AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Hörmətli xanım Prezident!
Hörmətli cənab İmants Freyberqs!
Xanımlar və cənablar!
Xanım Prezident, ilk növbədə mən, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və “Xoş gəlmisiniz!” deyirəm.
Latviya və Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra bu, Latviya Prezidentinin Azərbaycana ilk səfəridir. İnanıram ki, Sizin səfəriniz ölkələrimiz arasında əlaqələri yeni səviyyəyə qaldıracaqdır. Keçirdiyimiz görüşlər və apardığımız müzakirələrlə bağlı məmnunluq hissimi vurğulamaq istəyirəm. Biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini nəzərdən keçirdik. Aramızdakı siyasi dialoqun səviyyəsindən çox razıyam. Eyni zamanda ümid edirəm ki, bundan sonra bizim münasibətlərimiz bütün sahələrdə böyük sürətlə inkişaf edəcəkdir. İmzalanmış Birgə bəyannamə və digər sənədlər, iki ölkənin iş adamlarının keçirdiyi biznes forumu əməkdaşlığımızın inkişafına və genişlənməsinə öz töhfəsini verəcəkdir.
Mən Latviya ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə dərinləşməsinin tərəfdarıyam. Biz bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün Latviyada səfirlik açmışıq.
Ölkələrimizin tarixində oxşar məqamlar çoxdur. Müstəqillik uğrunda mübarizə əzmi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmışdır. Bu gün Latviyada böyük Azərbaycan icması yaşayır. Mən Latviyanın dövlət strukturlarının soydaşlarımıza göstərdiyi münasibətdən məmnunam. Buna görə Sizə təşəkkür edirəm.
Azərbaycan Latviya ilə həm də regional təşkilatlar çərçivəsində, o cümlədən Baltik Dənizi Dövlətləri Şurası çərçivəsində əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlıq Baltik-Qara dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərini sürətləndirmək baxımından əhəmiyyətlidir.
Bu gün Azərbaycan sürətlə inkişaf edir. Təkcə onu demək kifayətdir ki, 2005-ci ildə Azərbaycanda ümumi daxili məhsulun real artımının 20 faiz, 2006-cı ildə isə 30 faiz olacağı gözlənilir. Bu yüksək göstəricilər ölkəmizdə yoxsulluğun azaldılması və davamlı inkişaf proqramını həyata keçirmək üçün möhkəm zəmin yaradır. Azərbaycanda çox yaxşı sərmayə mühiti vardır. Son 10 ildə iqtisadiyyatımıza 25 milyard dollar məbləğində sərmayə qoyulmuşdur.
Azərbaycan Avropa və Avratlantik strukurları ilə sıx əməkdaşlıq edir. Çox məmnunam ki, Azərbaycan Avropa Şurasına Latviyanın bu təşkilatda sədrliyi dövründə daxil olmuşdur. Hörmətli xanım Prezident, bu məsələdəki mövqeyinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Fürsətdən istifadə edərək, ötən il ölkənizin Avropa İttifaqına və NATO-ya üzv qəbul edilməsi ilə əlaqədar Sizi təbrik edirəm.
Biz Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsinə xüsusi diqqət yetiririk. “Yeni qonşuluq siyasəti”nə xüsusi əhəmiyyət verərək, ölkəmizin Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyası yaratmışıq. Mən bu təsisatlarla əməkdaşlıqda Latviyanın Azərbaycana verəcəyi dəstəyə görə əvvəlcədən təşəkkürümü bildirirəm.
Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi inkişafa və inteqrasiyaya təkan verəcək beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir. Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri Azərbaycan neftini cari ilin sonuna qədər dünya bazarlarına çıxaracaqdır. Bununla yanaşı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TRASEKA proqramının, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi həm Azərbaycanın, həm də region dövlətlərinin inkişafında və Avropaya inteqrasiyasında mühüm rol oynayacaqdır.
Lakin mövcud münaqişələri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini aradan qaldırmadan regionda sülhə və təhlükəsizliyə nail olmaq mümkün deyildir. Təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü regionda sabitliyi pozan başlıca amildir. Bu ölkənin hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Azərbaycan münaqişənin beynəlxalq hüquq, ərazi bütövlüyü çərçivəsində ədalətli şəkildə həllini, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsini tələb edir. Biz bu məsələdə Latviyanın da dəstəyinə böyük ümid bəsləyirik.
Hörmətli xanım Prezident, Azərbaycana rəsmi səfər etməyinizdən məmnun olduğumu bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və uğurlar arzulayıram.
Xanım Prezident, icazə verin, bu badəni Sizin sağlığınıza, cənab İmants Freyberqsin sağlığına, Azərbaycan ilə Latviya arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırım.
Sağ olun.