Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN XARİCİ ÖLKƏLƏRİN KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN RUSİYADA AKKREDİTƏ OLUNMUŞ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Prezident sarayında xarici ölkələrin kütləvi informasiya vasitələrinin Rusiyada akkreditə olunmuş nümayəndələri ilə görüşmüş və onların suallarına cavab vermişdir.

AZƏRTAC həmin söhbətin mətnini oxuculara təqdim edir.

Prezident İlham Əliyev jurnalistləri salamlayaraq dedi:

- Sizi görməyimə məmnunam. Jurnalistlərdən ibarət böyük bir nümayəndə heyəti Azərbaycana gəlmişdir. Mən bunu yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu səfər ölkəmizdə gedən inkişaf prosesləri, əldə olunan nailiyyətlər, problemlər ilə tanış olmaq üçün yaxşı imkandır. Zənnimcə, Azərbaycana nə qədər çox jurnalist səfər edərsə, ölkənin əldə etdiyi nailiyyətlər, inkişafı və ümumi vəziyyəti ilə daha yaxından tanış olmaq imkanı yarana bilər.

Bildiyimə görə səfəriniz müddətində bir sıra mühüm tədbirlərdə iştirak etmiş, rayonlarda olmusunuz. Ümidvaram ki, bu səfər çox faydalı olacaqdır. Bir daha ölkəmizə xoş gəlmisiniz.

- FRED VİR (“Christan Science Monitor”): Məncə, bu il Sizin Prezident Koçaryan ilə iki görüşünüz olubdur. Dağlıq Qarabağ və işğal edilmiş ərazilərlə bağlı Sizin mövqeyinizi bilmək istərdim. Münaqişənin danışıqlar yolu ilə qısa müddət ərzində nizama salınacağına hansısa ümid varmı? Əgər yoxdursa, seçiminiz nə olacaq?

- Danışıqlar prosesinin gələcəyi barədə əvvəlcədən bir şey demək çətindir. Çünki, bir tərəfdən, danışıqlar on ildən artıqdır ki, davam etdirilir və bu, heç bir nəticə verməmişdir. Buna səbəb beynəlxalq hüquq normaları və davranışlarına əməl etmək istəməyən Ermənistanın nümayiş etdirdiyi mövqedir. Digər tərəfdən, indi biz Praqa formatı adlandırılan danışıqlar formatındayıq və bu, münaqişənin dinc yolla həllinə nail olmaq imkanı yarada bilər. Bizim mövqeyimiz beynəlxalq hüququn dünya birliyi tərəfindən tanınmış norma və prinsiplərinə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir. Ermənistan BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə əməl etməlidir. Bu, Azərbaycanın qəti surətdə sadiq olduğu beynəlxalq hüququn əsas prinsipidir. Ermənistanın mövqeyi onların arzuları, gözləntiləri və xəyallarına əsaslanır. “Baş vermiş fakt” prinsipinə əsaslanır. Belə hesab edirlər ki, yalnız xarici dəstək sayəsində hərbi əməliyyatlarda əldə etdikləri müvəqqəti üstünlük onlara Dağlıq Qarabağ ərazisini Azərbaycandan ayırmaq və Ermənistana birləşdirmək barədə düşünmək hüququ verir. Bu, baş tutmayacaqdır. Ona görə də Ermənistan rəhbərliyi aydın başa düşməlidir ki, Azərbaycan ərazi bütövlüyü məsələsi ilə bağlı hər hansı güzəştə getməyəcəkdir.

Biz nə edə biləriksə, bunu təklif etmişik. Bu da ondan ibarətdir ki, Dağlıq Qarabağdakı ermənilərə və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlılara, - Dağlıq Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilməzdən əvvəl yerli əhalinin ən azı 30 faizini azərbaycanlılar təşkil etmişdir, - dünyada mövcud olan yüksək səviyyəli muxtariyyət statusu verilsin. Dünyada muxtariyyətlə bağlı müsbət təcrübə mövcuddur. Məlumdur ki, dünyanın, xüsusilə, Avropanın bir çox ölkələrində milli azlıqlar, muxtariyyətlər vardır. Azlıq olmaq o demək deyil ki, o, başqa bir dövlətin ərazisini qopararaq burada digər dövlət yarada bilər. Xüsusən nəzərə alsaq ki, dünyanın bir çox ölkələrində ermənilər yaşayırlar, təsəvvür edin, onlar yaşadıqları hər bir ölkədə müstəqillik tələb etsələr, nələr baş verə bilər?! Bu, bizim konstruktiv mövqeyimizdir. Bizim edə biləcəyimiz maksimum budur. Bir daha demək istəyirəm ki, bu mövqe beynəlxalq hüquq və davranış normalarına əsaslanır.

Danışıqlar uğursuzluğa məruz qalacağı təqdirdə, nəyin baş verəcəyini əvvəlcədən demək çətindir. Hər halda, əgər danışıqların bu raundu bir nəticə verməsə, onda Azərbaycan mütləq öz strategiyası, taktikası və davranışını yenidən nəzərdən keçirəcəkdir.

- RAFAEL MORENO (İspaniyanın “El Correo” qəzeti): Xəzərdən enerji ehtiyatlarının Avropaya göndərilməsi üçün Gürcüstan vasitəsilə Ukraynaya boru kəməri çəkilməsi layihəsi varmı? Bütün kütləvi informasiya vasitələrində deyilir ki, belə imkan mövcuddur. Belə bir layihə realdırmı? Bununla əlaqədar daha bir sual: Rusiya ilə Gürcüstan arasında indiki münasibətlər hansısa şəkildə bu layihə ilə bağlı ola bilərmi?

- Neft üçün bizim artıq üç boru kəmərimiz var. Onların ikisi nefti Qara dənizə, biri isə Aralıq dənizinə nəql edir. Ona görə də yaxın perspektivdə neftin nəqli üçün daha bir boru kəmərinə ehtiyac yoxdur. Çünki neft bütün bazarlara – Avropa və dünya bazarlarına gedir. Əgər söhbət qaz kəmərindən gedirsə, o, artıq ilin sonunadək tikilib başa çatdırılacaqdır. Beləliklə, Azərbaycan qazı Gürcüstan ərazisi ilə Türkiyə bazarına nəql ediləcək, oradan isə digər bazarlara göndəriləcəkdir. Orada artıq bu qazı qəbul edə biləcək qaz nəqletmə sistemi – Avropa sistemi var. Odur ki, yeni boru kəmərlərinin tikintisi məsələsi, zənnimcə, yaxın vaxtlarda qalxmayacaqdır. Azərbaycanın maraq göstərdiyi boru kəməri sistemləri – Avropa qaz kəmərləri, neft kəmərləri mövcuddur. Məsələn, Ukrayna və Qara dəniz hövzəsinin digər ölkələri – Bolqarıstan, Rumıniya ilə əməkdaşlığımız var. Bu əməkdaşlıq mövcuddur. Bu mənada mövcud boru kəməri sisteminin potensialından istifadə etmək olar.

