AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
Bizim imkanlarımız da artır və təbii ehtiyatların səmərəli işlənməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi, neft hasilatının artırılması Azərbaycanda bu sahədə problemlərin həlli üçün çox mühüm vasitədir. Bununla bərabər, biz elektrik enerjisi istehsal edən qurğular da yaradırıq. Bu il ərzində Azərbaycanda müxtəlif bölgələrdə yeni, modul tipli stansiyalar istismara verilir. Artıq Astarada və Şəkidə stansiyalar istismara verilmişdir. Növbəti aylarda, günlərdə Xaçmaz, Bakı və Naxçıvan şəhərlərində də stansiyalar istifadəyə veriləcəkdir. Beləliklə, biz bir il ərzində 500 meqavata qədər əlavə elektrik enerjisi əldə edirik.
Digər layihələr də var. Bilirsiniz ki, Sumqayıt elektrik stansiyası tikilməkdədir. “Şimal-2” elektrik stansiyasının tikintisi üçün lazımi işlər görülür. Bakıda, Səngəçalda 300 meqavat gücündə modul tipli stansiyanın tikintisi nəzərdə tutulur. Eyni zamanda, Mingəçevir elektrik stansiyasında yenidənqurma işləri aparılır. Beləliklə, 2008-ci ilə qədər əlavə 2 min meqavatdan çox enerji istehsal olunacaqdır. Bu, çox böyük irəliləyişdir. Azərbaycanın mövcud enerji potensialının, demək olar ki, 50-60 faizinə bərabərdir. Beləliklə, biz Azərbaycanın elektrik enerjisinə tələbatını tam şəkildə təmin edəcəyik və gələcəkdə ixrac haqqında da fikirləşmək mümkün olacaqdır.
Bununla bərabər, ölkəmizdə qazlaşdırma davam etdirilir. Uzun illər qaz almayan bölgələrə qaz nəqli bərpa olunubdur. Ümumiyyətlə, keçmişdə də qazlaşdırılmayan bölgələrə qaz xətləri çəkilir. Düzdür, bu, çox böyük vəsait tələb edir, çünki bu işlər çox çətin təbii şəraitdə görülür, qaz xətləri çətin relyefli ərazilərdə çəkilir. Ancaq biz bunu etməliyik. Heç vaxt qaz almayan Lerik və Yardımlı rayonlarına da bu il qaz xətləri çəkilmişdir və artıq insanlar qazdan istifadə edirlər.
Naxçıvanda uzun fasilədən sonra, 13 ildən sonra qaz təminatı bərpa olunubdur. Artıq Naxçıvanda fəaliyyətə başlamış 50 meqavat gücündə elektrik stansiyası da qazla işləyir və yaxın günlərdə 90 meqavat gücündə elektrik stansiyasının istifadəyə verilməsi nəticəsində Naxçıvanın elektrik enerjisinə olan bütün tələbatı ödəniləcəkdir.
Əlbəttə ki, biz əhalini qazla da təmin edirik. Bununla belə, bizim daxili imkanlarımız hələ imkan vermir ki, bütün kəndləri tam şəkildə qazla təmin edək. Bildiyiniz kimi, Rusiyadan min kubmetri 110 dollar olmaqla, 4,5 milyard kubmetr qaz alınır və əlbəttə ki, bizim enerji balansımızda bu qazın önəmli yeri var. Ancaq bildiyiniz kimi, Rusiya tərəfi gələn il Azərbaycana veriləcək qazın miqdarını, demək olar ki, üç dəfə azaldır, qiymətini isə iki dəfədən çox artırmaq istəyir. Belə olan halda, əlbəttə, əlavə mənbələr axtarmaq zərurəti yaranır və ilk növbədə, biz daxili resurslara arxalanmalıyıq. Mən, demək olar ki, bir neçə ay bundan əvvəl hadisələrin bu cür inkişafını təxmin edirdim. Çünki vəziyyətin inkişafı bunu göstərirdi. Ona görə 6 ay bundan əvvəl Dövlət Neft Şirkətinə göstəriş verilmişdir ki, bütün əsas səylərini qaz hasilatına yönəltsin, yeni işlər görülsün, kəmərlər tikilsin, qaz yataqlarında qazma işləri sürətləndirilsin. Əminəm ki, bunun nəticəsində gələn il Azərbaycanda hasil ediləcək qazın həcmi kifayət qədər artacaqdır. “Şahdəniz” qaz yatağı, əfsuslar olsun ki, ancaq bu ilin sonunda işə düşəcəkdir. Əgər “Şahdəniz” qaz yatağı keçən il istismara verilsəydi, - biz onu gözləyirdik, - əlbəttə ki, gələn il bu yataqdan daha çox qaz hasil edilə bilərdi.
Bir sözlə, bu məsələ çox böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycan öz daxili tələbatını tam şəkildə ödəməlidir. İlk növbədə, əhali elektrik enerjisi və qazla təmin olunmalıdır. Bununla bərabər, bildiyiniz kimi, noyabrın əvvəlində Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalamışdır. Beləliklə, Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığı yeni formatda davam etdiriləcəkdir. Bu, həm Avropa ölkələri üçün, həm də Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olan hadisədir. Deyə bilərəm ki, tarixi hadisədir.
İndi Avropada qaz nəqlinin şaxələndirilməsi ilə çox məşğuldurlar. Amma şaxələndirmə deyəndə, hamı başa düşür ki, burada ancaq və ancaq Azərbaycan nəzərdə tutulur. Çünki Avropa qaz bazarı üçün Azərbaycandan başqa yeni mənbə yoxdur. Avropaya qaz nəql edilən bütün mənbələr artıq məlumdur. Yeganə yeni mənbə Azərbaycandır. Əlbəttə ki, bu, Azərbaycanın həm siyasi, həm də iqtisadi çəkisini artırır və bizim Avropa İttifaqı ilə inteqrasiya siyasətimizə də önəmli töhfədir.
Bakı-Tbilisi-Ərzurum qaz kəməri yaxın günlərdə işə düşəcək və beləliklə, Azərbaycan qazı başqa ölkələrin bazarına nəql ediləcəkdir.
Bildiyiniz kimi, Azərbaycanda “Azəristiliktəchizat” Səhmdar Cəmiyyəti yaranmışdır. Biz bunu ona görə yaratdıq ki, Azərbaycanda bütün istilik sistemini yenidən quraq və insanları, əhalini istiliklə təmin edək. Bununla bərabər, elektrik enerjisinə qənaəti də təmin edək. Bu sahədə işlər görülür, vəsait ayrılmışdır, yeni qazanxanalar tikilir.
