AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
Hörmətli xanım Pırvanova,
Əziz qonaqlar,
Xanımlar və cənablar!
Sizi Azərbaycanda salamlamaqdan böyük məmnunluq duyur, Sizə bir daha “Xoş gəlmisiniz deyirəm!”.
Hörmətli cənab Prezident, mən Sizin Azərbaycana rəsmi səfərinizi yüksək qiymətləndirir, onun ölkələrimiz və xalqlarımız arasında münasibətlərdə yeni mərhələ olacağına inanıram. Şübhə etmirəm ki, keçirilmiş görüşlər, aparılmış danışıqlar və imzalanmış sənədlər qarşılıqlı fəaliyyətimiz üçün yeni sahələri müəyyən edəcək, əlaqələrimizin genişlənməsinə və dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Bu gün Azərbaycanla Bolqarıstan arasında münasibətlərin yeni səhifəsi açılır, bütün sahələrdə əməkdaşlığın inkişafı üçün səmərəli dialoq aparılır. Artıq inamla deyə bilərik ki, səfər uğurludur və ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacaqdır.
Azərbaycanla Bolqarıstan arasında hələ sovet dövründə kifayət qədər sıx əlaqələrimiz olmuşdur. Bu onu göstərir ki, müxtəlif sahələrdə əlaqələrimizin inkişafı və genişlənməsi üçün güclü potensial vardır. Bolqarıstanda səfirlik açmaq qərarımız ikitərəfli münasibətlərimizə xüsusi əhəmiyyət verməyimizə sübutdur.
Rəhbərlik etdiyiniz geniş tərkibli nümayəndə heyəti Azərbaycan nümayəndələri ilə səmərəli danışıqlar aparır. İkitərəfli əlaqələrimizin və əməkdaşlığımızın daha da inkişafı və genişlənməsi üçün siyasi, iqtisadi, humanitar, mədəniyyət və turizm sahələrində əlavə səylərin göstərilməsini məqsədəuyğun hesab edirəm. Eyni zamanda, düşünürəm ki, Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu və hökumətlərarası birgə komissiya da ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verməlidir.
Bu gün Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu daxili və xarici siyasət xəttini davam etdirir. Bu baxımdan, Azərbaycan Avropa və Avratlantik strukturlara inteqrasiyası önəmli yer tutur. Ölkəmiz Avropa Şurasının üzvüdür. “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO və Avropa təhlükəsizlik sisteminin strukturları ilə əməkdaşlıq edir. Qeyd etmək istərdim ki, Azərbaycan tərəfindən NATO rəhbərliyinə “Fərdi tərəfdaşlıq üzrə əməliyyat planı” təqdim olunmuşdur.
Azərbaycan Avropada qonşuluq siyasətinə qoşulmuşdur. Bu strukturlarda Bolqarıstanın Azərbaycana dəstəyinə görə təşəkkürümü bildirir, gələcək əməkdaşlığa ümid edirəm.
Müstəqillik illərində Azərbaycanda siyasi, iqtisadi-sosial, hüquqi islahatlar həyata keçirilmişdir. Avropa dəyərlərinin bərqərar edilməsində, insan hüquqları və azadlıqlarının təmin olunmasında, demokratik təsisatların yaradılmasında və bazar iqtisadiyyatına keçiddə böyük nailiyyətlər qazanılmışdır.
1996-cı ildən Azərbaycanda ümumi daxili məhsul orta hesabla ildə 10 faiz artmışdır. Son 7 ildə ümumi daxili məhsulun həcmi 90 faiz artmışdır. 2004-cü ilin birinci rübündə iqtisadiyyatda artım 10 faiz olmuşdur. Son 7 ildə Azərbaycan iqtisadiyyatına 17 milyard dollar vəsait qoyulmuşdur, növbəti üç ildə daha 10 milyard dollar sərmayə yatırılacaqdır. Azərbaycanda yoxsulluğun azaldılması, regionların inkişafı ilə bağlı hökumət proqramları təsdiq edilmişdir və onlar uğurla həyata keçirilir. Sosial məsələlərin həllində mühüm addımlar atılır.
Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü olmasaydı, ölkəmiz və ümumən region bu müddətdə daha böyük uğurlar əldə edə bilərdi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın torpaqlarının 20 faizi işğal edilmişdir, bir milyondan artıq qaçqın və məcburi köçkün doğma yurd-yuvalarından didərgin düşmüşdür. Hazırda Bolqarıstan ATƏT-ə başçılıq edir. İnanıram ki, ATƏT-ə sədrliyi dövründə Bolqarıstan bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllinə öz dəstəyini verəcəkdir.
Mən tarixi Böyük İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin, TRASEKA proqramının həyata keçirilməsinin həm Azərbaycanın, həm də region dövlətlərinin inkişafında və Avropaya inteqrasiyasında mühüm rol oynayacağına əminəm.
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasına rəsmi səfərinizə böyük əhəmiyyət verdiyimi bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram. Cənab Prezident, bu badəni Sizin şərəfinizə, Azərbaycanla Bolqarıstan arasında səmimi dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qardırıram.
Sağ olun.