- MANFRED FRİNK (“Die welt” qəzeti, Almaniya): Neftin sayəsində büdcəniz artır, özü də, böyük həcmdə. Buna baxmayaraq, sizdə çoxlu kasıb var, səhv etmirəmsə, 28 faiz təşkil edir. Siz bu fərqi necə və nə vaxt aradan qaldıracaqsınız? İcazənizlə, ikinci sual: keçən il parlament seçkilərindən sonra Avropa təşkilatları seçkilər zamanı və azad mətbuata münasibətdə Avropa normalarının pozulmasına görə Sizin hökuməti tənqid etdilər. Bu vəziyyəti, seçki prosedurlarını dəyişmək niyyətiniz varmı?

- Yoxsulluğun azaldılması proqramı var və Azərbaycan onu iri beynəlxalq maliyyə təşkilatları ilə birlikdə həyata keçirir. Bu proqram uğurla gerçəkləşdirilir. Cari ilin əvvəlinə, yanvar ayına yoxsulluğun səviyyəsi, dediyiniz kimi, 28-29 faiz olmuşdur. Lakin 2005-ci ilin yanvarına yoxsulluğun səviyyəsi 49 faiz idi. Yəni, bir ildə Azərbaycanda yoxsulların sayı 20 faiz azalmışdır. Biz 2006-cı ilin nəticələrini gözləyirik. İlkin hesablamalara görə, yoxsulların sayı yenə də çox kəskin surətdə azalacaqdır. Qarşıya qoyduğumuz vəzifələrdən biri Azərbaycanda ümumiyyətlə yoxsulluğu qısa müddətdə ləğv etməkdir. Bunun üçün regional inkişaf proqramını həyata keçiririk. Son üç ildə Azərbaycanda təxminən 500 min yeni iş yeri yaradılmışdır. Əmək haqları, pensiyalar müntəzəm olaraq qaldırılır. İnfrastruktura çox böyük sərmayə qoyulur, yeni hava limanları, elektrik stansiyaları tikilir, yollar çəkilir, su təchizatı, qaz təchizatı yaxşılaşır, sosial infrastruktur inkişaf edir. Son iki ildə 600 məktəb tikilmişdir, hazırda regionlarda eyni vaxtda 10 müasir xəstəxana inşa edilir. Yəni, bütün bu tədbirlər yoxsulluğun nəinki azalmasına, ümumiyyətlə, ləğv olunmasına kömək edəcəkdir. Eyni zamanda, işsizliyin də aradan qaldırılmasına. İnkişaf etmiş hər hansı digər ölkədəki kimi, işsizlər yalnız o kəslər olacaqlar ki, onlar işləmək istəmirlər. Təəssüf ki, belələri Avropada da var.

Bu proqramlar tamamilə realdır, maliyyə ehtiyatları ilə möhkəmləndirilmişdir. Siz qeyd etdiniz ki, bizim maliyyə vəziyyətimiz yaxşılaşır. Son 3-4 ildə Azərbaycanın büdcəsi 4 dəfədən çox artmışdır, özü də, təkcə neftin hesabına yox. Biz böyük həcmdə neft çıxarmağa yalnız bu yaxınlarda başlamışıq. Yəqin bilirsiniz ki, yeni yataqlardan çıxarılan bütün neftdən əldə edilən gəlirlər Azərbaycan Neft Fonduna daxil olar. Neft Fondundan büdcəyə köçürmələr isə cəmi 500 milyon dollar məbləğində planlaşdırılır. Büdcəyə qalan mədaxillər, əsasən, maliyyə intizamının möhkəmləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və çox fəal iqtisadi islahatlar aparılması hesabına olur.

Azərbaycanda siyasi islahatlar da çox səmərəli və iqtisadi islahatlarla paralel surətdə həyata keçirilir. Mən qəti əminəm ki, çoxlu sayda yoxsul və işsizlər olan ölkədə sizin Qərbi Avropada öyrəşdiyiniz kimi demokratik cəmiyyət qurmaq mümkün deyildir. Ona görə də yoxsulluğun azaldılması, əhalinin rifahının yaxşılaşdırılması, insanları narahat edən sosial məsələlərin həlli – bütün bunlar daha açıq cəmiyyət qurulmasına, demokratiyanın inkişafına, yəni bizim nail olmağa çalışdığımız məqsədlərə doğru aparır. Məqsədimiz isə aydındır – biz güclü, iqtisadi cəhətdən müstəqil, siyasi cəhətdən azad, Avropa qurumlarına inteqrasiya edilmiş dövlət qurmaq istəyirik. Ona görə də bütün inteqrasiya proseslərində fəal iştirak edirik. İndi biz Avropa İttifaqının qonşuluq proqramına qoşuluruq. Bu, beşillik proqramdır və o cümlədən Azərbaycanda siyasi sistemin möhkəmlənməsi üçün çox böyük əhəmiyyətə malikdir.

