AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- YUNESKO-nun hörmətli cənab baş direktoru və xanımı!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Mən sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. YUNESKO-nun baş direktorunun Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir. Mən çox şadam ki, bu səfər çox uğurlu keçir. Bu gün çox vacib sənədlər imzalandı. Eyni zamanda, çox səmimi, işgüzar şəraitdə YUNESKO ilə Azərbaycan arasında olan münasibətləri müzakirə etdik və gələcək perspektivlər haqqında fikir mübadiləsi apardıq, birlikdə Muğam Mərkəzinin təməl daşını qoyduq.
Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və təbliğində YUNESKO-nun və şəxsən cənab Matsuuranın böyük əməyi vardır. Bu əmək Azərbaycan xalqı və dövləti tərəfindən qiymətləndirilir və təsadüfi deyil ki, bu gün cənab Matsuura Azərbaycanın yüksək mükafatı - “Şöhrət” ordeni ilə təltif olundu.
Bir il bundan əvvəl Parisdə YUNESKO-nun baş qərargahında biz cənab Matsuura ilə görüşmüşdük. Bizim aramızda olan əməkdaşlığın prioritetləri müzakirə olunmuşdu. Ötən müddət ərzində bizim aramızda əlaqələr daha da möhkəmləndi. Mən şübhə etmirəm ki, bu səfərdən sonra YUNESKO ilə Azərbaycan arasında olan əlaqələr daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Cənab Matsuuranın və onun müşayiət edən qonaqların səfər proqramı çox gərgindir, çoxlu görüşlər, tədbirlər keçirilibdir. Ona görə, mən sizin vaxtınızı çox almaq istəmirəm. Xahiş edirəm ki, bu badələri YUNESKO ilə Azərbaycan arasında olan əlaqələrin şərəfinə, cənab Matsuuranın, xanım Matsuuranın, bu gün bizimlə birlikdə olan YUNESKO-nun xoşməramlı səfirlərinin şərəfinə, bütün qonaqların şərəfinə qaldıraq.
Sağ olun.