Bütövlükdə, biz bu məsələlərə kompleks şəkildə baxmalıyıq. Bizim energetika sahəsində uzunmüddətli strategiyamız var, təsdiq edilibdir, ancaq gündəlik həyatda ortaya çıxan məsələlərə də operativ şəkildə baxmalıyıq.
Sayğaclaşdırma prosesi gedir, biz bunu sürətləndirmişik. Əminəm ki, sayğaclar tam quraşdırılandan sonra həm əhali rahat yaşayacaq, biləcək ki, nəyin pulunu ödəyir, həm də təşkilatlar - “Azəriqaz”, “Azərenerji”, “Bakıelektrikşəbəkə”, “Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətləri daha da səmərəli işləyəcəklər.
Yeri gəlmişkən, onu da demək istəyirəm ki, “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətləri yaradıldı, daha doğrusu, onların fəaliyyəti bərpa olundu. Bu yaxınlarda mənim qərarımla, sərəncamımla şirkətlərin qarşısında duran problemlərin təcili həlli üçün 15 milyon manat məbləğində vəsait ayrılmışdır. Mənə göstərilən fotoşəkillər, verilən məlumatlar məni çox məyus etdi. Çünki uzun illər ərzində “Barmek” şirkəti tərəfindən aparılan işlərin heç bir müsbət nəticəsi olmamışdır, heç bir əsaslı vəsait qoyulmamışdır, investisiyalar qoyulmamışdır. “Barmek” üzərinə götürmüş öhdəliklərini yerinə yetirməmişdir və nəticədə bizim paylayıcı sistemimiz çox yararsız vəziyyətə düşmüşdür. Sözün düzü, mən o şəkillərə çox böyük ürək ağrısı ilə baxırdım. Ona görə yeni yaradılmış şəbəkələr qarşısında təcili vəzifə qoyuldu ki, biz qısa müddət ərzində vəziyyətdən çıxış yolunu tapmalıyıq. Yeri gəlmişkən, əhalini də o şəkillərlə tanış etmək lazımdır ki, bəzi keçmiş məmurlar tərəfindən dəstəklənən “Barmek” şirkəti Azərbaycanda Bakı və Sumqayıt elektrik şəbəkələrini hansı vəziyyətə salıbdır.
Əlbəttə, bizim energetika sahəsindəki bütün işlərimiz Dövlət Neft Şirkətinin fəaliyyəti ilə bağlıdır. Çünki Neft Şirkəti həm nefti, həm də qazı hasil edir və beləliklə, Azərbaycanın bütün energetika sistemini təmin edir. Baxmayaraq ki, nə “Azəriqaz”, nə də “Azərenerji” Dövlət Neft Şirkətinin pulunu ödəmir. Buna baxmayaraq, Neft Şirkəti öz səylərini davam etdirir və bu, belə də olmalıdır. Çünki neft-qaz, Azərbaycanın milli sərvətləri Azərbaycan xalqına xidmət etməlidir. Biz, ilk növbədə, əhalini elektrik enerjisi və qazla təmin etməliyik və əlbəttə, ölkənin hərtərəfli inkişafı üçün ixrac etməliyik. Beləliklə, bu gün biz bütün bu məsələlərə baxacağıq. Bir daha demək istəyirəm ki, qlobal məsələlərlə bərabər, biz gündəlik məsələləri də həll etməliyik.
Qlobal məsələlərə gəldikdə, Azərbaycanın bütövlükdə energetika sahəsindəki fəaliyyəti çox uğurludur, çox önəmlidir və ölkəmizin gələcəyi üçün əsas şərtdir.
Bizim bu sahədəki fəaliyyətimiz təkcə Azərbaycana yox, bütün bölgəyə təsir edir. Bölgənin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Bu, reallıqdır. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməyə başlayır. Bu, böyük və strateji nailiyyətdir. Nəyin nəticəsində?! Azərbaycanda 1994-cü ildə ulu öndər Heydər Əliyevin başladığı və uğurla icra edilən neft strategiyasının həyata keçirilməsi nəticəsində. Təsəvvür edək, əgər 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, indi bizi nələr gözləyə bilərdi və bu gün Azərbaycan hansı vəziyyətə düşə bilərdi. Çünki bu gün enerji mövzusu dünya siyasətində birinci yerə çıxıbdır. Heç vaxt tarixdə belə hallar olmamışdır. Bu gün Avropada və dünyada bir nömrəli siyasi məsələ ölkələrin enerji təhlükəsizliyidir. Əgər Azərbaycanın uğurlu siyasəti olmasaydı, ardıcıl, məqsədyönlü tədbirlər görülməsəydi, ağır şəraitdə, 1990-cı illərin ortalarında ağır geosiyasi vəziyyətdə, təzyiqlərlə, hədə-qorxularla üzləşərək, Heydər Əliyev tərəfindən cəsarətli siyasət aparılmasaydı, bu gün Azərbaycanın durumunu təsəvvür etmək çətin olardı.
Bizim zəngin təbii ehtiyatlarımız var, amma suyun dibindədir. Onları çıxarmaq, nəql etmək, neft-qaz kəmərlərini tikmək, onları dünya bazarlarına çıxarmaq tarixi nailiyyətdir. Azərbaycan tarixində buna bərabər nailiyyət olmamışdır və bəlkə də olmayacaqdır. O illərdə bunu dərk etməyən bəzi insanlar indi dərk edirlər. Ona görə Azərbaycan, ilk növbədə, özünü təmin edir, digər tərəfdən, başqa ölkələr üçün əvəzolunmaz ölkəyə, əvəzolunmaz tərəfdaşa çevrilir. Bu, bizim ümumi siyasətimiz üçün, ölkə qarşısında duran qlobal, ciddi məsələlərin həlli üçün də öz rolunu oynayır.
Ancaq bununla bərabər, gündəlik məsələlər də var. Biz bunlarla məşğul olmalıyıq və bugünkü müşavirədə bu məsələlər ətrafında danışacağıq.