O ki qaldı keçən ilin parlament seçkiləri barədə sualınıza, deməliyəm ki, onun gedişini müxtəlif təşkilatlardan olan çox böyük sayda müşahidəçilər izləyirdilər. Təəssüf ki, onların bir qismi siyasi cəhətdən sifarişli idi və öz qiymətlərində real vəziyyəti deyil, müəyyən dairələrin siyasi iddialarını əks etdirirdilər. Eyni zamanda, parlament seçkilərini iri təşkilatlar da müşahidə edirdi, “exit-poll” keçirmişdilər. Bu təşkilatları biz yox, Amerika hökuməti seçmişdi. Sizə deyim ki, “exit-poll”un nəticələri ilə parlament seçkilərinin nəticələri 90 faiz üst-üstə düşmüşdür. “Exit-poll”un nəticələrinin 10 faizinin rəsmi nəticələrlə uyğun olmadığı yerlərdə seçkilərin yekunlarını ləğv etdik. Biz 10 dairədə seçkilərin nəticələrini ləğv etdik. Bu dairələrdə təkrar seçkilər keçirildi, onlarda yenə də Amerika hökumətinin seçdiyi təşkilat tərəfindən “exit-poll” aparıldı. Təkrar seçkilərdə “exit-poll”un nəticələri ilə rəsmi nəticələr 100 faiz üst-üstə düşdü. Zənnimcə, bu, ən parlaq sübutdur ki, parlament seçkiləri Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsini tamamilə əks etdirmişdir. Pozuntuların olması başqa məsələdir və onlara görə iqtidar məsuliyyət daşımır. 125 yerə 2 min namizəd vardı. Bu, Azərbaycan üçün görünməmiş rəqəm idi. Əlbəttə, bir çox namizədlərin özləri qanunvericiliyi pozur, seçki prosesinə qarışır, seçiciləri pulla öz tərəfinə çəkir, çirkin təbliğat kampaniyası aparırdılar. Bunların hamısı olmuşdur. Lakin biz buna görə məsuliyyət daşımırıq. Hökumət kimi və dövlət kimi, biz bu seçkilərin demokratik, açıq keçməsi üçün hər şeyi etmişdik. Düşünürəm ki, biz buna nail olduq, hərçənd bizi məyus edən məqamlar da oldu. Biz obyektiv tənqidi qəbul edirik. Ancaq seçkilərin keçirilməsi məsələləri baxımından Azərbaycana qarşı olan və siyasi məqsədlər güdən hücumları qəbul etmirik.

- FRANS PRESS: Mən Sizə İranın siyasəti ilə bağlı sual vermək istərdim. Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləyəcəkmi və bu sanksiyaların ölkənizə təsiri necə olacaq?

- İranın nüvə proqramı ilə bağlı narahatlıq doğuran bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Ümid edirəm ki, bu, regiondakı çox kövrək sabitliyin pozulmaması və məsələnin dincliklə nizamlanmasına nail olmaq üçün yeganə yoldur.

Məsələn, biz Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına birbaşa cəlb edilmiş beynəlxalq təşkilatlardan, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlı olanlardan daim eşidirik ki, münaqişə dinc yolla həll edilməlidir. Ərazimizin on ildən artıq bir müddətdə işğal altında olmasına, Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq soydaşımızın evsiz-eşiksiz qalmasına baxmayaraq, biz münaqişəni dinc yolla nizamlamağa çalışırıq. Siz onların yaşadıqları köhnə çadır düşərgələrinə və onlar üçün inşa etdiyimiz yeni qəsəbəyə baş çəkmisiniz. Tezliklə çadır düşərgələri tamamilə ləğv olunacaqdır.

Biz də nüvə proqramı ilə bağlı problemin həll edilməsi üçün beynəlxalq birliyin bütün imkanlarından istifadə etməsini gözləyirik. Sanksiyalara gəlincə, Azərbaycan bu sanksiyaları dəstəkləməyəcəkdir. Hesab edirik ki, belə sanksiyalar səmərə verməyəcəkdir. Onlar məsələnin həllinə aparıb çıxarmayacaq, yalnız regiondakı vəziyyəti daha da gərginləşdirəcəkdir. Bizim İranla yaxşı münasibətlərimiz var. İran ilə uzun, min kilometrdən artıq sərhədimiz var. Fəal ticarət əlaqələrimiz mövcuddur. Buna görə də biz çox narahatıq ki, vəziyyəti gərginləşdirəcək istənilən potensial addım ümumən regional inkişafa böyük təsir göstərə bilər.

- ROBERT BAAQ (Almaniya radiosu): Bildiyimiz kimi, Azərbaycan Türkiyəyə çox yaxındır. Fransanın “erməni soyqırımının” inkar edilməsini cinayət kimi nəzərdə tutan qanun layihəsi səbəbindən Fransa ilə Türkiyə arasında münasibətlər pisləşmişdir. Bu məsələ ilə bağlı Azərbaycanın rəsmi mövqeyi nədən ibarətdir?

- Bizim rəsmi mövqeyimiz Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapmışdır. Burada açıq şəkildə bildirilmişdir ki, Azərbaycan bu qanunvericilik təşəbbüsünün irəli sürülməsi və səsvermənin keçirilməsindən çox narahatdır. Biz belə yanaşmanı rədd edirik. Eyni zamanda, bu məsələ ilə bağlı parlamentimiz tərəfindən də oxşar bəyanat verilmişdir. Biz Fransa rəsmilərindən Fransa hökumətinin bu qanun layihəsini dəstəkləmədiyini eşitməyimizdən məmnunuq. Bu mövqe Fransa xarici işlər nazirinin Azərbaycanın xarici işlər naziri ilə bu yaxınlarda Parisdə keçirilən görüşündə də ifadə olunmuşdur. Eyni zamanda, bu mövqe Fransanın Bakıdakı səfirliyi tərəfindən də bildirilmişdir. Biz Fransa parlamentinin üzvləri ilə deyil, Fransa hökuməti ilə işləyirik və bizim üçün Fransa hökuməti tərəfindən ifadə olunmuş mövqe qənaətbəxşdir. Biz ümidvarıq ki, Fransa tarixin saxtalaşdırılmasına əsaslanmış bu antidemokratik layihənin qanun kimi təsdiqlənməsinə imkan verməyəcəkdir. Çünki Fransa parlamentində baş verənlər fikir, söz azadlığının, demokratiyanın və demokratiyanın əsas prinsiplərinin kobud surətdə pozulmasıdır. Bu layihənin lehinə səs vermiş parlament üzvləri üçün gələcəkdə demokratiya haqqında danışmaq və digər ölkələri demokratik olmağa öyrətmək çox çətin olacaqdır.

