Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Xatırlayıram, 2006-cı ilin yekunlarına həsr olunmuş iclasdakı çıxışımda mən bütün nailiyyətlərlə yanaşı, bizi narahat edən məsələlərə də toxundum və bir daha bu barədə danışmaq istəyirəm. Xüsusilə Azərbaycanda müşahidə olunan iqtisadi artım, büdcənin artımı, maaşların və pensiyaların artması istər-istəməz, inflyasiyanın da artmasına təsir göstərir. Burada qeyd olundu, 2007-ci ilin birinci rübündə inflyasiya 16 faiz təşkil etmişdir. Bu, çox böyük rəqəmdir və biz çalışmalıyıq ki, ikinci rübdə və ilin sonuna qədər inflyasiyanı maksimum dərəcədə aşağı salaq. Əminəm ki, biz buna nail olacağıq. Hər bir sürətlə inkişaf edən ölkədə, istər-istəməz, qiymətlər artır. Bu, bazar iqtisadiyyatının qanunudur. Azərbaycan da bazar iqtisadiyyatına tam şəkildə öz sadiqliyini göstəribdir. Bizim uğurlu iqtisadi islahatlarımız və iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər məhz buna əsaslanır.
Bazar iqtisadiyyatı bütün inkişaf etmiş ölkələrdə uzun illər ərzində mövcud olan prinsipdir və əks yanaşmanın, yəni planlı iqtisadiyyatın nə ilə nəticələnəcəyini də biz yaxşı bilirik. Sovet İttifaqının dağılmasının səbəblərindən biri də o idi ki, planlı iqtisadiyyat dünyada gedən rəqabətə artıq dözə bilmirdi. Məhz bazar iqtisadiyyatı prinsipləri hər bir ölkənin iqtisadi tərəqqisini təmin edir. Azərbaycan da artıq dünya birliyinin bir hissəsidir. Biz dünya iqtisadiyyatına çox sürətlə inteqrasiya edirik və əlbəttə ki, dünyada gedən proseslər, xüsusilə iqtisadi sahədə gedən proseslər bizə də təsir göstərir. Dünyada neftin qiymətinin kəskin şəkildə artması bizə də öz təsirini göstərir, çünki hələ ki, bizim istehlak bazarımız xeyli dərəcədə idxaldan asılıdır.
Bizim bütün səylərimiz yerli istehsalın gücləndirilməsinə yönəldilmişdir. Sahibkarlığın inkişaf etdirilməsinin, Dövlət İnvestisiya Şirkətinin yaradılmasının da əsas səbəbi odur ki, Azərbaycanda istehlak olunan mallar, məhsullar daxildə istehsal edilsin. Belə olan halda, biz xüsusilə dünyada neftin qiymətinin artması ilə müşahidə olunan ümumi bahalaşmaya davam gətirə biləcəyik. Çünki son 2-3 il ərzində neftin qiyməti 3 dəfə qalxıbdır və beləliklə, bütün malların qiyməti artıbdır və bu, bizə təsir göstərir. Bunlar təbii səbəblərdir.
Eyni zamanda, süni səbəblər də var. Heç cür başa düşmək mümkün deyil ki, nə üçün məhz Azərbaycanda istehsal olunan məhsulların qiyməti kəskin şəkildə artır. Bunun heç bir təbii izahı yoxdur. Sadəcə olaraq, burada qeyri-sağlam rəqabətdən, inhisarlardan söhbət gedir və möhtəkirlikdən söhbət gedir. Bu məsələyə biz çox ciddi diqqət verməliyik. Çünki qiymətlərin artımı məni çox narahat edir.
Bizim bütün sahələrdə çox gözəl iqtisadi uğurlarımız var: makroiqtisadi göstəricilər, ümumi daxili məhsulun artımı, əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artırılması, eyni zamanda, investisiya proqramlarımız, regionların abadlaşması, məktəb, xəstəxana tikintisi. Yəni haraya baxsan, hər bir sahədə bizdə çox ciddi irəliləyiş var. İqtisadiyyatda yeganə yaralı yerimiz qiymətlərin artımıdır. Biz bununla mübarizə aparırıq.
