AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Hörmətli cənab Prezident! Hörmətli xanım Kuşpen!
Əziz qonaqlar!
Xanımlar və cənablar!
Cənab Prezident, mən ilk növbədə, Sizi və nümayəndə heyətinizi bir daha burada salamlamaq istəyirəm və səfərin nəticələrindən məmnun olduğumu bildirirəm. Bu gün bizim təkbətək söhbətimiz və nümayəndə heyətlərinin geniş tərkibli görüşü zamanı çox səmərəli və konstruktiv danışıqlarımız oldu. Təmaslar zamanı münasibətlərimizi daha da genişləndirmək kimi ümumi arzumuzu ifadə etdik.
Sizin səfəriniz tarixidir, çünki bu, İsveçrə Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Biz Sizin bu gəlişinizə böyük əhəmiyyət veririk. Çox şadam ki, səfərin nəticələri olduqca müsbətdir.
Onu da qeyd etmək istəyirəm ki, İsveçrə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Ölkəmiz uzun əsrlərdən, illərdən sonra öz müstəqilliyini bərpa etmişdir. Bu vaxt çərçivəsində münasibətlərimiz uğurla inkişaf etmiş, yaxşı təmaslarımız olub. Amma səmimi desək, həmin münasibətlər yalnız bu yaxınlarda daha sürətlə inkişaf etməyə başlamışdır. Ölkəmizə səfəriniz əlaqələrin sonrakı inkişafına əlavə təkan verəcəkdir. Əla siyasi münasibətlər olduğu halda, əlbəttə ki, biz ticari əlaqələrimizin genişləndirilməsinə daha böyük diqqət ayıracağıq. Artıq ölkəmizdə bir neçə tanınmış İsveçrə şirkəti sərmayədar və ya podratçı qismində fəaliyyət göstərir. Biz digər şirkətlərin də buraya gəlməsini alqışlayardıq.
Hazırda regionun əhəmiyyəti artmaqdadır. Biz yüksək peşəkarlıq tələb edən böyük layihələr həyata keçiririk. İsveçrə şirkətlərinin təcrübəsi, iş göstəriciləri və keyfiyyəti bütün dünyada tanınır. Gələcək əməkdaşlıq üçün sahələr çox geniş ola bilər. Bu gün biz artıq həmin güclü münasibətlərin inkişafı ilə məşğuluq. Ticari əlaqələr, energetika sahəsində əməkdaşlıq, sərmayələrin qoyulması, tikinti işləri sahəsində, habelə humanitar sahədə işləməliyik. Humanitar sahə haqqında xüsusi düşünməliyik ki, insanlar bir-biri ilə təmasda olsunlar. Mədəniyyət sahəsində mübadilələr olmalıdır.
Azərbaycanı tanıtmaq üçün bir çox işləri görməliyik. Beləliklə, reallıq və ölkəmizdə baş verən hadisələr haqqında beynəlxalq ictimaiyyətdə məlumat olmalıdır. Biz müstəqillik baxımından gənc ölkəyik, lakin tariximiz və mədəniyyətimiz çox zəngindir. Əlbəttə ki, ölkəmizin bugünkü sürətli inkişafı, siyasi islahatlar, beynəlxalq birliyə inteqrasiya vacibdir. Keçid dövrünün çətinliklərini aradan qaldırmaq və çoxşaxəli inkişaf etmək üçün bütün səylərimizi göstəririk. Hazırda iqtisadi göstəricilərimiz çox ümidvericidir. İqtisadi artım ən yüksək səviyyədədir.
Lakin bu regionda problemlər və narahatlıq doğuran məsələlər də var. Əsas məsələ isə, Ermənistan ilə Azərbaycan arasında həll olunmamış münaqişədir. Uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Torpaqlarımızın işğal altında qalması qəbuledilməzdir. Biz bu münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq, lakin məsələ yalnız beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycanın bütün əraziləri, o cümlədən Dağlıq Qarabağ erməni işğalçı qüvvələrindən azad edilməlidir. Qaçqın və məcburi köçkünlərimiz öz torpaqlarına qayıtmaq hüququna malik olmalıdırlar. Belə olarsa, regionda sülh bərqərar olacaqdır. Bu halda, hamı bundan yararlanar. Biz problemin həlli ilə bağlı səylərimizi davam etdirəcəyik, lakin, eyni zamanda, başa düşürük ki, bunu həll etmək üçün imkanlarımız daha da güclənməlidir. Ona görə də biz siyasi, iqtisadi və hərbi islahatlara xüsusi diqqət yetiririk. Bütün bunlar istənilən ölkəni gücləndirir. Bunu etmək üçün potensialımız var.
Xarici siyasət təşəbbüslərinə gəldikdə, bütün bunlar tərəfdaşlıq və dostluğun möhkəmləndirilməsinə yönəlibdir. Biz İsveçrəni özümüzə dost ölkə hesab edirik. Bu ölkə öz tarixində böyük nailiyyətlər əldə etmişdir və indi hər bir sahədə dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Əlbəttə ki, Sizin ölkənizlə münasibətlər bizim üçün çox əhəmiyyətlidir və səfərinizi ikitərəfli münasibətlərimizdə mühüm bir hadisə hesab edirik.
Cənab Prezident, mən bu badəni Sizin, xanım Kuşpenin və İsveçrə xalqının sağlığına, İsveçrə ilə Azərbaycan arasında dostluğun şərəfinə qaldırmaq istəyirəm.
