tipli, hər cür avadanlıqla təchiz olunan məktəblər, mədəniyyət evləri və digər sosial obyektlər tikilir. Digər qəsəbələrdən fərqli olaraq, bu qəsəbələrdə həm də musiqi məktəbləri tikilir. Sizin tapşırığınıza əsasən, Daxili İşlər Nazirliyi 5 məktəb tikmiş, Respublika Bərpa Agentliyi tərəfindən 15 məktəb əsaslı təmir olunmuş, 1 məktəb tikilib istifadəyə verilmişdir. “Şəki-İpək” şirkəti ikinci pambıq emalı zavodunun inşasını davam etdirir. Pambığın 1 kiloqramının satınalma qiyməti 500 manat artaraq 1600 manat olmuşdur. Sizin tapşırığınızla rayonumuza 2 ədəd taxılbiçən kombayn hədiyyə edilmişdir.
Cənab Prezident, icazənizlə, AXC-Müsavat cütlüyü dövründən bir məlumat verim. Ağdamda şəhid olanları dəfn etməyə adam tapılmadığı bir dövrdə, yəni 1993-cü ilin iyul ayında Ağdam məktəblərinin bərpası adı ilə 203 milyon rubl pul mənimsənilmişdir. Ancaq sabiq iqtisadi inkişaf naziri Sizin tapşırığınızla Ağdam rayonunda kredit yarmarkası keçirərkən, krediti həmin cinayəti törədən müxalifət nümayəndələrinə ünvanlamışdır.
Cənab Prezident, bütün görülən işlərlə yanaşı, bəzi təkliflərimizi nəzərinizə çatdrımaq istəyirəm. Ayaq Qərvənd, Eyvazlı, Həsənxanlı, Birinci Baharlı, İkinci Baharlı kənd məktəblərinin və Quzanlıda rayon xəstəxanasının tikilməsinə, Hacıməmmədli və Quzanlı kənd orta məktəblərinin əsaslı təmirinə ehtiyac vardır.
Hörmətli cənab Prezident, bildirim ki, Tərtər və Xaçın çayları su hövzəsi işğal altında qaldığından, istər içməli suya, istərsə də əkin sahələrinin suvarılmasına tələbat yalnız subartezian quyuları vasitəsilə ödənilir. Hər 70-100 hektara 1 artezian quyusu düşür. Yaranmış çətinliyi aradan qaldırmaq üçün 50-55 subartezian quyusunun qazılıb istifadəyə verilməsinə ehtiyac vardır. Bu, həm də yeni iş yerləri deməkdir.
Diqqətinizə görə minnətdaram. X X X
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı VİDADİ İSAYEV dedi:
- Cənab Prezident, Sizin Fərmanınızla təsdiq edilmiş regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da infrastrukturun yaxşılaşdırılmasına, sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına, əhalinin rifahının yaxşılaşmasına və sosial problemlərin həllinə təkan vermişdir. Sizin diqqət və qayğınızla 2005-ci ildə rayonda 3 yeni məktəb, 4 kənddə poçt binası, 3 kənddə elektron ATS, 2 kənddə tibb məntəqəsi tikilib istifadəyə verilmişdir. Həmin məktəblərdən biri Heydər Əliyev Fondunun hesabına tikilmişdir.
Cənab Prezident, son 6 ayda Sizin tapşırığınız, diqqət və qayğınızla rayonumuzda tikinti-abadlıq işləri geniş vüsət almışdır. Şəhərin mərkəzindəki əsas küçəyə prospekt statusu verilmiş və o, ulu öndərimiz Heydər Əliyevin adı ilə adlandırılmışdır. Qısa müddətdə həmin prospekt, Nizami, Elman Hüseynov, Vasif Hüseynov küçələri müfəssəl plan əsasında, müasir memarlıq elementlərindən istifadə edilməklə tamamilə yenidən qurulmuşdur. Şəhərdə müasir tələblərə cavab verən 80-dən çox xidmət obyektləri tikilmişdir. Küçə və meydanlara 15,6 min kvadratmetr asfalt, 30 min kvadratmetrdən çox mərmər və dekorativ üzlük döşənmiş, 28 minə qədər müxtəlif ağac, bəzək kolları əkilmişdir. 3725 kvadratmetrlik çəmənlik salınmış, 6 fəvvarə, 22 bulaq kompleksi tikilmiş, prospekt və küçələrdə müasir işıqlandırma sistemləri quraşdırılmışdır. Avtovağzal, sahəsi 1,2 hektar olan şəlalə kompleksi, müstəqilliyimizin rəmzi olan 13 metr hündürlükdə monument tikilmiş, “Ana abidəsi”nin yerləşdiyi 4 min kvadratmetr ərazi tamamilə abadlaşdırılmışdır. 5 yeni istirahət guşəsi yaradılmışdır. Hazırda şəhərin mərkəzində ümummilli liderimizin adını daşıyan mədəniyyət və istirahət parkında, Heydər Əliyev muzeyində işlər gedir.