X X X
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV paytaxtın qış mövsümünə hazırlığı barədə Prezident İlham Əliyevə məlumat verdi:
- Bakı şəhərinin 2006-2007-ci illərin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar bu ilin may ayından müvafiq kommunal təsərrüfat idarələrinə, rayon icra hakimiyyətlərinə konkret tapşırıqlar verilmiş və bu işlər mütəmadi nəzarətə götürülmüşdür. Görülmüş işlər nəticəsində bu il 105,7 kilometr uzunluğunda yol əsaslı təmir edilmiş, 249 min 460 kvadratmetr məhəllədaxili yol və səkilər, 149 min kvadratmetr dam örtüyü təmir edilmiş, ümumi istifadə yerlərində 4067 ədəd qapı, 4561 ədəd pəncərə yenisi ilə əvəz edilmiş, 15 min kvadratmetr şüşə salınmış, yararsız vəziyyətdə olan 809 kvadratmetr keçid meydançası, 2560 kvadratmetr pilləkən qəfəsi, 350 kvadratmetr eyvan, 966 metr binadaxili istilik, 3650 metr su xətləri və 2051 metr kanalizasiya xətləri təmir edilmişdir. Bu il 246 binanın zirzəmisindən keçən mühəndis-kommunikasiya xətləri təmir edilmiş, 175 binanın zirzəmisi tam quru vəziyyətə gətirilmiş, su nasosları quraşdırılmış və yeraltı qurunt suları səyyar nasoslar vasitəsilə kənarlaşdırılmışdır.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar Bakı şəhərində ilk dəfə olaraq, xüsusi sahə - qış qarajı yaradılmışdır. Həmin qaraj 138 ədəd qarkürüyən, təmizləyən, qaryükləyən, qumsəpən maşın və mexanizmlərlə yanaşı, 37 ədəd yeni maşın və mexanizmlərlə təmin edilmiş, 1000 kubmetr qum tədarük edilmişdir. Payız-qış mövsümü ilə əlaqədar Bakı Şəhəri İcra Hakimiyyəti “Azəristiliktəchizat” Açıq Tipli Səhmdar Cəmiyyəti ilə birlikdə bütün istilik təchizatı obyektlərinin, o cümlədən yaşayış binalarının, məktəb və bağçaların, səhiyyə ocaqlarının tam inventarizasiyasını aparmış və istilik təchizatının real vəziyyəti araşdırılmışdır.
Payız-qış mövsümünə hazırlıq məqsədi ilə şəhərdə qazın bərabər paylanmasını təmin etmək üçün müəyyən işlər görülüb və bu sahədə Bakı Şəhəri İcra Hakimiyyəti Bakı Şəhəri Baş İstehsalat Qaz İdarəsi ilə bir yerdə mütəmadi işləyir. Şəhərin elektrik təchizatını yaxşılaşdırmaq və ifrat yüklənmiş mövcud şəbəkələrin işlərini normal vəziyyətə salmaq üçün “Bakıelektrikşəbəkə” tərəfindən 36 ədəd transformator yeniləri ilə, yəni daha güclüləri ilə əvəz edilmişdir.
Bakı şəhərində su təchizatı və kanalizasiya sistemini yaxşılaşdırmaq məqsədi ilə də müəyyən işlər görülmüşdür. Sizin Bakı Şəhəri İcra Hakimiyyətinə və “Azərsu” Səhmdar Cəmiyyətinə verdiyiniz tapşırığa əsasən, Buzovnada gündəlik gücü 10 min kubmetr olan yeni bioloji təmizləyici qurğu işə başlamışdır.
Bakı Şəhəri İcra Hakimiyyəti paytaxt əhalisi tərəfindən istifadə edilən qaz, elektrik enerjisi və suyun haqqının, digər kommunal xərclərin vaxtında ödənilməsinin təmin edilməsi üçün rayon icra hakimiyyətlərinə, mənzil-kommunal təsərrüfatı birliklərinə və digər aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir.
İLHAM ƏLİYEV: Yadınızdadır, ötən qış mövsümündə çoxlu qar yağmışdı, hava şəraiti çox pisləşmişdi və beləliklə, şəhərdə hərəkət etmək mümkün deyildi. Yollar buz bağlamışdı. Ona görə mən sizə göstəriş verdim ki, kifayət qədər yeni texnika alın, əgər belə bir hal təkrarlanarsa, biz buna hazır olaq. Eyni zamanda, bu yaxınlarda Bakıya yağan leysan yağışları şəhəri, demək olar ki, müəyyən müddət ərzində iflic vəziyyətinə salmışdı. Düzdür, belə yağışları heç kim gözləmirdi. Amma bununla bərabər, hazır olmaq lazımdır. Siz, şəhər icra hakimiyyəti və “Azərsu” birinci hadisədən sonra hazırlıq işləri gördünüz. İkinci dəfə leysan yağışı yağanda, artıq onun nəticələrini tezliklə aradan qaldırdınız. Yəni bu hadisələrə də hazır olmaq lazımdır. Çünki bunlar baş verir və adətən, qışda soyuq olur. Ona görə, bu, gözlənilməz olmamalıdır, bütün texnika səfərbər edilməli və tezliklə bütün problemlər aradan qaldırılmalıdır.
İndi Bakıda ümumiyyətlə, yol hərəkəti çox çətinləşib və tıxaclar insanları çox incidir. Bildiyiniz kimi, bu məqsədlə 9 yerdə yeni yolötürücü və körpülər tikilir. Yəni əgər hava şəraiti pisləşsə və qar yağsa, yaxud, hava şəraiti gərginləşsə, biz buna hazır olmalıyıq. Siz bunu nəzərə alın.
İstilik məsələləri çox vacibdir. Amma buna bilavasitə “Azəristiliktəchizat” Səhmdar Cəmiyyəti cavab verir. Siz bununla da, eyni zamanda, şəhər təsərrüfatının möhkəmləndirilməsi ilə məşğul olun.
X X X
“Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti ETİBAR PİRVERDİYEV ilin ötən on ayının texniki-iqtisadi göstəriciləri kontekstində qış aylarında əhalinin elektrik enerjisi ilə fasiləsiz təchizatı üçün həyata keçirilən tədbirlərdən danışdı:
- 2006-cı ilin on ayı ərzində 19,3 milyard kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur ki, bu da keçən illə müqayisədə 6,9 faiz və yaxud 1,3 milyard kilovat-saat çoxdur. Hasilatda istilik elektrik stansiyalarının payı 89 faiz, su elektrik stansiyalarının payı isə 11 faiz olmuşdur. On ay ərzində istehlak 19,9 milyard kilovat-saat və ya keçən illə müqayisədə 5,5 faiz çox olmuşdur. Energetika sisteminin ən mühüm göstəricilərindən biri – elektrik enerjisinin hər kilovat-saatının istehsalına şərti yanacaq sərfi 2006-cı ildə 369,2 qramdır. 2005-ci ilin on ayında isə bu rəqəm 381 qram olmuşdur. Hər kilovat-saat üçün azalma təxminən 12 qram təşkil etmişdir. Bunu natural mazut yanacağına çevirdikdə, on ayda 100 min tondan çox soba mazutu deməkdir. Yanacaqda qazın payı 76 faiz olmuşdur.
