RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Çox hörmətli Emoməli Şaripoviç!
Əziz dostlar!
İcazə verin, qardaş Tacikistan torpağında mənim və nümayəndə heyətimin üzvlərinə göstərilən qonaqpərvərliyə görə sizin hamınıza bir daha təşəkkür edim.
Bu gün biz çox uğurlu danışıqlar apardıq, qeyd olunduğu kimi, mövqelərimiz üst-üstə düşür, onlar imzalanan bütün sənədlərdə, dostluq və əməkdaşlıq haqqında müqavilədə öz əksini tapmışdır. Bu, ikitərəfli münasibətlərimizin sürətli inkişafını bir sıra illər öncədən müəyyənləşdirəcəkdir. Bu gün siyasi, iqtisadi, humanitar sahələrdə hərtərəfli əməkdaşlığın çox möhkəm təməli qoyulur. Əminəm ki, imzalanmış sazişlərin bütün müddəalarının yerinə yetirilməsi nəticəsində biz bir-birimizə daha yaxın olacağıq.
Fəal regional iqtisadi əməkdaşlığın perspektivləri artıq indinin özündə görünməkdədir. Bu əməkdaşlığın əsas istiqamətləri artıq müəyyən edilmişdir. Əminəm ki, gələcəkdə münasibətlərimizin inkişaf etdirilməsi və müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əməkdaşlığımıza və əlaqələrimizə daha çox kömək edəcəkdir.
Bu gün mən dostum, çox hörmətli Emoməli Şaripoviçi rəsmi şəkildə Azərbaycana səfərə dəvət etdim və yeni görüşümüzü səbirsizliklə gözləyirəm. Bu gün mən özümü evimdəki kimi hiss edirəm, Tacikistana ilk dəfə səfər edirəm, amma mənə elə gəlir ki, ölkənizi çoxdan tanıyıram. Bu, həqiqətən belədir. Ölkənizi kitablardan, tacik mədəniyyəti, incəsənəti incilərinin nümunələrindən tanıyırdım. Bu gün Milli Tarix Muzeyində olarkən bu torpağın nə qədər zəngin olduğunu, dünyaya həm memarlıq, həm mədəniyyət, həm də sənət əsərlərinin belə incilərini verən bu xalqın nə qədər qədim olduğunu bir daha yəqin etdim.
Bu gün mən bu badəni dostum Emoməli Şaripoviç Rəhmonovun şərəfinə, qardaş Tacikistan xalqının şərəfinə qaldırmaq istəyirəm. Qoy, Emoməli Şaripoviç Rəhmonovun rəhbərliyi ilə ölkəniz gələcəkdə də uğurla inkişaf etsin, torpağınızda həmişə sülh, sabitlik və firavanlıq olsun! Tacikistan ilə Azərbaycan arasında dostluğun şərəfinə!