Yarmarkaların təşkil olunması, əlbəttə ki, bu istiqamətdə atılan çox mühüm addımdır. Ancaq başqa addımlar da atılmalıdır.
Mən yenə də demək istəyirəm ki, bizim inzibati imkanlarımız bir qədər məhduddur. Çünki bizdə, ümumiyyətlə, iqtisadiyyatın, demək olar ki, 80 faizi özəl sektorda formalaşır. Ticarətə gəldikdə isə, 100 faiz özəl sektordadır. Bütün dükanlar, bazarlar, bütün məişət xidməti obyektləri özəl mülkiyyətdədir. Ona görə dövlətin buna təsiri məhduddur. Ancaq imkanlardan da istifadə etməliyik. O cümlədən inzibati amillərdən istifadə etməliyik. Qanunsuz əməllərə yol verən sahibkarları cəzalandırmalıyıq. Süni şəkildə qiyməti qaldıran firmalara, şəxslərə qarşı ciddi təzyiq göstərilməlidir, onlar cəzalandırılmalıdır. Yoxsa, belə çıxır ki, biz bütün bu işləri görürük, 3-4 il ərzində icmal büdcəni 1 milyard dollardan 8 milyard dollara şatdırmışıq. Əmək haqları, pensiyalar kəskin şəkildə artıbdır. Ancaq bundan da möhtəkirlər faydalanır, onlar bu gözəl imkanlardan istifadə edir, daha da varlanırlar. Ona görə biz buna yol verə bilmərik, həm makroiqtisadi sahədə ciddi tədbirlər görülməlidir, eyni zamanda, inzibati addımlar da atılmalıdır.
Biz büdcə artımlarını dayandıra bilmərik. Yəqin ki, gələn ay büdcəyə yenidən baxılacaq, dürüstləşdirmə aparılacaqdır. Büdcənin artımı da olacaqdır və bu, istər-istəməz, yenə də inflyasiyanın artmasına təsir göstərəcəkdir.
Digər tərəfdən o da var ki, bazar hər şeyi özü tənzimləyir. Məndə olan məlumata görə, bazarda məhsul qalmır, hər şey satılır. Bu onu göstərir ki, Azərbaycanda alıcılıq qabiliyyəti yüksəkdir. Amma o da faktdır ki, hər kəs bunu ala bilmir. Yəni orta təbəqə formalaşıbdır, yaxud da zəngin təbəqə var və qiymətlərin artımı onlara o qədər də böyük təsir göstərmir. Amma kasıblar da var. Onlar o məhsulları, ərzaq məhsullarını ala bilmirlər. Biz onların haqqında fikirləşməliyik.
Ona görə bir də deyirəm ki, bazarın bu işləri tənzimləməsi bizi arxayın etməməlidir ki, bazar iqtisadiyyatı şəraitində yaşayırıq, bazarda hər şey satılır, deməli, tələblə təklif uzlaşır. Bu, belədir. Amma biz fikirləşməliyik ki, yoxsul təbəqə bu qiymətlərə necə dözə bilsin.
Şübhəsiz ki, biz bundan sonra da sosial proqramları daha ciddi reallaşdıracağıq və inflyasiyanın qalxması bizi əmək haqlarının, pensiyaların artırılmasından çəkindirməyəcəkdir. Çünki bu, təbii prosesdir və Azərbaycan xalqının rifah halı yaxşılaşır. Mənim giriş sözümdə gətirdiyim rəqəmlər bunu bir daha göstərir. Baxmayaraq ki birinci rübdə 16 faiz inflyasiya var, ancaq əhalinin pul gəlirləri də 33 faiz artmışdır. Növbəti aylarda biz inflyasiyanı aşağı salacağıq. Ancaq bu məsələ barədə biz çox ciddi fikirləşməli və lazımi işlər görməliyik. Ona görə bir daha mən xüsusilə bu məsələyə diqqət yönəltmək istəyirəm, çünki bizi ən çox narahat edən məsələlərdən biri də budur.