Biz belə qanunvericilik aktını pisləyirik. Hesab edirik ki, əvvəla, bunun reallıqla heç bir əlaqəsi yoxdur. Qondarma “soyqırımı” ermənilərin və erməni lobbisinin uydurmasıdır. Onlar bundan Azərbaycana qarşı təcavüzlərinə bəraət qazandırmaq, özlərini qurban, “hücumlardan” əziyyət çəkmişlər kimi təqdim etmək üçün istifadə edirlər. Buna görə də belə hesab edirlər ki, hazırda azərbaycanlılara qarşı bu cür əməlləri törətmək hüquqları vardır. Xocalıda soyqırımı törədənlər məhz ermənilər olmuşlar. Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində 600-dən çox insan - uşaq, yaşlı adamlar, o cümlədən qadınlar qətlə yetirilmişdir. Biz, eyni zamanda, Türkiyə hökumətinin Ermənistana təklif etdiyi müzakirələrin başlanılması və arxivlərin açılması təklifini dəstəkləyirik.

- FRED VİR (“Christian Seicence Monitor”): Azərbaycana tez-tez terrorçuluğa qarşı mübarizədə ABŞ-ın müttəfiqi kimi istinad edilir. Bilmək istəyirəm, İraqda davam edən müharibə baxımından ABŞ-a yardım etmək üçün Azərbaycanın atacağı addımlar hansılar olacaqdır?

- Bizim müxtəlif sahələrdə ABŞ-la çox möhkəm tərəfdaşlıq əlaqələrimiz var. Bunlardan biri antiterror əməliyyatlarıdır. Biz Əfqanıstandakı koalisiya qüvvələrinə dərhal qoşulduq, Kosovoya əsgərlərimizi göndərdik. İraqda müharibə başlayanda biz oraya əsgərlərini göndərən ilk ölkələrdən biri olmuşuq. Yeri gəlmişkən, yalnız bundan sonra, Azərbaycanın İraqa öz əsgərlərini göndərməsindən bir ildən artıq vaxt keçəndən sonra, Ermənistan da geridə qalmamaq üçün öz əsgərlərini deyil, sürücülərini oraya göndərdi.

Bu, bizim ABŞ ilə möhkəm tərəfdaşlığımızın aydın göstəricisi oldu. Biz terrorizmə qarşı mübarizədə əməkdaşlıq edirik. Bu əməkdaşlıq çox əhəmiyyətlidir, onun artıq yaxşı tarixçəsi və hesab edirəm ki, yaxşı gələcəyi vardır. Dediyim kimi, ABŞ ilə enerji, regional inkişaf və antiterror əməliyyatları kimi müxtəlif sahələrdə yaxşı əlaqələrimiz mövcuddur. Biz hesab edirik ki, bu münasibətlərin tarixi Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut edir.

- DEVİD NAUER (İsveçrənin “Tages Anzeiger Zürich” qəzeti): Rusiya ilə Gürcüstan arasındakı qarşıdurma sizin bu hər iki ölkə ilə münasibətlərinizə necə təsir göstərmişdir?

- Təsir göstərməmişdir və hesab edirəm ki, göstərməyəcəkdir. Belə ki, istər Rusiya, istərsə də Gürcüstan ilə münasibətlərimiz özünəməxsus əhəmiyyətə malikdir. Hər iki ölkə bizim qonşumuzdur. Hər iki ölkə ilə çox yaxşı münasibətlərimiz var və bu münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Buna görə də Rusiya ilə Gürcüstan arasında baş verənlər münasibətlərimizə təsir göstərməyibdir. Biz xarici siyasətimizi prioritetlərimiz və xalqımızın maraqları əsasında həyata keçiririk. Heç bir ölkənin daxili işlərinə qarışmırıq, digər dövlətlər arasında olan münasibətlərə müdaxilə etmirik. Hesab edirəm ki, bütün ölkələr diqqətlərini öz problemləri üzərində cəmləşdirsələr, dünya daha təhlükəsiz olar, daha proqnozlaşdırıla bilən olar. Biz dostlarımızı bir-birinə dost kimi görmək istərdik.

- CEYMS KİLNER (Röyter agentliyi): İki qısa sualla Sizə müraciət etmək istərdim. Siz bildirdiniz ki, həm İran, həm də ABŞ ilə yaxşı münasibətləriniz var. Mənim üçün bilmək maraqlıdır, Siz bu münasibətləri necə tarazlaşdırırsınız?

İkinci sualım iqtisadiyyatla bağlıdır. Azərbaycan iqtisadi artıma görə dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Siz 20-25 ildən sonra neft gəlirlərinin çox yüksək səviyyədə olacağı təqdirdə, iqtisadiyyatın hansı digər sahələrini inkişaf etdirməyi planlaşdırırsınız?

- Hesab edirəm ki, başqa ölkələrlə əlaqələrimizə dair birinci sualınıza artıq mən cavab vermişəm. Azərbaycan digər ölkələrin qarşıdurma, rəqabət aparacağı yer deyildir. Biz açıq şəkildə bildirmişik ki, Azərbaycanın əməkdaşlıq məkanı olmaqda davam etməsini istəyirik. Ölkələrin bir-biri ilə yaxşı və ya pis münasibətləri ola bilər. Nə üçün Azərbaycan öz siyasətini bəzi ölkələrin əməkdaşlıq etmək istəməməsi faktı üzərində qurmalıdır? Bunun bizə heç bir təsiri yoxdur. Artıq qeyd etdiyim kimi, ABŞ ilə yaxşı münasibətlərimiz var. Bu əməkdaşlığın bir çox nümunələri mövcuddur. Eyni zamanda, bizim İranla da yaxşı münasibətlərimiz var. Bizim siyasətimizdə bu iki element bir-birinə qarşı durmur. Ola bilsin ki, bir gün siyasətimizin bu elementləri regionda daha dinc mühitin yaradılması üçün böyük əhəmiyyətə malik olacaqdır. Azərbaycanın xarici siyasəti müdrik, çox proqnozlaşdırılan və açıqdır.

Neft gəlirlərinə gəlincə deyərdim ki, Azərbaycan 1994-cü ildən həyata keçirilən layihələrdən yalnız keçən ildən etibarən əhəmiyyətli dərəcədə neft gəlirləri əldə etməyə başlamışdır. Əlbəttə, hazırda bütün enerji layihələrimiz reallığa çevrilir. Bakı-Tbilisi-Ceyhan Azərbaycanın tarixi nailiyyətidir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də ölkəmizin və ümumiyyətlə, regionun inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Biz qarşıdan gələn illərdə ölkəyə nəhəng neft gəlirlərinin axımı ərəfəsindəyik. Əlbəttə, biz 50-70 ildən sonra neftin hasilatı aşağı düşdükdən sonra nələrin baş verəcəyi barədə indidən düşünürük. Biz bu nadir imkandan istifadə etməliyik.

