AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Çox hörmətli cənab Prezident! 
Çox hörmətli xanım Kaçinski!
Hörmətli xanımlar və cənablar!
Cənab Prezident, ilk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün bizim aramızda müzakirə olunan məsələlər bir daha onu göstərdi ki, bir çox ikitərəfli və regional məsələlərdə bizim mövqeyimiz üst-üstə düşür. Bu da təbiidir, çünki bizim ölkələr və xalqlar bir-birinə çox yaxındır və son illər ərzində çox uğurlu əməkdaşlıq edirlər.
Xalqlarımız arasında əməkdaşlığın çox böyük tarixi vardır. Polşa nümayəndələri müxtəlif dövrlərdə Azərbaycanda çalışmış, yaratmış, Azərbaycanın inkişafına böyük töhfələr vermişlər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda Azərbaycan Milli Ordusunun qərargah rəisi polyak idi. Polyak neft mühəndisləri, memarlar Azərbaycanın inkişafına çox dəyərli töhfələr vermişlər. Eyni zamanda, Azərbaycan nümayəndələri də Polşanın inkişafında öz əməyini göstərmişlər.
Üç il bundan əvvəl biz Sizinlə bərabər, - Siz o vaxt Varşava şəhərinin meri idiniz, - Varşava üsyanı muzeyinin həyətində azərbaycanlı zabitlərin şərəfinə ucaldılmış memorial abidənin açılışında iştirak etmişdik. Sizin qeyd etdiyiniz kimi, bu gün bizim münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bu ifadə bütün sahələri əhatə edir, siyasi dialoq çox yüksək səviyyədədir. Biz qısa müddət ərzində Sizinlə dəfələrlə görüşmüşük. İqtisadi əlaqələr genişlənir və humanitar sahədə də əməkdaşlıq çox ümidvericidir.
Cənab Prezident, Sizin təşəbbüsünüzlə keçən ilin may ayında Krakovda enerji zirvə görüşü keçirilmişdir ki, bu da ikitərəfli və çoxtərəfli münasibətlərdə mühüm bir hadisə idi. Sizin Krakov təşəbbüsünüz artıq bu gün yeni razılaşmaların əldə edilməsinə imkan verir və gələcəkdə energetika sahəsində əməkdaşlığın çox güclü bir dayaq nöqtəsidir. Polşa enerji sahəsində bizim üçün çox dəyərli və vacib tərəfdaşdır. Mən əminəm ki, nəzərdə tutulmuş bütün planlar həyatda öz əksini tapacaqdır.
Azərbaycanın Avratlantik strukturlara inteqrasiya siyasəti də Polşa rəhbərliyi tərəfindən həmişə dəstəklənmişdir. Azərbaycan hazırda NATO ilə fərdi əməkdaşlıq proqramının icrası ilə məşğuldur, eyni zamanda, Avropa Birliyinin yeni qonşuluq siyasətinə daxil edilmişdir və bu iki istiqamətdə biz Polşanın dəstəyini daim hiss edirik. Polşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür və bu mövqe Azərbaycan tərəfindən çox yüksək qiymətləndirilir.
Bizim strateji tərəfdaşlıq münasibətlərimizin bütün əlamətləri bu gün Sizinlə imzaladığımız siyasi Bəyannamədə öz əksini tapmışdır. Əminəm ki, mənim səfərimdən sonra bizim münasibətlərimiz yeni yüksək pilləyə qalxacaqdır və Polşa ilə Azərbaycanın dostluq münasibətləri davam etdiriləcək və bölgədə öz müsbət təsirini göstərməyə davam edəcəkdir.
Mən onu da qeyd etmək istəyirəm və əmənəm ki, cənab Prezident, mənimlə razılaşarsınız, bizim aramızda şəxsi münasibətlər də çox yüksək səviyyədədir. Deyə bilərəm ki, bizi dostluq əlaqələri bağlayır və bu da iki ölkə arasında gələcək əməkdaşlıq üçün çox vacib olan bir məsələdir.
Mənim üçün böyük şərəfdir ki, Siz bu gün məni Polşa-Azərbaycan münasibətlərinin inkişafında gördüyüm işlərə görə Polşa dövlətinin yüksək ordeni ilə təltif etmisiniz. Mən buna görə Sizə bir daha öz minnətdarlığımı bildirirəm.
Cənab Prezident, mən bu badələri Sizin şərəfinizə, xanım Kaçinskinin şərəfinə, polyak xalqının xoşbəxtliyi və rifahı şərəfinə qaldırıram.
Dövlət başçılarının nitqləri diqqətlə dinlənildi və alqışlarla qarşılandı.
######
![]() |
![]() |