O ki qaldı başqa istiqamətlərə bütün işlər proqramlar üzrə gedir. Bütün sahələri əhatə edən - istər iqtisadi sahədə, tikinti sahəsində, infrastruktur layihələrində, sosial məsələlərin həllində proqramlar var. İndi biz, faktik olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi, - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. Çünki buna da böyük ehtiyac var, xüsusilə Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.
Bu sahədə vəsaitə qənaət etməməliyik. Çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.
Enerji təhlükəsizliyi məsələlərinə də biz çox ciddi yanaşırıq. Bildiyiniz kimi, keçən il və bu ilin əvvəlində 5 yeni elektrik stansiyası istismara verilmişdir. Bu proses davam edəcəkdir. Biz özümüzü tam şəkildə təmin edəcəyik, eyni zamanda, gələcəkdə elektrik enerjisinin ixracına da başlaya bilərik. Bununla bərabər, hesab edirəm ki, elektrik stansiyaları kifayət qədər tikilib və tikilməkdə olan stansiyalarla birlikdə bu problemi həll edəcəkdir. İndi biz diqqəti ötürücü xətlərə yönəltməliyik. Orada da investisiyalara böyük tələbat var. Təsadüfi deyil ki, mən Prezident fondundan 15 milyon manatı məhz ötürücü xətlərin yeniləşməsinə yönəldirəm. Bu, həmin işin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Ümid edirəm ki, 2007-2008-ci illərdə elektrikötürmə xətlərində tam yeniləşmə gedəcəkdir. Paylayıcı qurumlar bunu öz vəsaiti hesabına etməlidir, amma, əlbəttə ki, dövlət də yardımını əsirgəməyəcəkdir.
Azərbaycan, bütövlükdə, dünya enerji bazarında öz yerini tutan bir ölkədir. İldən-ilə artan neft-qaz hasilatımız, əlbəttə ki, bizim imkanlarımızı artırır. Eyni zamanda, Azərbaycanın güclü neft-qaz ölkəsi kimi mövcudluğu bütün regiona çox müsbət təsir göstərir. Əlbəttə ki, bu günə qədər olduğu kimi, biz növbəti illərdə də böyük neft-qaz hasilatından səmərəli istifadə edəcəyik. Bütün neft gəlirləri Neft Fondunda şəffaf şəkildə saxlanılacaq və yalnız büdcə formalaşanda ondan transfert məsələləri həll olunacaq və parlament də bu məsələyə öz münasibətini bildirəcəkdir. Parlament vasitəsilə, demək olar ki, bütün Azərbaycan xalqı büdcənin formalaşmasında və eyni zamanda, neft gəlirlərinin ədalətli bölüşdürülməsində iştirak edir. Bu, başlıca şərtdir və bizim uğurlarımızın əsasıdır. Çünki Azərbaycanda bütün neft gəlirləri şəffaf şəkildə həm saxlanılır, həm də onların xərclənməsi xalq tərəfindən həyata keçirilir.
Biz bu il kənd təsərrüfatına yardım proqramına başladıq. Əminəm ki, ayrılan 80 milyon manat vəsait kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaqdır. Yəqin ki, birinci rübdə kənd təsərrüfatı istehsalının 5 faiz artmasının səbəblərindən biri də budur. Çünki keçən il kənd təsərrüfatı istehsalında o qədər də böyük artım olmamışdır. Ancaq bu, həm iqtisadiyyat üçün çox böyük sahədir, həm də bunun böyük sosial mənası var. Əhalinin, demək olar ki, yarısı kəndlərdə yaşayır. Kənd təsərrüfatının inkişafına lazım olan bütün dəstəyi verməliyik və inkişaf etmiş ölkələrin təcrübəsini də öyrənməliyik. Bir sıra inkişaf etmiş ölkələrdə kənd təsərrüfatına dövlət subsidiyaları verilir və biz də buna getməliyik. İndi iqtisadi imkanlarımız buna yol verir. Bu sahədə, həm böyük potensial var, həm də, əlbəttə ki, emal müəssisələri də yaranmalıdır. Bu məsələlər bir-biri ilə bağlıdır.