Hazırda biz, əsasən, təhsil və elm sahəsinə investisiya qoyuruq. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu və ya digər ölkənin uğurunu irəlicədən müəyyən edən neft və ya qaz deyil, beyin və texnologiyalardır. Biz müasir Azərbaycan naminə güclü intellektual potensialın yaradılması məqsədi ilə və eyni zamanda, gənclərin dünyada baş verənlərdən xəbərdar olması üçün gələcək nəsillərə, informasiya texnologiyalarına, iqtisadiyyatın qeyri-neft sektoruna sərmayə qoyuruq. Biz Azərbaycandakı bütün məktəblərin kompyuterləşdirilməsi proqramının həyata keçirilməsinə başlamışıq. Gələn ilin sonuna kimi Azərbaycandakı bütün 4500 məktəb, o cümlədən ən ucqar yerlərdəki məktəblər kompyuterlər və internetə çıxışla təmin olunacaqdır. Biz bunu nə üçün edirik? Ona görə edirik ki, gənclərimiz beynəlxalq ictimaiyyətin və dünya iqtisadiyyatının bir hissəsinə çevrilsin.

Digər proqram sənayenin inkişafı ilə bağlıdır. Biz hazırda qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi üzərində işləyirik. Xaricdən və Azərbaycandan qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi məqsədi ilə kapitalı 100 milyon ABŞ dolları təşkil edən Dövlət İnvestisiya Şirkəti yaratmışıq. Biz bunu neftin tükəndiyi zaman güclü iqtisadiyyata nail olmaq və gələn 5-10 il müddətində neft qiymətlərindən asılılığı minimum həddə endirmək məqsədi ilə edirik. Hesab edirəm ki, bu, mümkündür. Əgər biz möhkəm çalışsaq, - biz bunu edirik, - hazırda gündəlikdə olan bütün layihələri həyata keçirsək, iqtisadiyyatımız 5-10 ildən sonra neftdən asılı olmayacaq və Azərbaycan bu regionun mühüm sənaye mərkəzinə çevriləcəkdir.

- “EL CORREO” qəzeti (İspaniya): Əgər, ümumiyyətlə, ölkənin belə arzusu varsa, Azərbaycanın NATO-ya daxil olması mümkünlüyünün perspektivləri necədir?

- Bilirsiniz, bu məsələ təkcə bizdən asılı deyildir. Bu, ikitərəfli prosesdir. Təşkilatlar ölkənin daxil olmasını istəməlidir. Bunu ölkə də istəməlidir və buna hazır olmalıdır. Biz NATO ilə dialoq çərçivəsində də, “Sülh naminə tərəfdaşlıq proqramı” çərçivəsində də çox fəal əməkdaşlıq edirik. İki il əvvəl yeni formata keçmişik. Bu, NATO ilə “Fərdi tərəfdaşlığın fəaliyyət planı”dır. Qeyd etdiyim kimi, NATO qoşunları ilə birlikdə sülhayartma əməliyyatları aparırıq. Əməkdaşlığımız çox səmərəli şəkildə inkişaf edir. Biz bundan çox məmnunuq. Bu əməkdaşlığın haraya aparıb çıxaracağını, onun son mərhələsinin nədən ibarət olacağını zaman və vəziyyətin inkişafı göstərəcəkdir.

- ADEL SMİS (İsveçrənin Roman radiosu): Beynəlxalq Sərhədsiz Reportyorlar təşkilatının bu yaxınlarda mətbuat azadlığı ilə bağlı dərc etdiyi hesabatında Azərbaycan 134-cü yerdədir. Belə görünür ki, bu, yerli jurnalistlərin təqiblər, qorxutma və yüksək dərəcədə korrupsiya ilə bağlı bir sıra şikayətləri ilə əlaqədardır. Sizcə, ölkənizdə mətbuat azadlığının yaxşılaşdırılması üçün imkanlar varmı və bunun üçün hansı tədbirlər görülür?

- Əlbəttə ki, yaxşılaşma üçün imkanlar var. Lakin Azərbaycana və ya hər hansı digər ölkəyə gəldikdə, şəxsən mən bu cür reytinqlərə böyük şübhə ilə yanaşıram. Hesab edirəm ki, belə reytinqlər ölkədəki real vəziyyəti əks etdirmir, bəzən şəxsi yanaşmaya və ya istənilən digər səbəblərə əsaslanır. Çünki demokratiya sahəsində aparıcı hesab olunan dövlətlərin bəziləri bu siyahının ortasında, üçüncü dünya ölkələrindən kifayət qədər aşağıdadır. Bu, o qədər də inandırıcı görünmür. Səmimi deyim ki, belə reytinqlər gündəlik həyatımızda və ya Azərbaycandakı siyasi proseslərdə o qədər də əhəmiyyətli rol oynamır. Dövlət başçısı kimi mən də ona heç bir fikir vermirəm. Bununla yanaşı, əlbəttə ki, vəziyyəti daha da yaxşılaşdırmaq üçün imkanlar var. Azərbaycanın müstəqillik tarixi qısadır. Yalnız 15 ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. 15 il bundan qabaq ölkəmiz Sovet İttifaqının bir hissəsi idi və siz bunun nə olduğunu başa düşürsünüz. Biz müstəqillik qazandıqdan sonra ilk illər iqtisadiyyatın və siyasi sistemin tam tənəzzülü ilə müşayiət olunmuşdur. Yeri gəlmişkən, bu gün özlərini demokratik müxalifət adlandıranlar o vaxt qəzetləri bağlayır, jurnalistlərə hədə-qorxu gəlir, onları həbs edirdilər. 1992-93-cü illərdə müxalifətdə olan partiyamızın nümayəndələri hədə-qorxuya məruz qalır, qəddar şəkildə döyülürdülər. Bütün bunlar bu gün özlərini demokrat adlandıran şəxslər tərəfindən edilmişdir.