Cənab Prezident, elektrik enerjisi haqlarının yığımı ilə bağlı Sizin göstərişinizlə əlaqədar biz bu işlərlə məşğuluq. Rayonlarda, yəni “Azərenerji”nin birbaşa rəhbərlik etdiyi paylayıcı şəbəkələrdə noyabr ayında ümumi yığım 69 faizə çatmışdır. Keçən ayda da bu rəqəm 60 faizdən yuxarı olmuşdur. Yəni ümumi rəqəm 60-70 faiz arasındadır. Düşünürük ki, bu göstəricini daha da qaldırmalıyıq. Bu nəticələri əldə etmək üçün, Sizin göstərişinizlə sayğaclaşdırma işlərinə başladıq. Rayonlarda sayğaclaşdırma aparılmasının böyük təsiri olmuşdur. Ümumiyyətlə, həmin rayonlarda əhali abonentlərin sayı 810 mindir. Müqayisə üçün deyim ki, 2000-ci ildə bu rəqəm 600 min idi. Təkcə bu bir ildə artım təxminən 70 mindən çox olmuşdur. Biz düşünürük ki, sayğaclaşdırma tam həyata keçirilərsə, əhali abonentlərin sayı, ola bilsin, 900 minə çatacaqdır. Çünki sayğaclaşdırma artdıqca, inventarlaşdırma aparıldıqca, yeni abonentlərin sayı çoxalır.
Sayğaclaşdırmanı 65 faizə çatdırmışıq. Düşünürük ki, bu ay ərzində də bütün qüvvələri səfərbər edərək, bu rəqəmi daha da artırmalıyıq. Ümumiyyətlə, dörd aydır biz bu işləri görməyə başlamışıq, hər ayda təxminən 90 min sayğac qoyulmuşdur. Günə orta hesabla 3 min sayğac düşür. Sırf sayğaclaşdırma işlərində 1100-dən çox insan çalışır, yəni bunlar hamısı yeni iş yerləridir. Bundan başqa, rayonlarda şəbəkələr də bununla məşğuldur və 200-ə qədər texnika bu işə kömək göstərir.
Bu il yeni generasiya güclərinin istifadəyə verilməsi ilə bağlı layihələrdən danışmaq istərdim. 2006-cı ilin yanvar ayında Azərbaycan İstilik Elektrik Stansiyasında 5-ci enerji blokunun yenidən qurulması nəticəsində blokun gücü 170 meqavatdan 330 meqavata çatdırılmış, beləliklə, 160 meqavat yeni əlavə güc əldə edilmişdir. Bundan başqa, həmin blokda 1 kilovat-saat elektrik enerjisi hasilatına yanacaq sərfi üçün 401 qramdan 320 qrama salınmışdır. Baxmayaraq ki, 5-ci blok yanvar ayından istismardadır, ancaq gücünü itirməyib, – adətən, müəyyən bir müddətdən sonra blokda güc aşağı düşür, – yəni 325-330 meqavat gücündə işləyir.
Cənab Prezident, 2006-cı il fevralın 3-də ümumi gücü 87 meqavat olan Astara elektrik stansiyası Sizin tərəfinizdən ümumi energetika sisteminə qoşuldu, 2006-cı ilin iyun ayında Naxçıvanda gücü 50 meqavat olan qaz-turbin elektrik stansiyası artıq dizel yanacağından qaz yanacağına keçirilmişdir və hazırda işləyir. Bu il oktyabrın 14-də 87 meqavat gücündə olan Şəki elektrik stansiyası Sizin tərəfinizdən işə salındı. 87 meqavat gücündə Xaçmaz elektrik stansiyasında tikinti-quraşdırma işləri, demək olar, başa çatdırılmışdır. Hazırda orada sazlama işləri gedir. Eyni zamanda, düşünürük ki, 2006-cı ilin dekabr ayında Naxçıvan elektrik stansiyasında işlər tam başa çatdırılacaq, 2007-ci ilin yanvar ayında Bakıda 104 meqavat gücündə yeni elektrik stansiyasını istifadəyə verə biləcəyik.
Möhtərəm cənab Prezident, ölkəmizin energetika sisteminə göstərdiyiniz qayğıya görə bütün energetiklər adından Sizə minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, qarşımızda qoyduğunuz vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bundan sonra da var qüvvəmizlə çalışacağıq.
“Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri ƏLİXAN MƏLİKOV ölkənin qaz təsərrüfatının təkmilləşdirilməsi məqsədi ilə qəbul olunan qərarların və dövlət proqramlarının bu vacib xidmət sahəsində ciddi dönüş yaranmasına imkanlar açdığını faktlarla diqqətə çatdırdı:
-Möhtərəm Prezident, Sizin tərəfinizdən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının, yanacaq və energetika kompleksinin inkişafı Dövlət proqramının icrası ilə əlaqədar bütün rayonların qaz təminatı sahəsində işlər mərhələlərlə həyata keçirilir. 2006-cı ilin on ayı ərzində 220 kilometr müxtəlif ölçülü qaz kəmərləri tikilərək istifadəyə verilmiş, 20 kilometr qaz kəməri təmir edilmişdir. Görülmüş əsaslı tikinti və təmir-bərpa işləri nəticəsində əhali abonentlərin sayı 30 min artmışdır.
Sizin tərəfinizdən verilən tapşırığa əsasən, respublikanın qaz almayan rayonlarının təchizatının bərpası istiqamətində işlər davam etdirilir. Lerik və Yardımlı rayonlarının qazlaşdırılması işlərinə 2005-ci ilin dekabr ayından başlanmış və bu ilin oktyabr ayında həmin rayon mərkəzlərinə təbii qaz çatdırılmışdır. Hələ keçmiş Sovet İttifaqı zamanında da mavi yanacaqla təmin edilməyən, ölkənin ən ucqar bölgələri sayılan Lerik və Yardımlı rayonları artıq qazlaşdırılmışdır. 2006-cı ilin on ayında Naxçıvan Muxtar Respublikasında qaz təchizatının bərpasının 2-ci mərhələsi üzrə işlər davam etdirilir və ilin sonuna kimi başa çatdırılacaqdır. Ağcabədi və Beyləqan rayonlarının qaz təminatının bərpası 2007-2008-ci illərdə həyata keçiriləcəkdir.
