AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
Əziz dostlar!
Bu gün çox gözəl və əlamətdar bir gündür. Biz Fransada Azərbaycan səfirliyinin yeni binasının açılışını birlikdə qeyd edirik. Mən bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.
Uzun illərdir ki, Fransada Azərbaycan səfirliyi fəaliyyət göstərir. Ancaq artıq bu gündən sonra səfirlik öz fəaliyyətini Azərbaycan dövlətinə məxsus olan binada davam etdirəcəkdir. Bina da çox gözəldir, tarixi binadır və yeri də çox gözəldir. Mən yuxarı mərtəbədə eyvandan baxarkən gördüm ki, sağ tərəfdə Zəfər Tağı, sol tərəfdə isə Eyfel qülləsi görünür. Yəni Parisin iki rəmzi bu binadan görünür. Bu, çox gözəl və əlamətdar bir haldır.
Səfirliyin fəaliyyəti üçün çox gözəl şərait var. Mən əminəm ki, səfirliyin fəaliyyəti bundan sonra da uğurlu olacaq və iki ölkə arasında münasibətlərin inkişafında öz rolunu oynayacaqdır. İki ölkə arasında münasibətlər çox sürətlə inkişaf edir və bizi qane edir. Biz çox razıyıq, məmnunuq ki, Fransa ilə Azərbaycan arasında olan münasibətlər, demək olar ki, həyatımızın bütün sahələrini əhatə edir və günü-gündən möhkəmlənir.
Yəqin siz xatırlayırsınız ki, Heydər Əliyev prezident vəzifəsinə seçildikdən sonra ilk xarici rəsmi səfərini 1993-cü ildə Fransaya etmişdi və 2003-cü ildə mən də prezident seçildikdən sonra ilk rəsmi səfərim Fransaya olmuşdur. Bu, özlüyündə onu göstərir ki, biz ikitərəfli münasibətlərə çox böyük önəm veririk. Əminik ki, gələcəkdə də bu münasibətlər tərəfləri qane edəcək və hər iki tərəf bu münasibətlərin inkişafından maksimum dərəcədə faydalanacaqdır. Siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığımız çox uğurludur.
Eyni zamanda, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Ümid edirik ki, həmsədr ölkələrin fəaliyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında öz rolunu oynayacaqdır.
Dünən Azərbaycan öz milli bayramını qeyd etmişdir. Respublika günü Azərbaycanın tarixində ən gözəl bayramlardan biridir. Eyni zamanda, bildiyiniz kimi, dünən Azərbaycan nefti Ceyhan terminalına gəlib çatmışdır. Bu iki gözəl hadisə Azərbaycanın güclənən mövqelərini nümayiş etdirir. Azərbaycanın müstəqilliyi möhkəmlənir. Eyni zamanda, səfirliyin belə gözəl binaya köçməsi də onu göstərir ki, bizim müstəqilliyimiz ildən-ilə möhkəmlənir.
Fransada Azərbaycanın dostları çoxdur. Mən bu gün sizi - Azərbaycanın dostlarını, keçmiş səfirləri, millət vəkillərini, digər hörmətli qonaqları görürəm. Sizin hamınızı bir daha ürəkdən salamlayıram, bu gözəl tədbirdə iştirak etdiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Sizin hamınızı bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm.
Sağ olun.
Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı.
X X X
Prezident İlham Əliyev sonra mərasim iştirakçıları ilə görüşüb səmimi söhbət etdi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da, onun üçün ayrılmış iqamətgahda “Euronews” telekanalına müsahibə verdi.