Sonrakı dövrlərdə yenə böyük çətinliklər oldu. Yalnız 1996-cı ilin axırı - 1997-ci ildən başlayaraq vəziyyət sabitləşdi və ölkə sürətlə inkişaf etməyə başladı. Hesab edirəm ki, Azərbaycanda azad mətbuatın təşviqi üçün bir çox işlər görülmüşdür. Azərbaycanda 500-dən artıq qəzet, bir çox televiziya kanalları, radio stansiyaları fəaliyyət göstərir. Senzura yoxdur. Yeri gəlmişkən, Azərbaycanda senzura 1992-93-cü illərdə hakimiyyətdə olan bugünkü müxalifət tərəfindən tətbiq edilmişdir. Azərbaycanda senzura Xalq Cəbhəsi hökuməti tərəfindən tətbiq olunmuşdur. Onlar bunu unutmağa çalışırlar, lakin insanların yadından çıxmır.

Bir sözlə, ölkəmizdə söz və mətbuat azadlığı var. İstədiyiniz qəzeti açsanız burada hökumət, ayrı-ayrı insanlar barəsində xoşagəlməz, təhqiredici məqalələr görə bilərsiniz. Müxalifət qəzetlərində daha çox hücumlar edilən şəxs olmağıma baxmayaraq, Prezident seçilən zaman bütün hökumət rəsmilərinə müraciət edərək, jurnalistləri onların yazdıqları yanlış məlumatlara və etdikləri təhqirlərə görə məhkəməyə verməməyə çağırdım. Bunu mən etdim, heç kim məni buna məcbur etmədi. Hesab etdim ki, bu, ölkənin demokratik inkişafı üçün vacib addımdır. Lakin təəssüf ki, bunun müqabilində gözlədiyimiz olmadı. Bu müraciət təsirsiz qaldı. Jurnalistlərin bir qismi, az bir hissəsi, dərhal belə qərara gəldi, indi onlar heç bir məsuliyyət daşımadan və azərbaycanlıların mentalitetinə diqqət vermədən istədiklərini edə bilərlər. Buna görə də insanlar hər bir demokratik ölkədə olduğu kimi, özlərini məhkəmələrdə müdafiə etməyə başladılar. Buna heç də azad mətbuata təzyiq və ya onu bağlamaq cəhdi kimi baxılmamalıdır. Əsla yox! Azad mətbuat normal inkişafın əsas elementlərindən biridir.

Bir daha qeyd edirəm ki, bizə lazım olan çoxşaxəli inkişafa nail olmaq üçün yaxşı iqtisadi göstəricilərimiz var. Siyasi islahatlar da iqtisadi islahatlarla paralel aparılır. Yalnız bu halda biz uğur qazana bilərik.

- NİV VARTER (“Russian today”): Ermənistan və Rusiya arasındakı tarixi əlaqələri və mədəni bağlılığı və habelə Çeçenistandan qaçqınların Azərbaycana axınını nəzərə alsaq, belə hesab etmirsiniz ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin və ölkənizin qaçqınlar probleminin həllinə maneçilik törədir?

- Rusiya Azərbaycanın qonşusudur. Yeri gəlmişkən deyim ki, o, Ermənistanın qonşusu deyil və onunla sərhədi yoxdur. Rusiya münaqişənin həllinin tapılmasına yardım etmək mandatına malik olan ATƏT-in Minsk qrupunun üç həmsədr ölkədən biridir. Mən sizə deyə bilərəm ki, Rusiya rəsmiləri ilə iş təcrübəmiz və onların bu münaqişənin həlli ilə bağlı apardıqları siyasət müsbətdir. Biz görürük ki, Rusiya hökuməti Ermənistan və Azərbaycanın münaqişənin dinc yolla həllinə nail olmaları üçün səmimi səylər göstərir. Buna görə də 1990-cı illərdə üzləşdiyimiz gərginlik dövrü sona çatmışdır. Biz Rusiya ilə Azərbaycan arasında həll edilməmiş bütün problemlərin aradan qaldırılmasına nail olmuşuq və indi münasibətlərimizi poza biləcək heç bir problem qalmamışdır. Əksinə, iqtisadi, siyasi və mədəni inkişaf sahələrində çox yaxşı nailiyyətlərimiz var.

Bu il Azərbaycanda Rusiya İlidir və o, başa çatmaq üzrədir. Ötən il Rusiyada Azərbaycan İli olmuşdur. Mən artıq bu məsələyə toxunmuşam, başqa dövlətlər arasındakı münasibətlər, onların tarixi və digər əlaqələri bizim aramızda olan münasibətlərə mane olmamalıdır.

Siz qeyd etdiniz ki, Rusiya ilə Ermənistan arasında yaxşı münasibətlər var. Bəli, bu, doğrudur. Lakin mən hesab etmirəm ki, bu, Rusiyanın, Ermənistanla olduğu kimi, Azərbaycanla da yaxşı münasibətlərə malik olmasına mane olur. Hazırda biz bunun şahidi də oluruq. Əgər biz Ermənistan və Azərbaycanın vacibliyini müqayisə etsək, onda hansı ölkənin vacib olduğunu görərik. Əməkdaşlıq, enerji, coğrafi mövqe, siyasi vəziyyət, geosiyasi mövqe baxımından və istənilən digər nöqteyi-nəzərdən Ermənistan ilə Azərbaycanın əhəmiyyətini, əlbəttə ki, müqayisə etmək olmaz. Ona görə də bu, əlavə gərginlik yarada bilən bir element sayıla bilməz.

Qaçqınlara gəlincə, deməliyəm ki, Azərbaycan təcavüz qurbanıdır. Qaçqın həyatının nə olduğunu biz bilirik. Çeçenistandan insanlar özlərinin və ailələrinin həyatlarını müharibədən xilas etmək üçün Azərbaycana gələndə bir qonşu və dost kimi ölkəmiz ehtiyacı olan insanlar üçün öz qapılarını açdı. Burada, Qafqazda belə qəbul olunubdur.

- BORİS ANZOV: Salaməleyküm. Mən Bolqarıstan informasiya agentliyinin müxbiriyəm. Səmimi qəbula görə Sizin mətbuat xidmətinizə minnətdarlığımı bildirirəm. Mən həm də Rusiya Xalqlar Dostluğu Universitetinin məzunuyam. Bilirəm ki, Siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmisiniz. Dünən iqtisadiyyat naziri ilə görüşdə naziriniz dedi ki, respublikada gənclərlə bağlı xüsusi dövlət proqramı var. Bu yaxınlarda Rusiya Xalqlar Dostluğu Universitetində Sizin adamların gənclərlə necə işlədiyini gördüm. Həqiqətən, bu, böyük işdir. Biz iki gündür buradayıq və mən Sizin siyasətinizlə bağlı sosioloji sorğu aparmışam. Deyə bilərəm ki, Sizin ünvanınıza bir dəfə də olsun pis fikrə, yaxud tənqidə rast gəlmədim. Hamı deyir ki, Azərbaycanda bütün işlər Sizin köməyiniz sayəsində görülür. Mənim Sizə bir sualım var. Siz Bolqarıstanla Azərbaycanın qarşılıqlı münasibətlərini necə görürsünüz?