2006-cı ildə yeraltı qaz anbarlarına 1 milyard 27 milyon kubmetr qaz vurulmuşdur. Keçən mövsümdən qalan 200 milyon kubmetrlə bilrlikdə, indi anbarlarda 1 milyard 227 milyon kubmetr qaz vardır. Bu da qış mövsümündə qaz çatışmazlığı probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcəkdir.
Möhtərəm cənab Prezident, Sizin müvafiq Sərəncamınıza uyğun olaraq, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər proqramına əsasən, ətraf qəsəbələrin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 75 obyektdə, o cümlədən büdcə vəsaiti hesabına 28 obyektdə tikinti-təmir işlərinə başlanılmışdır. Bu işlər 2006-cı ilin sonuna kimi başa çatdırılacaqdır.
Möhtərəm Prezident, Sizin “Azəriqaz” qarşısında qoyduğunuz ən vacib tapşırıqlardan biri də istehlak edilmiş təbii qazın dəyərinin tam ödənilməsidir. Son aylar yerli icra hakimiyyəti orqanları və “Azəriqaz” Səhmdar Cəmiyyəti tərəfindən görülmüş ciddi tədbirlər nəticəsində oktyabr ayının yekunlarına görə, əhali tərəfindən istifadə edilmiş təbii qazın haqqının ödənişi respublika üzrə 61 faiz, Bakı şəhəri üzrə isə 73,3 faiz olmuşdur. 2006-cı ilin yanvar ayında bu göstərici respublika üzrə 16 faiz, Bakı şəhəri üzrə isə 14 faiz idi.
Möhtərəm cənab Prezident, Sizin müvafiq tapşırığınıza uyğun olaraq, respublikada məişət qaz sayğaclarının quraşdırılması daha da sürətləndirilib və hazırda abonentlərin 74 faizi sayğacla təmin olunmuşdur. Sayğacların quraşdırılmasının tez bir zamanda başa çatdırılması üçün ciddi tədbirlər görülür.
Göründüyü kimi, respublikanın qaz təchizatında ölkə rəhbərliyinin tapşırıqları əsasında xeyli işlər həyata keçirilir. Bu işlərin həm əhatə dairəsi, həm də həcmi onu göstərir ki, ölkə iqtisadiyyatının və əhalinin qaz təminatında ildən-ilə müsbət irəliləyişlər əldə olunur.
“Azəristiliktəchizat” Səhmdar Cəmiyyətinin sədri YAŞAR HƏSƏNOV qurumun yarandığı az vaxt ərzində yaşayış binalarının və təsərrüfat subyektlərinin qış aylarında istiliklə təminatı baxımından xeyli iş görüldüyünü bildirdi:
-İstilik mövsümünə hazırlıqla əlaqədar bütün istilik təchizatı obyektləri, yaşayış binaları, məktəb və bağçalar, səhiyyə obyektləri inventarizasiya edilmiş və görüləcək işlərin cədvəli hazırlanmışdır. Buna uyğun olaraq, 15 qazanxana əsaslı şəkildə təmir edilmiş, 96 ədəd qazan mexaniki və kimyəvi üsulla təmizlənmiş, qazanxanalarda və istilik məntəqələrində 182 nəzarət-ölçü cihazı, 381 nasos avadanlığı, 190 elektrik mühərriki əsaslı təmir edilmiş, 35 nasos, 229 siyirtmə yenisi ilə əvəzlənmiş, istilik obyektlərinin dam örtüyü əsaslı təmir edilmiş, 32 min poqonmetr istilik xətti yeniləşdirilmişdir. İşləməsi nəzərdə tutulan 118 qazanxana, 130 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası tam işçi vəziyyətə gətirilmişdir.
2006-2007-ci illər istilik mövsümü Bakı şəhərində noyabrın 15-dən, dağ rayonlarında noyabrın 1-dən, aran rayonlarında isə noyabrın 15-dən başlanmışdır. Mövsümə hazırlığın ən fərqli cəhətlərindən biri geniş miqyasda yeni müasir tipli istilik təchizatlı obyektlərin tikilməsi, qazanxanaların və istilik məntəqələrinin modernləşdirilməsi və yenidən qurulmasıdır. İnvestisiya proqramına əsasən, Bakı şəhərində 11 yeni qazanxananın tikintisi başa çatdırılmışdır. Onların yaxın bir neçə gün ərzində işə salınması üçün zəruri tədbirlər görülür. Bu il tikilmiş 4 qazanxana artıq işə salınmışdır.
Ən vacib məsələlərdən biri də qazanxanaların qaz təchizatının yaxşılaşdırılması ilə bağlı idi. “Azəriqaz”dan alınmış texniki şərtlərə əsasən, bu il 17 min 179 poqonmetr yeni qaz xətti çəkilmişdir ki, qazanxanalarda istilik rejimini tam bərpa etmək mümkün olsun.
Hörmətli cənab Prezident, Sizin Bakı şəhərində və ətraf qəsəbələrdə bütün məktəblərin və digər sosial obyektlərin istiliklə təmin edilməsi ilə bağlı göstərişinizlə əlaqədar xüsusi hazırlanmış və şərti olaraq “Məktəb” adlanan proqrama əsasən, Bakı şəhərində şəhərətrafı qəsəbələrdə yerləşən bütün məktəblərin və bağçaların istiliklə təchiz edilməsi üçün tədbirlər görülür. Tədbirlər planına əsasən, Bakı şəhərinin istiliklə təmin edilməyən 44 məktəbinin daxili sistemləri əsaslı təmir olunaraq, artıq bu mövsümdə istilik sisteminə qoşulmuşdur. 36 məktəbin daxili istilik sistemlərinin təmiri ilə yanaşı, yeni istilik mənbələrinin yaradılması, yəni onlar üçün ayrıca qazanxanaların tikilməsi, yenidən qurulması və modernləşdirilməsi layihələri icra edilməkdədir.
Azərbaycanda ilk dəfə olaraq, konteyner tipli qazanxana hazırlamış və sınaqdan keçirmişik. Hesab edirəm ki, Azərbaycanın rayonlarında məktəblərdə, xəstəxanalarda bundan çox geniş istifadə etmək mümkündür.
İLHAM ƏLİYEV: Bu, yeni sistemdir?!
YAŞAR HƏSƏNOV: Tam yeni sistemdir.
İLHAM ƏLİYEV: Əvvəllər bizdə yox idi?
YAŞAR HƏSƏNOV: Yox idi.
İLHAM ƏLİYEV: Təmir olunanlar köhnə qazanxanalardır?