Dövlət İnvestisiya Şirkətinin fəaliyyətə başlaması məni sevindirir. Ləng hərəkətlərinə görə mən əvvəllər onları çox tənqid etmişdim. Ancaq indi görürəm ki, Dövlət İnvestisiya Şirkətinin artıq real layihələri var. Bu layihələr, əlbəttə ki, Azərbaycanın iqtisadi potensialını qaldıracaq və xarici investorların, xüsusilə qeyri-neft sektoruna cəlb olunması üçün çox müsbət rol oynayacaqdır.
Bizim indi neft-qaz sahəsində investisiyalara böyük ehtiyacımız yoxdur. İndi özümüz xaricə investisiyalar qoyuruq, Neft Şirkətinin prezidenti bu barədə danışdı, bir qədər sonra mən də bu məsələlərə toxunacağam. Amma qeyri-neft sektoruna investisiyaların cəlb olunması bizim üçün indi prioritet məsələdir. Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti və investor kimi layihələrdə iştirakı xarici investorları, yaxud da ki, yerli investorları daha da ruhlandırır, onları investisiya qoymağa sövq edir. Beləliklə, 100 milyon kapitalı olan Dövlət İnvestisiya Şirkəti yəqin ki, ən azı, 300 milyon dollar kredit resursları da cəlb edə bilər.
Qeyri-neft sektorunun inkişafında da müsbət meyillər var, 12 faiz artıbdır. Bu da çox böyük göstəricidir. Bizə zidd olan qüvvələr bəzən iqtisadi uğurlarımızı ancaq neft amili ilə bağlamaq istəyirlər. Halbuki, bunda da heç bir qəbahət yoxdur, bir sıra ölkələr var ki, onların bütün siyasi və iqtisadi siyasəti enerji üzərində qurulubdur. Onların uğurları məhz bunun əsasında qurulubdur və hər bir ölkənin təbii ehtiyatları o ölkənin inkişafına xidmət göstərir. Haradasa, kənd təsərrüfatı inkşaf edib, o da təbii resursdur. Haradasa, neft-qaz, haradasa, başqa təbii sərvətlər var. Yəni bunda heç bir qəbahət yoxdur. Amma bununla bərabər, bizim siyasətimiz ondan ibarətdir ki, arxayınçılığa yol verməyək. Baxmayaraq ki, bir daha demək istəyirəm, bizim neftimiz, qazımız Azərbaycan xalqına ən azı 100 il xidmət edəcəkdir. Ən azı! Nəzərə alsaq ki, 100 ildən sonra yəqin, yeni texnologiyalar kəşf ediləcək və Yerin təkinin daha dərin laylarına çatmaq mümkün olacaq, deməli, ondan sonra da təmin edəcəkdir. Amma bizim siyasətimizin əsas özəlliyi ondadır ki, neft gəlirləri ölkəyə hələ təzə-təzə daxil olmağa başlasa da, biz indidən bunları qeyri-neft sektoruna, iqtisadiyyatın başqa sahələrinə yönəldirik. Qeyri-neft sektorunda 12 faiz artımın olması özlüyündə çox böyük göstəricidir və məni çox sevindirir. Əlbəttə ki, buna, bizim bütün iqtisadi uğurlarımıza təkan verən neft amilidir. Mən rayonlara, regionlara çox tez-tez gedir, yerli sahibkarlar tərəfindən tikilən, yaradılan müəssisələrlə tanış oluram. Bir çox hallarda o ilkin kapitalın mənşəyi də neft amilindən asılıdır. Yerli şirkət xarici neft şirkətləri üçün hansısa bir müqaviləni həyata keçirib pul əldə edib və onu investisiya kimi qoyur. Yəni, bunu biz bilməliyik, bu, uzun illər ərzində hələ Azərbaycanın iqtisadi potensialını müəyyən edəcəkdir.
