RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN KOREYA RESPUBLİKASINA DÖVLƏT SƏFƏRİ
SEULDA NƏQLİYYATIN HƏRƏKƏTİNİN İDARƏ EDİLMƏSİNİN İNTELLEKTUAL SİSTEMİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasına dövlət səfərinin ikinci günü - aprelin 24-də Seulun Nəqliyyat Əməliyyatları və İnformasiya Xidmətində (TOPİS) olmuşdur.
Paytaxtın vitse-meri Kim Hyun Kvon 12 milyon əhalisi olan Seulda nəqliyyatın idarə edilməsi üçün yaradılmış bu sistem barədə
dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, şəhər nəqliyyatının intellektual idarəetmə sistemi olan TOPİS Seulda nəqliyyatın hərəkətinin idarə olunması, o cümlədən ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi, gur saatlarda əlavə avtobusların cəlb edilməsi, tıxaclar yarandığı zaman müvafiq göstərişlərin verilməsi və alternativ yolların seçilməsi funksiyalarını yerinə yetirir. Həmçinin bu mərkəz vasitəsilə küçələrdə qanunsuz dayanmış avtomobillərin oradan aparılması təcili təmin olunur, baş verən qəzaların qeydə alınması və araşdırılması ilə bağlı məlumat toplanır.
Prezident İlham Əliyev bu intellektual idarəetmə sistemi ilə yaxından tanış oldu.
Dövlətimizin başçısı fəxri qonaqlar kitabını imzaladı, xatirə şəkli çəkdirdi.
Bakı şəhərində də analoji mərkəzin yaradılması nəzərdə tutulur və bu barədə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə Cənubi Koreyanın Tikinti və Nəqliyyat Nazirliyi arasında aprelin 23-də Seulda Anlaşma memorandumu imzalanmışdır. İlkin hesablamalara görə, dəyəri 50-55 milyon ABŞ dolları olan layihənin icrasına bu ilin ikinci yarısında başlamaq və 2009-cu ildə başa çatdırmaq nəzərdə tutulur. Bakı şəhərində hərəkətin tənzimlənməsi və idarə olunması üçün bütün məlumatlar bu mərkəzdə toplanacaq və internet, mobil telefon, televiziya kanalı və radio dalğaları vasitəsilə həm sərnişinlərə, həm də sürücülərə çatdırılacaqdır.
Dövlətimizin başçısı digər ölkələrdə də bu cür sistemin olduğunu, Bakı şəhərinin sosial-iqtisadi inkişafını və nəqliyyat vasitələrinin sayının artmasını nəzərə alaraq, paytaxtımızda belə sistemin yaradılmasının vacibliyini vurğuladı.