RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri
İsveçrə Prezidenti Ueli Maurer ilə görüş
Davos, 24 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin önəmi vurğulandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident Ueli Maurer son illərdə Azərbaycanın qazandığı yüksək iqtisadi nailiyyətlərə görə Prezident İlham Əliyevi təbrik etdi.