Ancaq bir daha demək istəyirəm ki, qeyri-neft sektoru inkişaf edir, sahibkarlıq inkişaf edir. Dövlət xətti ilə Sahibkarlığa Kömək Milli Fondundan kreditlər ayrılır, onların məbləği ildən-ilə artır. Bu il səhv etmirəmsə, 100 milyon dollardır, gələn il bəlkə də bunu artırdıq. Dövlət İnvestisiya Şirkətinin də 100 milyon kapitalı var. Bu 200 milyon birbaşa dövlət tərəfindən Azərbaycana qoyulan investisiyalardır. Özəl sektoru da əlavə etsək, görərik ki, daxili investisiyalar bunun hesabına qoyulur. Keçən il Azərbaycana qoyulan investisiyaların təxminən 40 faizi daxili investisiyalardır. Əvvəlki illərdə bəlkə 5 faiz, 10 faiz idi. Amma bu 40 faiz milyardlarla dollarla ölçülür. Yəni bu, onu göstərir ki, Azərbaycanda güclü biznes qurumları yaranır və mən də bunu çox alqışlayıram. Mən istəyirəm ki, ölkəmizdə bizneslə məşğul olan bir çox güclü şirkətlər olsun. Onlar həm ölkəmizin iqtisadi potensialına öz töhfəsini versinlər, həm də dünya bazarlarına çıxsınlar, başqa ölkələrdə layihələrdə iştirak etsinlər. Əlbəttə ki, biz dövlət tərəfindən gələcəkdə də bunu təşviq edəcəyik.
Prioritetlərdən biri də informasiya-kommunikasiya texnologiyalarıdır. Mən buna çox böyük əhəmiyyət verirəm. Bu, ölkənin ümumi inkişaf dinamikasını göstərən bir sahədir. Bu sahədə çoxlu yeniliklər, çoxlu ixtiralar var. Azərbaycan da bu sahədə qabaqcıl yerlərdədir. Biz bu sahəyə böyük investisiyalar qoymaq fikrindəyik. Xarici şirkətləri, dünyanın aparıcı informasiya-kommunikasiya şirkətlərini Azərbaycana dəvət etmişik və onların da Azərbaycanla işləməyə böyük maraqları var. Biz indi texnoparkların yaradılması üzərində işləyirik. Bir də demək istəyirəm ki, dövlət öz tərəfindən bu sahəyə investisiya qoymağa hazırdır. Biz, tanınmış şirkətlərlə, sadəcə tərəfdaşlıq etmək istəyirik. Bu sahənin çox böyük gələcəyi var və bəlkə də, neft sektorundan sonra ölkəmizi inkişaf etdirən ikinci sahə ola bilər.
Turizm sahəsinə diqqət göstərilir və 2007-ci ildə bu sahədə, xüsusilə, qış turizminin inkişafı üçün böyük işlər görmək planlaşdırılır. Yəqin ki, yaxın zamanlarda Azərbaycanda müasir, dünya səviyyəli qış kurortunun yaradılması üçün təqdimat keçiriləcəkdir. Qusar rayonunda artıq yerlər müəyyən olunub və Azərbaycan qış turizmi mərkəzinə çevrilə bilər. Bunun bütün şimal bölgəsinə, orada yaşayan insanlara çox müsbət təsiri olacaqdır.
Biz artıq ikinci rübdə 2008-ci ilin büdcəsi üzərində də işləməyə başlamalıyıq və baxmalıyıq ki, büdcənin əsas parametrləri nə olacaqdır. Bir daha demək istəyirəm ki, makroiqtisadi vəziyyəti qorumaq şərtilə, biz, eyni zamanda, büdcəmizi də artırmalıyıq. Həm sosial proqramların həlli üçün, həm də maaşların, pensiyaların artırılması üçün buna böyük ehtiyac, böyük tələbat var. Maaşlar, pensiyalar çox sürətlə artır, amma hələ ki, bizi tam şəkildə qane etmir. Baxmayaraq ki, Azərbaycanda orta əmək haqqı təxminən 200 dollardır. Bu, postsovet məkanında yerləşən ölkələr üçün çox böyük göstəricidir. Amma bundan da böyük olmalıdır. Yəni, Azərbaycanda əmək haqqı insanın tələbatını tam ödəməlidir və biz bu yolda uğurla addımlayırıq. Ona görə biz makroiqtisadi sabitliyi nəzərə almaqla, büdcə artımına getməliyik. Yaxşı olar ki, bunu nəinki Neft Fondundan transfertlər hesabına, daha çox daxili imkanlar hesabına, maliyyə nizam-intizamının möhkəmlənməsi hesabına edək.
Neft Fondunun və Milli Bankın valyuta ehtiyatları bizim strateji resursumuzdur. İndi bu, 4 milyard 100 milyon dollardır. Ondan sonra 10 milyard dollar olacaqdır. Beynəlxalq Valyuta Fondu indi yeni bir rəqəm bildirdi ki, Azərbaycan 200 milyard dollar qazanacaqdır. Bir neçə ay bundan əvvəl 140 milyard dollar demişdi, indi orada da dəqiqləşmə getdi və 200 milyard dollar deyirlər. Bu, bizi arxayın etməməlidir. Biz bunu saxlamalıyıq və əlbəttə, ölkənin ehtiyacları üçün istifadə etməliyik. Ancaq çalışmalıyıq ki, büdcəmizi daxili imkanlar hesabına formalaşdıraq.
Bizdə büdcə artımı çox sürətlə gedir. 2006-cı ildə büdcə xərcləri 77 faiz artmışdır. 2007-ci ilin büdcəsi 2006-cı ilə nisbətən 45 faiz artmışdır. Bilirsiniz ki, bu da çox nadir hallarda müşahidə olunan artımdır. Yəni biz bütün sahələrdə çox yüksək sürət götürmüşük. Mənim də tələbim budur ki, işi keyfiyyətlə, qısa müddət ərzində görmək və Azərbaycanın bütün ehtiyaclarını maksimum dərəcədə təmin etmək.
İnfrastruktur layihələri çox böyük əhəmiyyət kəsb edir. İndi biz enerji infrastrukturunu yeniləşdiririk, stansiyalar tikilib, yenə tikiləcəkdir. Özəl şirkətlər tərəfindən də maraq göstərilir və mən də buna müsbət baxıram. Qoy, özəl şirkət gəlsin, elektrik stansiyası tiksin və özü də işlətsin. Yollar, körpülər, abadlıq işləri. İndi bütün magistral yollarda tikinti gedir və bu yaxınlarda yenə gedəcəkdir. Bakı-Rusiya, Bakı-Gürcüstan, Bakı-İran sərhədlərinə gedən yollarda müasir dünya səviyyəsində əsaslı tikinti işləri gedir. Şəhərlərarası yollar təmir edilir. Biz bu yaxınlarda “Azəryolservis” şirkəti yaratdıq ki, bu sahədə daha da səmərəli işlər görülsün.
Bakı şəhərinin yollarında tıxac problemi aradan qaldırılır, gözəl körpülər tikilir. 9-u planlaşdırılıb, amma indi mənə deyirlər ki, bu, kifayət etməyəcəkdir. Bundan sonra da tikəcəyik, bütövlükdə bütün avtomobil hərəkəti sistemini müasir səviyyəyə çatdırmalıyıq. Ancaq təkcə yolların, körpülərin tikintisi kifayət deyildir. İnkişaf etmiş ölkələrdəki kimi, bizdə də müasir tənzimləmə sistemi olmalıdır.
Bir sözlə, biz bu yüksək sürəti saxlamalıyıq və artırmalıyıq. Çünki yenə də deyirəm, mən istəyirəm ki, çox qısa müddət ərzində Azərbaycan sözün əsl mənasında güclü, müasir infrastruktura malik olan ölkəyə çevrilsin. İstəyirəm ki, Azərbaycanda qısa müddət ərzində bütün təhsil ocaqları normal görkəm alsın. Tibb ocaqları təmir olunsun. Buna böyük ehtiyac var. İndi biz bütün bölgələrdə xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri açırıq. Bunun insanlara nə qədər böyük köməyi var, insanların həyatını nə qədər yüngülləşdirir, onlar gözəl tibbi xidmət alırlar. Biz bunu etməliyik. Yəni bizdə hər bir sahədə ən yüksək səviyyə olmalıdır. Bu, mənim istəyimdir, tələbimdir.
Eyni zamanda, bizim əsas gəlir mənbəyimiz olan, iqtisadiyyatın lokomotivi olan Neft Şirkətinin fəaliyyətini daha da gücləndirməliyik. Neft Şirkəti beynəlxalq şirkətə çevrilməlidir. Mən giriş sözümdə dedim ki, bizim indi nə qədər neft-qaz ehtiyatlarımız var. Bu, dövlətin ehtiyatlarıdır və dövlət tərəfindən bu sahəyə cavabdehliyi Dövlət Neft Şirkəti daşıyır. Yəni Neft Şirkətinin bütün imkanları var ki, dünyanın aparıcı neft şirkətinə çevrilsin. Bunu etmək üçün indi orada struktur islahatları gedir, onlar yeni mühasibat formatına keçməlidirlər, audit aparılmalıdır. Yəni müasir, dünya səviyyəli şirkət olmalıdır. Çox böyük ehtiyatlar var, çox böyük hasilat var. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ildə ixrac ediləcək 50 milyon ton neftin 40 milyon tonu yaxın zamanlarda Azərbaycanın payına düşəcəkdir. Nəyə görə?! Çünki neftin qiyməti qalxdı və pay bölgüsü də dəyişilir. Bizim də bütün müqavilələrimiz pay bölgüsü əsasında imzalanıbdır. Bu da 1994-cü ildə atılan çox böyük və müdrik bir addım idi. Ona görə qiymət artdıqca, ölkənin gəlirləri də artır, xarici şirkətlərin gəlirləri faiz baxımından aşağı düşür. Yəni, bu böyük bir ehtiyatdır, böyük bir gücdür. İndi Neft Şirkətinin xarici ölkələrdə fəaliyyəti, xüsusilə Gürcüstanda böyük terminalın alınması və oraya investisiyanın qoyulması Qara dənizdə bizim mövqelərimizi möhkəmləndirir.
Biz Qara dəniz-Xəzər dənizi-Orta Asiya dəhlizində fəal rol oynayırıq və Azərbaycan burada əsas məntəqədir, əsas yerdir. Bundan istifadə edirik. Bütün nəqliyyat, energetika, kommunikasiya işlərində fəallıq və təşəbbüskarlıq göstəririk. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə bir daha qayıtmaq istəyirəm. Bu məsələyə də müxtəlif yanaşmalar var idi ki, bu, siyasi layihədir, sadəcə, Ermənistanı sıxmaq üçün, təcrid etmək üçündür və sair. Mən bu məsələyə aydınlıq gətirdim. Əlbəttə, biz Ermənistanı bütün işlərdən təcrid edəcəyik. Edirik, buna gücümüz çatır və edəcəyik.
Ancaq bu layihənin iqtisadi səmərəsi də çox böyükdür.