- Şərhinizə görə təşəkkür edirəm. Biz həqiqətən də çalışırıq ki, insanların həyatı yaxşılaşsın. Prezident kimi mənim başlıca vəzifəm insanlara xidmət etməkdir. Ola bilsin, bu, çox təmtəraqlı səslənir, lakin həqiqətən belədir. Azərbaycanda görülən bütün işlər insanların daha firavan yaşamasına, iqtisadi durumun yaxşılaşmasına, Azərbaycanın mövqeyinin dünyada və regionda möhkəmlənməsinə xidmət edir. Artıq bu gün həmin mövqelər həlledicidir. Biz istəyirik ki, qanunun aliliyinin hökm sürdüyü, adət və ənənələrimizə çox güclü şəkildə bağlı olan, əməkdaşlıq üçün açıq olan müasir dövlət yaradaq.

Bolqarıstanla münasibətlərimizə gəldikdə isə deməliyəm ki, bu, kifayət qədər yüksək səviyyədədir, bizim çox fəal dialoqumuz var. Ötən il Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdi, bu il isə mən Bolqarıstanda rəsmi səfərdə olmuşam, biz çoxlu ikitərəfli sazişlər imzalamışıq. Biz regional formatda çox fəal əməkdaşlıq edirik. Bolqarıstanın Avropa İttifaqının üzvünə çevriləcəyi bir vaxtda biz Azərbaycanın Avropaya inteqrasiyasının bundan sonra da dəstəklənəcəyinə ümid bəsləyirik. Biz güclü Mərkəzi Asiya-Qafqaz-Qara dəniz hövzəsi qurşağı yaradılması kimi iri regional geosiyasi təşəbbüslər üzərində birgə işləyirik. Bunun üçün ikitərəfli səviyyədə yaxşı perspektivlər var. İndiki halda Azərbaycan çoxtərəfli xarakter daşıyan bir çox təşəbbüslər irəli sürmüşdür. Zənnimcə, bu, etimadın möhkəmlənməsinə, regionun, ölkələrin inkişafına kömək göstərəcəkdir. Məsələn, nəqliyyat məsələsi. Asiya ilə Avropa arasında nəqliyyat əlaqəsindən danışarkən Azərbaycandan yan keçmək olmaz, coğrafiya da buna imkan vermir, üstəlik, biz güclü nəqliyyat infrastrukturu yaradırıq və artıq nəqliyyat mərkəzinə çevrilmişik. Ona görə də həm bu baxımdan, həm ikitərəfli münasibətlər, həm də Avropa İttifaqı-Azərbaycan münasibətləri baxımından Bolqarıstanla əlaqələrimiz çox müsbətdir. Bundan əlavə, sizin ölkəyə səfərimdən çox məmnun qalmışam. Çox əla və gözəl ölkədir, xalqınız mehriban və qonaqpərvərdir. Mən Bolqarıstanda özümü evdəki kimi hiss edirdim. Ona görə də bütün bolqar dostlarıma mənim ən yaxşı arzularımı çatdırmağınızı xahiş edirəm.

- TOT PRİİNS (Bloomberq agentliyi): Keçən həftə ölkənizin hərbi büdcəsi hökumətinizin diqqət mərkəzində olmuşdur. Gələn il hərbi büdcənizin bir milyard dollardan artıq olacağı gözlənilir. Bilmək istərdim ki, hansı silahları və hansı dövlətlərdən alırsınız, əsgərlərinizə təlimi kim keçir?

İkinci sualım da var. Bəzi mətbuat orqanlarında hökumətiniz daxilində parçalanmanın olması barədə məqalələr dərc edilmişdir. Siz bu barədə nə deyə bilərsiniz?

- Nazirlər Kabinetinin son iclasında ilin ötən 9 ayının nəticələrini müzakirə etdik və bu nəticələr çox müsbətdir. Biz dünyada ən yüksək, 34-35 faizlik ümumi daxili məhsul artımına malikik. Dünyada ən yüksək, təqribən 40 faizlik sənaye istehsalı artımına və ola bilsin ki, ən sürətlə artan büdcəyə malikik. Ona görə də biz yalnız hərbi büdcəni ümumi kontekstdən çıxarmamalıyıq. Hərbi büdcə ümumi büdcənin bir hissəsidir. Üç il bundan əvvəl Azərbaycanın büdcəsi 1,5 milyard dollar olanda, əlbəttə ki, hərbi büdcə də aşağı səviyyədə idi. Nəzərə alsaq ki, gələn il Azərbaycanın büdcəsi təxminən 6,5 milyard dollar olacaq, bu halda, əlbəttə, hərbi büdcə də artır. Bu, təbiidir. Çünki bütün digər sahələr - təhsil, səhiyyə, infrastruktur sahəsi üçün ayrılan xərclər də artır. Burada xüsusi heç bir şey yoxdur. Azərbaycanın yalnız hərbi büdcəsi artsaydı, bəzi təşkilatların narahatlığını başa düşərdim.

Lakin bununla yanaşı, biz müharibə vəziyyətindəyik və güclü olmalıyıq. Hazırda danışıqlar, sülh prosesi gedir. Ancaq eyni zamanda, uzaq və yaxın tarixdən anlayırıq ki, güclüsənsə, məqsədlərinə çatmaq üçün qüdrətin və qabiliyyətin varsa, danışıqlar prosesində mövqeyin də güclənməyə başlayır. Biz buna nail oluruq. Biz diplomatik formatda işləyirik, beynəlxalq təşkilatlarla işləyirik.

Keçən ilin yanvar ayında Avropa Şurası kimi təşkilat Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən qətnamə qəbul etmişdir. Demək olar ki, on illik fasilədən sonra BMT yenidən bu məsələyə qayıtmışdır və biz postsovet məkanında dondurulmuş münaqişələrə dair məsələnin müzakirə olunması təşəbbüsü ilə çıxış etmişik.