YAŞAR HƏSƏNOV: Bəzilərini modernləşdiririk. İndi biz rayon istilik qazanxanalarını dayandırmaq üçün onların xətlərində olan istilik məntəqələrini tədricən yeni, müasir tipli qazanxanalara çeviririk. Məsələn, onlardan biri bu gün Əhmədlidə 2942-ci “D” məhəlləsində artıq istifadəyə verilməyə hazırlanır.
İLHAM ƏLİYEV: Biz sizinlə Suraxanı rayonunda istilik qazanxanasına getmişdik.
HACIBALA ABUTALIBOV: Bəli, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki 9 nömrəli qazanxanadır. İndi işləyir, amma oradan ayrı-ayrı istilik məntəqələrinə xətlər gedir. Hər bir məhəllənin özünün istilik məntəqəsi var. İndi qazanxanadakı ümumi istilik blokları dayandırılır və Sizin göstərişiniz əsasında hər bir istilik məntəqəsi müasir tipli qazanxanaya çevrilir. Bundan sonra böyük qazanxanaya ehtiyac qalmır.
İLHAM ƏLİYEV: Ləğv olunur.
HACIBALA ABUTALIBOV: Bəli, demək olar ki, böyük qənaət olunur. Belə olmasa, istiliyin 30 faizi itər.
İLHAM ƏLİYEV: Onun əhəmiyyəti yoxdur, itkilər çoxdur.
HACIBALA ABUTALIBOV: O, tamamilə dayandırılacaqdır.
İLHAM ƏLİYEV: Yəni belə məqsəd qoyulmuşdu ki, onun yerinə yeni müasir sistem tətbiq edilsin. Ondan sonra qazanxana ləğv olunsun.
HACIBALA ABUTALIBOV: Bəli. Sizin göstərişiniz əsasında bu işlər davam edir və bu il biri tam işə düşəcəkdir.
İLHAM ƏLİYEV: Biz bunu nə vaxt tam şəkildə yeniləşdirməyə nail olacağıq?
HACIBALA ABUTALIBOV: Demək olar, Bakı şəhəri üzrə gələn il.
YAŞAR HƏSƏNOV: Bütün istilik qazanxanalarını?
İLHAM ƏLİYEV: Bəli, bütün.
YAŞAR HƏSƏNOV: 2008-ci ildə tam başa çatdırmaq mümkündür.
İLHAM ƏLİYEV: Ondan gec olmamalıdır.
HACIBALA ABUTALIBOV: Bu, həm də əhalinin normal istilik almasına böyük təsir göstərəcəkdir.
YAŞAR HƏSƏNOV: Cənab Prezident, təbii olaraq, problemlər də az deyildir. Xüsusilə regionlarda qazanxana və istilik şəbəkəsi avadanlığının həddən artıq köhnəlməsi, uzun müddət istilik almayan binalarda daxili istilik sistemlərinin tam yararsız halda olması kimi və istilik təchizatı sisteminin xüsusiyyətlərindən irəli gələn digər problemlər mövcuddur. Əsas problem binadaxili sistemin əhali tərəfindən sıradan çıxarılmasıdır. Mən istəyirəm Sizə məlumat verim ki, son bir ildə, “Azəristiliktəchizat” yaranandan sonra binadaxili istilik sisteminin dağıdılması prosesi dayanıbdır.
İLHAM ƏLİYEV: Yəni əhali artıq görür ki, istilik verilməsi bərpa olunur, batareyaları da kəsmirlər.
Hansısa hesablamalar aparılıbmı ki, baxaq görək, biz istilik sistemini tam şəkildə tətbiq etsək, elektrik enerjisinə nə qədər qənaət olacaq? Təxminən demək olar, amma mən istəyirəm ki, hansısa bir hesablamalar aparılsın və biz bunu dəqiq bilək. Çünki istilik sistemi olandan sonra, batareyalar işləyəndən sonra camaat daha qızdırıcı cihazları qoşmayacaqdır.
HACIBALA ABUTALIBOV: Ümumiyyətlə, elektrik qızdırıcılarına heç ehtiyac qalmayacaqdır.
İLHAM ƏLİYEV: Bəli, ehtiyac olmayacaqdır.
ARTUR RASİZADƏ (Baş nazir): Cənab Prezident, bunu sərf olunan elektrik enerjisi ilə bilmək olar.
İLHAM ƏLİYEV: Ondan bilmək olar?!
HACIBALA ABUTALIBOV: Bir də istilik verilən binalara istilik sayğacları qoyulsa, onda hesablamaları tam apara bilərik.
İLHAM ƏLİYEV: İstilik sayğacları qoyulur?
YAŞAR HƏSƏNOV: Hörmətli cənab Prezident, Xarkovda xüsusi bir zavod var, istilik sayğaclarını ancaq onlar istehsal edirlər. Bu il gətirib eksperiment qaydasında 167 nömrəli məktəbdə qoymuşuq və bunun əsasında hesablamalar aparmaq mümkün olacaqdır.
İLHAM ƏLİYEV: Bir proqram tərtib edin. Necə ki, indi biz qaz, elektrik sayğacları qoyuruq, gərək istilik sayğacları da quraşdıraq.
ETİBAR PİRVERDİYEV: Cənab Prezident, 1990-cı illərin əvvəllərində qazanxanalar, bloklar “Azərenerji”nin balansında idi. O vaxt həmin 17 milyon hektokalori istilik istehsal olunub verilirdi. Bunun da təxminən 50 faizi, 8,5 milyon hektokalorisi əhaliyə verilirdi. 1 kilovat-saat elektrik enerjisi istehsalına bugünkü mazutun sərfini nəzərə alsaq, tutaq ki, indi əhaliyə 8,5 milyon hektokalori istilik verilərsə, bu, 5 milyard kilovat-saat enerji deməkdir.
YAŞAR HƏSƏNOV: Tamamilə doğrudur.
İLHAM ƏLİYEV: 5 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək üçün nə qədər mazut lazımdır?
ETİBAR PİRVERDİYEV: 1,5 milyon ton.
İLHAM ƏLİYEV: Əgər istilik sistemi tam şəkildə bərpa edilsə, 1,5 milyon ton mazuta qənaət edəcəyik.
YAŞAR HƏSƏNOV: Bəli.
İLHAM ƏLİYEV: 1 milyon 500 ton mazut indiki qiymətlə 350 milyon dollardır, bəlkə də bundan da çoxdur.
YAŞAR HƏSƏNOV: 420 milyon.
İLHAM ƏLİYEV: 420 milyon dollar. İstilik sisteminin bərpası üçün nə qədər vəsait lazımdır? Yəni, necə deyərlər, hər yerdə yüz faiz təmin etmək üçün. Bunu hesablamısınız?
