AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
Hörmətli qonaqlar!
Sizi Azərbaycanda bir daha salamlamağıma şadam. Bu gün biz çox səmərəli işlədik, çox mühüm danışıqlar apardıq, Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gələcək inkişafını müəyyən edəcək çoxlu mühüm sənəd imzalandı. Biz Ukrayna Prezidentinin ölkəmizə səfərini ikitərəfli münasibətlərin çox mühüm elementi kimi qiymətləndiririk və elə indi demək olar ki, səfər çox uğurlu keçir və səfərin nəticəsində bütün istiqamətlərdə gələcək əməkdaşlıq üçün tamamilə yeni imkanlar yaradılır. Bu gün biz bu barədə təkbətək, nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlərdə, mətbuat konfransında da danışdıq. İqtisadiyyatın bütün sahələrində, siyasi baxımdan və humanitar sahədə Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq tamamilə yeni mərhələyə çıxır. Biz tərəfdaşlar, dostlarıq və bu, ikitərəfli əlaqələrimizin səviyyəsi və formatını da öncədən müəyyən edir. Ümidvaram ki, səfərin nəticələrini yaxın gələcəkdə biz hamımız əlaqələrimizin təkmilləşməsi, münasibətlərimizin bütün səviyyələrdə - hökumət üzvləri, parlament, ictimai təşkilatların üzvləri səviyyəsində intensivləşməsi məsələlərində görəcəyik. Münasibətlərin və qəbul edilən qərarlara nəzarəti əlaqələndirməyin özlüyündə nadir bir formatı yaradılmışdır. Bu, Prezidentlər Şurasıdır və o, ikitərəfli münasibətlərlə bağlı bütün məsələləri mütəmadi olaraq nəzərdən keçirəcəkdir.
Bizim aramızda siyasi qarşılıqlı əlaqə ən yüksək səviyyədədir, beynəlxalq təşkilatlar çərçivəsində, iqtisadiyyat, energetika sahəsində çox uğurla əməkdaşlıq edirik, çox gözəl perspektivlərimiz var. Ən başlıcası budur ki, bizim aramızda, ölkələrimiz və xalqlarımız arasında çox yüksək ənənələrə, dostluğa, qarşılıqlı anlaşmaya əsaslanan etimadlı münasibətlər mövcuddur. Ukrayna Prezidentinin Azərbaycana bugünkü səfəri bu münasibətləri daha da möhkəmləndirdi, gələcək inkişafın əsas istiqamətlərini öncədən müəyyənləşdirdi və əminəm ki, ikitərəfli əlaqələrin çox mühüm amili olacaqdır.
Dünyanın bizim yaşadığımız hissəsində regional əməkdaşlığın səviyyəsi də Azərbaycan ilə Ukraynanın müxtəlif məsələlərdə əməkdaşlığından xeyli dərəcədə asılı olacaqdır. İndi regional əlaqələrin tamamilə yeni formatı yaranır, Xəzər dənizi–Qara dəniz regionu bir-biri ilə getdikcə daha sıx inteqrasiya edərək, Xəzər dənizi–Qara dəniz regionunda tamamilə yeni vəziyyət əmələ gətirir. Nəqliyyat, energetika sahəsində, siyasi və digər münasibətləri nəzərə alaraq, bu regiona müəyyən dərəcədə vahid bir tam kimi baxmaq olar. Bu baxımdan regional əməkdaşlıq çərçivəsində Azərbaycanın və Ukraynanın rolu kifayət qədər yüksəkdir və əlaqələrimiz möhkəmləndikcə, nail olduğumuz bütün razılaşmalar həyata keçirildikcə artacaqdır.
Mən bu badəni Ukrayna xalqının, Ukraynanın şərəfinə, Ukrayna və Azərbaycan xalqları arasında dostluğun, sizin ölkənizin tərəqqisi şərəfinə və Prezident Viktor Andreyeviç Yuşşenkonun sağlığına qaldırmaq istəyirəm.