Avropa İttifaqı ilə qonşuluq proqramında münaqişənin Azərbaycanın ərazi bütövlüyünə hörmət əsasında həll edilməsinə dair müddəa var və bu da çox vacibdir. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Birləşmiş Millətlər Təşkilatı tanıyır, Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya, Fransa tanıyır, Avropa İttifaqı tanıyır, Ermənistan isə yox.

Eyni zamanda, biz İslam Konfransı Təşkilatı, müsəlman dünyası ilə də əməkdaşlıq edirik. Bu təşkilatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr də çox müsbətdir. Bu, məsələnin diplomatik tərəfidir. Biz iqtisadi sahədə də fəaliyyət göstəririk. İqtisadi cəhətdən qüdrətlənirik. Ermənistan bu baxımdan bizimlə rəqabət apara bilməz. Vaxt ötdükcə, biz daha da güclü olacağıq, imkanlarımız daha da artacaqdır. Eyni zamanda, biz hərbi sahədə də çalışırıq. Bu, təbiidir. Hər bir dövlət bunu edər. Ola bilsin, gündəliyimizin bu formatı çox genişdir. Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün bir nömrəli məsələdir. Bu münaqişədən başqa bizim heç bir böyük problemimiz yoxdur.

Mən artıq yoxsulluğun azaldılması, işsizlik probleminin həlli və digər məsələlərə toxundum. Lakin Dağlıq Qarabağ probleminə biz bir nömrəli problem kimi baxırıq. Biz bu münaqişənin beynəlxalq hüquq əsasında həll edilməsi üçün zəruri olan bütün işləri görəcəyik.

Hökumətdə parçalanmaya dair qeyd etdiyiniz məqalələrə gəldikdə isə, deməliyəm ki, bütün bunlar jurnalistlərin uydurmasından başqa bir şey deyildir. Bəzən qəsdən belə yanlış məlumatlar yayılır. Bilirik ki, belə şayiələrin əsas mənbəyi müxalifət qəzetləridir. Bunun səbəbləri müəyyən mənada aydındır. Çünki bu gün Azərbaycanda gördüyümüz vəziyyət hökumətimizə qarşı özlərini müxalifət adlandırmağa çalışan həmin qüvvələrin tam iflası, onların tarixinin sonu deməkdir. Çünki onlar 13 ildir ki, müxalifətdədirlər və bu günə qədər xalqımız üçün cəlbedici ola biləcək heç bir ideya irəli sürməyiblər. Bu 13 il ərzində onların bütün fəaliyyəti hökumətin tənqid olunmasına əsaslanır. Lakin həmin 13 il ərzində hökumət böyük işlər görübdür. Biz boru kəmərləri tikmişik, yaşayış şəraitini yaxşılaşdırmışıq, müasir ölkə yaratmışıq, Avropa Şurası kimi beynəlxalq təşkilatların üzvü olmuşuq. Hazırda biz Avropa İttifaqının qonşusuna çevrilirik. Biz Birləşmiş Ştatların güclü tərəfdaşıyıq, Rusiya ilə yaxşı münasibətlərimiz və tərəfdaşlığımız var. Regionda öz mövqeyimizi tutmuşuq və iqtisadi baxımdan güclüyük. Bütün bunlar müxalifətin bizi tənqid etməyə çalışdığı həmin 13 ildə baş veribdir.

Bu gün xalq Azərbaycanda nəyin baş verdiyini, bizim gündəliyimizdə və onların gündəliyində nəyin olduğunu görür. Bundan əlavə, hər hansı siyasi qüvvə müəyyən bir nailiyyət əldə etməyə çalışdığı zaman, ilk növbədə, özünə və xalqa hörmət etməlidir. Onlar parlament seçkilərində yenidən uğursuzluğa düçar olduqda nə etdilər?! Öz qəzetlərində ABŞ-a hücum etməyə başladılar. Parlament seçkilərindən əvvəl onlar belə şayiələr yayırdılar ki, Qərb Azərbaycanda inqilab planlaşdırır. Təbii ki, bu, tam yanlış məlumat idi. Onlar hər zaman özlərini son dərəcə qərbyönümlü qüvvə kimi təqdim etməyə çalışırdılar. Parlament seçkiləri başa çatdıqdan və təbii ki, heç bir dəstək almadıqdan dərhal sonra onlar Birləşmiş Ştatlara, Avropaya, Avropanın aparıcı ölkələrinə, Avropa təşkilatlarına hücuma keçməyə başladılar. Siz yalnız bunu təsəvvür edin ki, həmin insanlar hakimiyyətə gəlsələr, nələr baş verər?! Onların siyasəti nə ola bilər?! Onların Qərb dünyasına münasibəti necə ola bilər?! Əgər görsələr ki, gözləntilərindən bəziləri reallaşmır, onda arxalarını çevirəcəklər.

Bir sözlə, bu, həmin yazıların əsas mənbəyidir. Onlar hesab edirlər ki, bizi zəiflətmək məqsədi ilə müxalifət üçün, belə desək, yeganə vasitə hökumətdə süni parçalanma yaratmağa çalışmaqdan ibarətdir. Bu da ki, düzgün deyil, hökumətimiz güclü və möhkəmdir. Bizim gücümüz xalqın dəstəyindədir. Buna görə də həmin şayiələr reallıqdan uzaqdır. Biz xalqın əksəriyyəti tərəfindən dəstəklənən çox möhkəm hökumət sisteminə malikik.

Bəzən Azərbaycanda baş verənləri tənqid edirlər. Mən beynəlxalq mətbuatı izləyirəm. Lakin, eyni zamanda, biz görəndə ki, Azərbaycan xalqının tam əksəriyyəti bizi dəstəkləyir, bu o deməkdir ki, biz haqlıyıq, bizi tənqid edənlər isə yox. Bu, əsas nəticədir. Bizim üçün Azərbaycanın dünyada hansı şəkildə təqdim edilməsi, onun beynəlxalq nüfuzu və ölkəmizin imici olduqca vacibdir. Lakin səmimi olaraq deyirəm ki, Azərbaycanın ən ucqar kəndindəki vətəndaşın Azərbaycan və onun hökuməti haqqında nə düşünməsi bir Prezident kimi mənim üçün ən vacib məsələdir. Çünki ölkənin necə olacağını və hökumətin fəaliyyətinin səmərəli olub olmaması ilə bağlı qiymət verilməsini məhz o, həll edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib