AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Hörmətli cənab Prezident!
Xanımlar və cənablar!
Cənab Prezident, ilk növbədə, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və “Xoş gəlmisiniz!” deyirəm.
Xorvatiya və Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra bu, Xorvatiya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. İnanıram ki, Sizin səfəriniz ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacaqdır.
Biz bu gün ikitərəfli münasibətlərimizin bir çox aspektlərini nəzərdən keçirdik. Ümid edirəm ki, bundan sonra bizim münasibətlərimiz bütün sahələrdə daha sürətlə inkişaf edəcəkdir. İmzalanmış sənədlər, iki ölkənin iş adamlarının keçirəcəkləri biznes forumu əməkdaşlığımızın inkişafına və genişlənməsinə öz töhfəsini verəcəkdir.
Xorvatiya-Azərbaycan əlaqələrinin tarixi ötən əsrlərdən başlayır. XV-XVI əsrlərdə Azərbaycanın Ağqoyunlular və Səfəvilər dövlətlərinin Xorvatiya ilə ticarət və diplomatik əlaqələr yaratması haqqında məlumatlar vardır. 1878-ci ildə görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin şeirləri xorvat dilinə tərcümə olunmuşdur. Tanınmış xorvat şairləri İvan Kovaçiçin, Stanislav Novakın, Qustav Kirlesin və başqalarının əsərləri müxtəlif vaxtlarda Azərbaycan dilində nəşr edilmişdir.
Azərbaycan xalqının övladları İkinci Dünya müharibəsi illərində Xorvatiyada faşizmə qarşı mübarizədə fəal iştirak etmişlər. Azərbaycanın milli qəhrəmanı Mehdi Hüseynzadə Balkan yarımadasının, o cümlədən Xorvatiyanın faşizmdən azad olunmasında əfsanəvi igidliklər göstərərək həlak olmuşdur.
Regional və beynəlxalq siyasətə dair bir çox məsələlərdə, Avropa İttifaqı və NATO ilə əməkdaşlıq, beynəlxalq terrorizmə qarşı mübarizə, yaşadığımız regionlarda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərində mövqelərimiz üst-üstə düşür.
Energetika, enerji resurslarının nəqli, turizm, ekologiya, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, yol və infrastruktur obyektlərinin tikintisi, gəmiqayırma, kimya sənayesi və digər sahələrdə əməkdaşlığımızın yaxşı perspektivləri var.
Azərbaycan eyni zamanda regionda təhlükəsizliyin, sabitliyin, inkişafın və beynəlxalq əməkdaşlığın dayağıdır. Lakin artıq iyirmi ilə yaxındır ki, Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Dünya birliyi və beynəlxalq təşkilatlar münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli şəkildə nizama salınmasını dəstəkləyir. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri var. Biz münaqişənin bu qərar və qətnamələrə uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli şəkildə nizama salınmasını tələb edirik və heç şübhə yoxdur ki, buna nail olacağıq.
Hörmətli cənab Prezident!
Xorvatiyanın son illərdə əldə etdiyi uğurlar, ölkənizin və xalqınızın rifahı və tərəqqisi naminə göstərdiyiniz fəaliyyət bizdə məmnunluq doğurur. Bütün bunlar iqtisadi və sosial inkişafa, demokratik prinsiplərin möhkəmlənməsinə kömək göstərir, Avropa standartlarına və dəyərlərinə sadiqliyinizi bir daha təsdiq edir.
Azərbaycana rəsmi səfər etməyinizdən məmnun olduğumu bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və uğurlar arzulayıram.
Bu badəni Sizin şərəfinizə, Xorvatiya ilə Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafının şərəfinə qaldırıram!