AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Hörmətli cənab Prezident!Əziz dost!
Hörmətli xanım Bernadet Şirak!
Xanımlar və cənablar!
İlk növbədə, cənab Prezident, məni ölkənizə dövlət səfərinə dəvət etdiyinizə görə Sizə ürəkdən təşəkkür edir, Fransa torpağında mənə və nümayəndə heyətinə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Keçirdiyimiz görüşlərdən çox məmnunam. Biz ikitərəfli əməkdaşlıqla, bir sıra regional və beynəlxalq məsələlərlə bağlı geniş və səmərəli fikir mübadiləsi apardıq. Şübhəsiz ki, bütün bunlar, həmçinin qəbul etdiyimiz Birgə Bəyannamə və imzalanacaq sənədlər əməkdaşlığımızın daha da inkişafına və dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, əməkdaşlığımızın səviyyəsi yüksəkdir. Fransa Azərbaycanın iqtisadi tərəfdaşları sırasında birinci beşliyə daxildir. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi son illər ərzində təxminən 3 dəfə artıbdır. Fransa şirkətləri Azərbaycanın iqtisadi inkişafında yaxından iştirak edir, Fransa iş adamları energetika və infrastruktur sektorunda, aviasiya, mülki təhlükəsizlik, maliyyə, istehsal, xidmət sahələrində və digər sahələrdə fəallıq göstərirlər.
Sevindirici haldır ki, Fransa Azərbaycanın beynəlxalq miqyasda və Avropa qitəsində enerji təhlükəsizliyinə töhfəsinə xüsusi önəm verir. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli sahəsində əldə etdiyimiz uğurlarda Fransanın mövqeyi bizim üçün çox əhəmiyyətlidir. Biz həmçinin Azərbaycanın demokratik inkişafına Fransanın göstərdiyi dəstəyi vacib hesab edirik.
Eyni zamanda, ölkələrimiz beynəlxalq terrorizm, nüvə silahlarının yayılması, narkotik maddələrin qanunsuz dövriyyəsi və digər müasir çağırış və təhdidlərə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlar, o cümlədən Avropa İttifaqının “Yeni qonşuluq siyasəti” proqramı və NATO-nun “Fərdi tərəfdaşlığın fəaliyyət planı” çərçivəsində sıx əlaqələrimiz məmnunluq doğurur. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması etibarlı tərəfdaşlığımızın parlaq nümunəsidir.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və cənab Prezident, şəxsən Sizin fəaliyyətinizi yüksək qiymətləndiririk.
Azərbaycan ilə Ermənistan arasında gedən danışıqlar prosesini daim diqqətinizdə saxladığınıza, münaqişənin aradan qaldırılması istiqamətində göstərdiyiniz şəxsi səylərə görə Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, münaqişənin sülh yolu ilə aradan qaldırılması Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması, regionun Avratlantik strukturlarına inteqrasiyası sahəsində yeni səhifə açacaqdır.
Bu gün Azərbaycan böyük sürətlə inkişaf edir. Həyata keçirilən siyasi və iqtisadi islahatlar ölkənin dinamik inkişafına imkan yaradıbdır. 2005-ci ilədək, on il ərzində Azərbaycanda ümumi daxili məhsulun artımı hər il 10 faizdən çox olmuşdur. 2005-ci ildə isə bu, 26 faiz, 2006-cı ildə 35 faiz artmışdır. Son üç il ərzində ölkədə 500 mindən çox yeni iş yeri açılmışdır. Azərbaycanda çox yaxşı sərmayə mühiti vardır. Son 10 ildə iqtisadiyyatımıza 33 milyard dollar sərmayə qoyulmuşdur.
Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi inkişafa və inteqrasiyaya təkan verəcək beynəlxalq layihələr həyata keçirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bütün regionun inkişafında və Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynayacaq, ölkələrimizi birləşdirən möhkəm əməkdaşlıq körpüsü olacaqdır.
Mən Azərbaycan ilə Fransa arasında münasibətlərin bütün sahələrdə inkişaf etməsinin, genişlənməsinin tərəfdarıyam və inanıram ki, dost ölkənizə səfərim, Sizinlə görüşümüz, apardığımız fikir mübadiləsi bu münasibətləri daha yüksək səviyyəyə qaldıracaqdır.
Hörmətli cənab Prezident!
İcazə verin, bu badəni Sizin şərəfinizə, xanım Bernadet Şirakın şərəfinə, ölkələrimiz arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırım!
X X X
(Dövlət başçılarının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).
X X X
Sonra Fransa Prezidenti Jak Şirak və xanımı Azərbaycan Prezidenti İlham Əliyev və xanımı ilə sarayın qarşısında xatirə şəkli çəkdirdilər. Prezident Jak Şirak Mehriban xanım Əliyeva ilə ehtiramla sağollaşdı, Azərbaycan Prezidenti İlham Əliyevi çox böyük hörmət və səmimiyyətlə qucaqlayaraq yola saldı.