YAŞAR HƏSƏNOV: Mən hesablamışam.
İLHAM ƏLİYEV: Nə qədərdir?
YAŞAR HƏSƏNOV: 167 milyon manat.
İLHAM ƏLİYEV: Əgər biz 167 milyon manat vəsait qoysaq, bir ildə neçə milyon dollar qənaət edərik. Yəni gəlir əldə edərik. 167 milyonu çıxsaq, təmiz gəlir 250 milyon dollardan çox olur. Biz bunu etməliyik. Ona görə, mən o vaxt “Azəristiliktəchizat”ı yaradanda demişəm ki, hesablayın, vəsait nə qədər lazımdır. Əlbəttə, bunu mərhələ-mərhələ etməliyik. Çünki vəsaitin hamısını təmin etsək də, bu iş bir ildə mümkün deyildir. Amma heç olmasa, 2007-2008-ci illərdə yüz faiz təmin edilməlidir. Siz indi proqram tutmusunuz, vəsaitə gəldikdə isə, mənbələr axtaraq və buna ciddi şəkildə yanaşaq. Bu, həm insanlara rahatlıq verəcək, hər bir evdə istilik olacaq, həm də biz bundan nə qədər iqtisadi mənfəət götürəcəyik. Ona görə, qısa müddət ərzində konkret təklif hazırlayın.
“Azərsu” Səhmdar Cəmiyyətinin sədri NİZAMƏDDİN RZAYEV əhalinin su təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş proqramların həyata keçirilməsinin səmərəli nəticələri və qarşıya çıxan bəzi problemlər barədə danışdı:
-Möhtərəm cənab Prezident, 2006-cı ilin on bir ayında istehlakçılara 455 milyon kubmetr həcmində su verilmiş və 293 milyon kubmetr həcmində tullantı sularının axıdılması üzrə xidmət göstərilmişdir. Su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün Sizin dəstəyinizlə 42,7 milyon manat məbləğində əsaslı tikinti və yenidənqurma işləri görülmüşdür. Bunun da 39 milyon manatı büdcə vəsaiti hesabına olmuşdur.
Bakıda və respublikanın digər şəhərləri və rayon mərkəzlərində müxtəlif diametrli 237,7 kilometr su, 112,3 kilometr kanalizasiya xətləri çəkilmişdir. Ümumi həcmi 9850 kubmetr olan 15 su anbarı tikilmiş və ümumi həcmi 82750 kubmetr olan 13 su anbarı yenidən qurulmuşdur. Su təchizatını yaxşılaşdırmaq məqsədi ilə 12 suqəbuledici qurğu, 7 yeni su nasos stansiyası və 3 yeni kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilmişdir. Sizin müvafiq Sərəncamınızla Balakən, Zaqatala, Qax, Şəki və digər rayonlarda 54 ədəd artezian və subartezian quyusu qazılıb istifadəyə verilmişdir.
Buzovna qəsəbəsində gücü 10 min kubmetr olan bioloji təmizləyici qurğular kompleksi tikilərək istifadəyə verilmişdir. Bundan əlavə, 7,6 milyon manatlıq, o cümlədən dövlət büdcəsi hesabına 2,5 milyon manatlıq təmir-bərpa işləri yerinə yetirilmişdir. 149,2 kilometr su, 14,4 kilometr kanalizasiya xətləri, 592 ədəd elektrik mühərriki və 502 ədəd su nasosu əsaslı təmir olunmuş, 114 ədəd elektrik mühərriki və 70 ədəd su nasosu yenisi ilə əvəz olunmuşdur. 19 kilometr elektrik kabeli dəyişdirilmiş, 536 artezian və subartezian quyusu təmir olunmuş və 9 subartezian quyusunun nasosları yeniləri ilə əvəz edilmişdir.
Baş sutəmizləyici qurğularda mövsümə hazırlıqla bağlı müvafiq təmir işləri və profilaktik tədbirlər yerinə yetirilmişdir. 229,7 min kubmetr həcmində su anbarları yuyulub təmizlənmiş və zərəsizləşdirilərək istismara verilmişdir. İstehlakçılara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, xidmət haqqının tam şəkildə yığılması və dövlət vergilərinin ödənilməsinin təmin edilməsi, bu sahədə vəziyyətin sağlamlaşdırılması, su sayğaclarının quraşdırılması işinin daha da sürətləndirilməsi, nöqsanların aradan qaldırılması üçün müvafiq komissiyalar və işçi qrupları yaradılmış, tədbirlər planı hazırlanıb həyata keçirilir.
Qarşıda duran vəzifələrin yerinə yetirilməsində operativliyin təmin edilməsi, işçilərin məsuliyyətinin artırılması məqsədi ilə nəzarət mexanizmi gücləndirilmiş, mərkəzi aparatın və tabe təşkilatların məsul işçiləri müəssisə və regionlara təhkim olunmuş, istehlakçılar arasında aparılan təbliğat-təşviqat işləri genişləndirilmişdir. Görülən tədbirlər nəticəsində istehlakçılara xidmət haqqının yığım səviyyəsi aybaay artırılaraq, noyabr ayında 76 faizə çatdırılmışdır.
“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin sədri BABA RZAYEV “Barmek” şirkətinin götürdüyü öhdəliklərin yerinə yetirməməsi nəticəsində paytaxtın energetika sistemində yaranmış problemlər və onların aradan qaldırılması üçün görülən tədbirlərdən danışdı:
-İqtisadiyyatımızın hər bir sahəsində olduğu kimi, elektroenergetika sektorunda da zaman-zaman islahatlar aparılmışdır. “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyəti ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 14 iyun tarixli Sərəncamı ilə yaradılmışdır. Daxili imkanların məhdud olması səbəbindən, Səhmdar Cəmiyyətin əlverişli şərtlərlə uzunmüddətli idarəetməyə verilməsi qərara alınmışdır. İdarəetməyə verilməkdə məqsəd yeni texnologiyaların tətbiqi ilə şəbəkəni modernləşdirmək, paytaxtın elektrik təchizatında əsaslı dönüş yaratmaq idi. Məhz bu məqsədlə keçirilən müsabiqənin qalibi olmuş “Barmek” şirkəti 2002-ci ilin yanvarından fəaliyyətə başlamışdır. Bağlanmış müqaviləyə əsasən, “Barmek” şirkəti “Bakıelektrikşəbəkə”yə yeni texnologiyanın gətirilməsini, onun balansında olan 150-dək yüksəkgərginlikli yardımçı stansiyanın və xətlərin modernləşdirilməsini, qəza vəziyyətində olan 1600-dək ikitransformatorlu 10 kilovoltluq yardımçı stansiyanın, uzunluğu 8 min kilometrdən artıq olan orta və alçaq gərginlikli kabel və hava xətlərinin yeniləşdirilməsini, texniki itkilərin azaldılmasını, istehlakçıların yeni, müasir sayğaclarla təmin edilməsini və nəhayət, elektrik enerjisi haqqının yığımının dörd il müddətində 100 faizə çatdırılmasını, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etməli idi. Lakin təəssüflər olsun ki, ötən beş ilə yaxın müddətdə “Barmek” şirkəti öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirə bilməmişdir.