Bu yaxınlarda Qazaxıstanın Baş naziri Azərbaycanda olarkən mənə dedi ki, dəmir yolu işə düşəndə Qazaxıstan bu yolla 10 milyon ton əlavə yükün nəql edilməsinnə hazırdır. Bax, budur bu yolun iqtisadi səmərəliliyi. Biz əgər təşəbbüskarlıq göstərməsəydik, 200 milyon dollar kredit ayırmasaydıq və bu işdə Gürcüstan, Türkiyədən olan həmkarlarımızla inadkarlıq göstərməsəydik, bu yol da olmayacaqdı və yüklər başqa yolla gedəcəkdi. Bu, həm iqtisadi, həm regional, həm də siyasi layihədir. Bunu heç kim gizlətmir və biz də gizlətmək istəmirik. Amma biz bunu edirik və təkcə biz yox, tərəfdaşlarımızla birlikdə. Bütövlükdə, çox böyük ehtimal var ki, Çindən Avropaya gedən yüklər bizim ərazimizdən keçəcəkdir. Bunun nə demək olduğunu əlavə izah etmək lazım deyildir. Bütün bu məsələlər - nəqliyyat, energetika, Neft Şirkəti bir-birilə bağlı olduğuna görə, mən buna böyük diqqət göstərirəm. Bizim Nəqliyyat Nazirliyi, hökumət çox böyük işlər görüblər və biz bütün istədiyimizə nail oluruq. Bir daha demək istəyirəm, elə bir məsələ yoxdur ki, biz onu həll etmək istəyək, amma ona nail ola bilməyək.
O cümlədən başqa sahələrdə də. Burada qeyd olundu və bir daha demək istəyirəm ki, sosial məsələlərin həlli, idman komplekslərinin tikintisi - bu işlər bütün ölkədə gedir. Tarixi binaların bərpası da həmçinin. Bu günlərdə mən Tarix Muzeyində idim. Orada təmir-bərpa işləri ilə tanış oldum. Bu da məni çox sevindirir. Bu, bizim tariximizdir. Biz öz tariximizə sözdə yox, əməldə çox böyük hörmətlə yanaşmalıyıq və tarixi ədaləti də bərpa etməliyik. Vaxtilə Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqı üçün çox böyük xidmətlər göstərmişdir. Onun əməlləri Azərbaycan xalqının qəlbində bu günə qədər yaşayır. Bizim borcumuz idi ki, onun evini bərpa edək. Yenə də deyirəm, mən buna təkcə Tarix Muzeyi kimi baxmıram, Hacı Zeynalabdin Tağıyevin evi kimi baxıram. Çox şadam ki, biz buna nail oluruq və onun da ruhu şaddır.
Bütün istiqamətlərdə bizim proqramlarımız var, onları icra edirik. Çox işgüzar komandamız var, çox səmərəli işlər görürlər. Mən də bundan çox razıyam. Belə olan halda, istənilən məsələ öz həllini tapa bilər. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanda bütün iqtisadi islahatları aparmaq üçün gözəl ictimai-siyasi mühit var, sabitlik var, xalqla iqtidar arasında birlik var. Bizim siyasətimiz dəstəklənir və əlbəttə ki, ilk növbədə, həm daxili və xarici siyasəti müstəqil şəkildə aparmaq üçün, digər tərəfdən, ölkəmizə lazım olan bütün işlərin görülməsi üçün bizə əlavə güc verir. O ölkələrdə ki, sabitlik pozulur, orada əbədi böhran yaşanır. Qonşuluqda yerləşən ölkələrin vəziyyətini televiziya vasitəsilə görürük. O ölkələrdə ki, qanunsuz hərəkətlər mövcuddur, daxili qarşıdurma var, orada iqtisadiyyat da dağılıb gedir. İqtisadiyyat, ölkənin inkişafı qalır bir tərəfdə, siyasi mübarizə, siyasi ambisiyalar və hakimiyyət uğrunda mübarizə keçir ön plana. Azərbaycan da 1990-cı illərin əvvəllərində bu acı tarixini yaşayıbdır. O kitab bağlandı və ona dönüş heç vaxt olmayacaqdır. Biz ancaq və ancaq irəliyə gedəcək, ölkəmizi gücləndirəcəyik. Elə edəcəyik ki, Azərbaycan xalqı xoşbəxt və firavanlıq içində yaşasın. Bu işdə sizə uğurlar arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb VİDEO

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub VİDEO

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb