AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- YUNESKO-nun hörmətli baş direktoru cənab Matsuura!
Hörmətli xanım Matsuura!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Mən sizi bir daha salamlayıram və bu gün Beynəlxalq Muğam Mərkəzinin təməl daşının qoyulması münasibətilə hamınızı ürəkdən təbrik edirəm. Bu gün böyük bayramdır. Muğam Azərbaycan mədəniyyətinin ən gözəl incisidir. Azərbaycan musiqisi muğam üzərində qurulmuşdur. Biz öz mədəni irsimizə çox böyük diqqətlə və qayğı ilə yanaşırıq. Azərbaycanın çox zəngin mədəniyyəti var və biz çalışırıq ki, öz mədəniyyətimizi inkişaf etdirək və dünya ictimaiyyətinə daha da yaxşı tanıdaq. Muğam hər bir azərbaycanlı üçün çox əzizdir, doğmadır. Ancaq bu günə qədər Azərbaycanda muğam evi, muğam mərkəzi yox idi. Mən çox şadam ki, bu gün təməlini qoyduğumuz bina bir müddətdən sonra öz qapılarını açacaq və Azərbaycanda çox gözəl muğam mərkəzi yaradılacaqdır.
Şübhə etmirəm ki, bu mərkəz qısa müddət ərzində tikilib başa çatdırılacaq, dünyanın ən yüksək standartlarına cavab verəcəkdir. Ümid edirəm ki, YUNESKO-nun baş direktoru cənab Matsuura və dəyərli qonaqlarımız muğam mərkəzinin açılış mərasimində də bizimlə bərabər olacaqlar. Bu gün həqiqətən çox böyük bayramdır. Azərbaycan musiqisevərlərinin bayramıdır, muğam ustalarının bayramıdır və bütün Azərbaycan xalqının bayramıdır. Çünki nə qədər ki, muğam var, Azərbaycan xalqı da var.
Bu fürsətdən istifadə edərək, cənab Matsuuraya dərin minnətdarlığımı bildirirəm ki, onun şəxsi təşəbbüsü ilə Azərbaycanın milli irsinin, mədəni irsinin qorunması işində böyük işlər görülübdür. YUNESKO-nun vasitəsilə Azərbaycan öz mədəniyyətini dünya ictimaiyyətinə daha geniş şəkildə təqdim edə bilibdir. Ümid edirəm ki, gələcəkdə YUNESKO ilə Azərbaycan arasında gözəl əməkdaşlıq ənənələri yaşayacaqdır və möhkəmlənəcəkdir. Cənab Matsuuranın Azərbaycanın mədəni irsinin təbliğ olunmasında və YUNESKO tərəfindən qorunmasında müstəsna xidmətləri vardır və bu, Azərbaycanda yüksək qiymətləndirilir. Bu məqsədlə bu gün mənim sərəncamımla cənab Matsuura Azərbaycanın yüksək mükafatı - “Şöhrət” ordeni ilə təltif olunubdur. Bu münasibətlə sizi bir daha ürəkdən təbrik edirəm.
Əziz dostlar, Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.
(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).
X X X
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və YUNESKO-nun baş direktoru Koişiro Matsuura gilizi binanın təməlinə qoydular və ilk beton qarışığı tökdülər. Gilizin içərisindəki kağızda Azərbaycan və ingilis dillərində bu sözlər yazılmışdı: “YUNESKO-nun dəstəyi ilə yaradılan Beynəlxalq Muğam Mərkəzinin təməl daşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və YUNESKO-nun baş direktoru Koişiro Matsuura tərəfindən 2005-ci il avqustun 24-də qoyulmuşdur”.
Mərasimdə iştirak edən muğam ustaları, mədəniyyət və incəsənət xadimləri Prezident İlham Əliyevlə səmimi görüşdülər, dövlətimizin başçısına və Mehriban xanım Əliyevaya bu tarixi hadisəyə, muğam sənətinə verdikləri yüksək qiymətə görə dərin təşəkkürlərini bildirdilər.