Möhtərəm Prezident, aparılan təhlili araşdırmalar belə deməyə imkan verir ki, “Barmek” beş il müddətində şəbəkəyə yeni texnologiyaların gətirilməsini təmin etməmişdir. Az miqdarda gətirilən elektrik avadanlığı Türkiyənin, Çinin, Rusiyanın 1970-80-ci illər texnologiyaları və materiallarıdır. İstifadə olunan kabel məhsullarının 60-70 faizi vinil izolyasiyalı alüminium kabellərdir ki, bunların istifadəsi hələ 1970-ci illərdə “Bakıelektrikşəbəkə” tərəfindən qadağan edilmişdi.
Şəhərin mərkəzi rayonlarında köhnə borulardan istifadə olunmaqla hava xətləri çəkilmişdir. Yardımçı stansiyaların təmirində heç bir yeni texnologiyadan istifadə edilməmişdir. Bu səbəbdən də “Bakıelektrikşəbəkə”nin bugünkü real vəziyyəti beş il əvvəlkindən daha acınacaqlıdır.
Yeni güclərin qoşulmasında texniki şərtlər düzgün verilmədiyindən, şəhərin mərkəzi hissəsində güc qıtlığı yaranmış, şəhərətrafı qəsəbələrdə, məsələn, Badamdar, Sulutəpə, Masazır, Sabunçu və Binəqədidə yaradılmış şəbəkələr heç bir mühafizə və dayanıqlıq dərəcəsinə malik deyildir. Bu da vaxtaşırı açılmalara və əhalinin haqlı narazılığına səbəb olur.
Möhtərəm Prezident, şəbəkə üzrə aparılan sayğaclaşdırma prosesi ürəkaçan deyildir. Belə ki, şəhərin özündə sayğaclaşdırma 68,4 faiz, şəhərətrafı qəsəbələrdə cəmi 27,2 faiz yerinə yetirilmişdir. Nəzərə alsaq ki, abonentlərin 30 faizə qədəri hələ qeydə alınmayıb, bu faizlərin mənzərəsi bəlli olar.
Bu günə qədər şəbəkə üzrə cəmi 374 min ədəd sayğac quraşdırılmışdır ki, bunlar da Hindistan, Çin istehsalı olan sayğaclardır. Bunlara müdaxilə asan olduğundan, tez-tez mənfi halların baş verməsi müşahidə edilir. İndiyədək alınmış faydalı elektrik enerjisinin 59,4 faizinin əhaliyə, 36 faizinin sənaye müəssisələrinə və digər istehlakçılara, ancaq 44,6 faizinin kommersiya obyektlərinə verildiyi göstərilir. Bunun özü elektrik enerjisinin satışında yaranmış mənfi halların güzgüsüdür. Texniki itkilərə gəldikdə isə, bu gün göstərilən 13-14 faiz itki hesabat xatirinədir. Faktik olaraq, şəbəkədə texniki itkilər daha çoxdur. Çünki itkini azaltmaq üçün heç bir əməli iş görülməmişdir.
Möhtərəm Prezident, qəribəsi odur ki, sadaladığım çatışmazlıqların aradan qaldırılması yolları “Barmek” rəhbərlərinin iri qovluqlarında, yüksək səviyyəli cədvəllər, diaqramlar şəklində hamısı var. Kütləvi informasiya vasitələri üçün isə ancaq qovluqlar açılmış, diaqramlar göstərilmişdir. Məlumat üçün deyim ki, bu gün “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyəti balansında 151 ədəd 110, 35, 220 kilovoltluq yardımçı stansiya, 4500-ə qədər 10 kilovoltluq yardımçı stansiya, 8850 kilometr hava, 8330 kilometr yeraltı kabel xətti olan və 800 minə qədər abonentə xidmət göstərən elektrikpaylayıcı şəbəkədir.
Şəhər elektrik şəbəkəsi vasitəsilə istehlakçılara 2005-ci ildə 7 milyard 895 milyon kilovat-saat elektrik enerjisi verilmişdir. Bu il isə 8 milyard kilovat-saatdan çox elektrik enerjisi veriləcək ki, bu da respublika üzrə ümumi istehsalın 35 faizə qədərini təşkil edir.
Göstərilən aktivlərin 60 faizi öz aşınma dövrünü iki dəfədən artıq başa vurmuşdur. Bunlardan 50 faizdən çoxu qəza rejimində işləyir ki, bu da şəhərin enerji təchizatının dayanıqlığını çətinləşdirir.
Möhtərəm Prezident, sadaladığım çatışmazlıq və çətinliklər bizim kollektivi qorxutmur. Sizin birbaşa nəzarətiniz, qayğınız və dəstəyiniz bizi ruhlandırır. İcazə verin, fürsətdən istifadə edərək, qışın astanasında şəbəkəmizə öz ehtiyat fondunuzdan 12 milyon manat vəsait ayırdığınız üçün kollektivimiz adından Sizə minnətdarlığımı bildirim. Bizə göstərilən bu qayğı kollektivimizdə yüksək əhval-ruhiyyə doğurmuşdur. Kollektivimiz qış mövsümünü qarşılamağa tam hazırdır, artıq qış iş rejiminə keçmişdir. Respublikamızın inkişaf sürətinə uyğun olaraq, mümkün yeniliklərin bizim sahəmizdə də tətbiq edilməsi üçün öhdəmizə düşən bütün işləri yerinə yetirəcəyik.
Bizə göstərdiyiniz qayğıya görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Səylərimizi cəmləşdirərək, qış mövsümü ilə bağlı şəbəkə üzrə bütün işləri keyfiyyətlə icra edəcək və paytaxtın elektrik şəbəkəsinin yaxın illərdə yüksək səviyyədə modernləşməsinə nail olacağıq.
X X X
Dövlətimizin başçısı müşavirəyə yekun vurdu.