Rayonun ictimai-siyasi həyatında böyük rol oynayan “Yeni Tərtər” qəzeti 10 illik fasilədən sonra Sizin diqqət və qayğınızla yenidən nəşrə başlamışdır. Cənab Prezident, ümumilikdə Sizin tapşırığınız, diqqət və qayğınızla son dövrdə Tərtərdə görülən işlərə təxminən 12 milyard manat vəsait xərclənmişdir.
Möhtərəm Prezident, digər rayonlardakı kimi, Tərtərdə də su, qaz, işıqla bağlı müəyyən problemlər var. Sizin tapşırığınızla bu problemlərin bəzilərini imkan daxilində həll etmişik. Yeddi ildən də çox işləməyən və şəhərin içməli suya tələbatının 40 faizini ödəyən su anbarı bərpa olunaraq istifadəyə verilmiş, 1,7 kilometr uzunluğunda yeni su xətti çəkilmişdir. Kənd yerlərində 2 yeni artezian quyusu qazılmış, uzun illər işləməyən 197 quyu bərpa edilmiş, 10,5 kilometr təsərrüfatlararası suvarma arxları təmizlənmişdir. Görülən tədbirlərin nəticəsidir ki, 2005-ci ildə pambıq məhsulu 6 min tondan 10 min tona çatdırılmışdır. Lakin sadaladıqlarım Tərtər rayonunun suvarma suyuna olan tələbatını ödəmək üçün kifayət deyildir. Dövlət Proqramında nəzərdə tutulmuşdur ki, Yuxarı Qarabağ kanalından Tərtər rayonuna arx çəkilsin. Hələlik bu, yerinə yetirilməsə də, güman edirik, Sizin tapşırığınızla həllini tapacaqdır. Çünki Tərtər rayonunda suya kəskin ehtiyac vardır.
Cənab Prezident, Sizin diqqət və qayğınız sayəsində elektrik enerjisi təchizatında xeyli irəliləyiş var. Yardımçı stansiyalarda iki ədəd 10 meqavat gücündə transformatorlar qoyulmuş, 96 ədəd transformator təmir edilmiş, 24 kilometr uzunluğunda yüksək və aşağı gərginlikli elektrik xətləri çəkilmiş, 5 kənddə sayğaclaşma başa çatdırılmışdır və daha 2 kənddə iş gedir. 2005-ci ildə elektrik enerjisi haqqının yığılması nisbətən aşağı vəziyyətdə idi. Sizin göstərişinizdən sonra komissiya yaradılmışdır və yerlərdə işıq pulunun yığılması ilə əlaqədar konkret tədbirlər görülür. Son iki ayda yığımda, demək olar, 8 faizə qədər fərq yaranmışdır. Əlavə 30 yeni transformatorlar qoyulmuşdur ki, bu da kəndlərə verilən elektrik enerjisinin zəifliyini aradan qaldırmağa müəyyən qədər kömək edir. Amma sözsüz ki, bu sahədə həllini gözləyən ən vacib problem sayğacların qoyulmasıdır. Əgər Sizin köməyinizlə bu problem həll edilərsə, yaxın aylarda işıq pulunun yığılmasında daha böyük irəliləyiş olar.
Cənab Prezident, şəhərdə 2005-ci ildə 300 mənzilə qaz verilməsi təmin olunmuşdur. Qulunc kəndində qazlaşdırma başa çatmış, Sarıcalı kəndində isə bu iş tamamlanmaqdadır. Şəhərdə 4,7 kilometrlik qaz xətti bərpa olunmuşdur və 1182 ədəd yeni qaz sayğacı quraşdırılmışdır. 2005-ci ildə qaz pulunun yığılması 26,4 faiz olmuşdur və hesab edirik ki, bu, çox azdır. Gələcəkdə işıq, qaz pulunun yığılmasını artırmaq üçün komissiya vasitəsilə əlavə tədbirlər görülür.
Cənab Prezident, Tərtər rayonunda iqtisadiyyatla, kənd təsərrüfatı ilə bağlı problemlər çoxdur. Dövlət Proqramının yerinə yetirilməsində bəzi çətinliklər var. Təəssüf olsun ki, 2004-cü ildə nəzərdə tutulan məsələlər öz günahımız ucbatından yerinə yetirilməyib, vaxtında məsələ qaldırmamışıq. Ona görə də su problemi ilə bağlı məsələlər hələ də həll olunmayıbdır.
Tərtərin digər kənd rayonlarından fərqi ondadır ki, təbii imkanları çoxdur. Keçən il rayonda 10 min tondan yuxarı meyvə-tərəvəz, 10 min tondan çox bostan məhsulları istehsal olunmuşdur. Cənab Prezident, əgər mümkün olsa, Tərtər rayonunda 200-300 nəfərin işləyəcəyi konserv zavodu bərpa edilərsə, bu, işsizliyin azalmasına kömək edər. Vaxtilə Tərtərdə ümummilli liderimiz tərəfindən əsası qoyulmuş konserv zavodu hazırda işləmir.
Rayonumuzda suvarma ilə bağlı Dövlət Proqramında nəzərdə tutulmuş məsələlər həll olunmaqdadır. Sizin tapşırığınızla artıq 22 subartezian quyunun qazılması planlaşdırılmışdır və artıq 5-nin layihə-smeta sənədləri tam hazırdır. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün bu il 16 mənzilli binanın tikintisi də nəzərdə tutulur. 24 mənzilli binanın tikintisi üçün smeta-layihə sənədləri hazırlanmışdır. Uzun illərdir şəhərdəki 1 nömrəli orta məktəbin binası yarımçıq qalmışdır. Əgər mümkün olsa, həmin məktəbin tikintisi başa çatdırılsın.
Tərtərin qədim tarixi var. Ancaq indiyə qədər Tərtərdə Tarix-diyarşünaslıq muzeyi yoxdur. Sizin dəstəyinizlə muzeyin tikilməsi həm də gənclərin vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərərdi. Tərtərdə 1960-cı illərdə çəkilən qaz xətləri köhnəlib, qaz nə qədər güclü verilsə də, şəhərin bütün ərazisinə çatdırmaq qeyri-mümkündür. Ona görə Tərtərə 3 kilometrlik məsafədən ikinci qaz xətti çəkilsə yaxşı olar.
Cənab Prezident, ən vacib məsələlərdən biri səhiyyə ilə bağlıdır. Doğum evinin tikintisi uzun illərdən bəri yarımçıq qalmışdır. O, Dövlət Proqramına daxil edilmişdir və əgər Sizin tapşırığınızla bu məsələ öz həllini taparsa, səhiyyə xidmətinə böyük kömək olar. Müharibə bölgəsi olan Tərtərdə vərəm dispanserinin fəaliyyət göstərməsi də zəruridir.
Cənab Prezident, vaxtınızı alsam da, deyim ki, Tərtərdə kütləvi tədbirlər keçirmək üçün, demək olar, heç bir obyekt yoxdur. Vaxtilə tikilmiş mədəniyyət evi tam yararsız vəziyyətdədir. Əgər əsaslı təmir edilərsə, kütləvi tədbirlərin keçirilməsi üçün çox böyük kömək olar.
Cənab Prezident, bütün tərtərlilər Sizin uğurlu daxili və xarici siyasətinizi bəyənirlər. Regionların sosial-iqtisadi inkişafı proqramı Tərtərdə də yerinə yetirilməkdədir. Son iki ildə 4 mindən çox adam iş yeri tapmışdır. Bu, Sizin uğurlu strateji xəttinizin nəticəsidir.
Diqqətinizə görə sağ olun.
X X X
Dövlətimizin başçısı müşavirədə yekun nitqi söylədi.