Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

-Beləliklə, bütövlükdə görülən işlər deməyə əsas verir ki, energetika sahəsində son illər ərzində aparılan islahatlar, yeni yanaşmalar bu sahəni xeyli dərəcədə sağlamlaşdırmışdır. İndi ölkə qarşısında enerji təchizatı ilə bağlı elə bir ciddi problem yoxdur. Əlbəttə, elə etməliyik, çalışmalıyıq ki, qış aylarında da enerji tələbatı tam şəkildə ödənilsin. Yeni çəkilən qaz xətləri ilə bərabər, istilik təchizatı ilə bərabər, bütövlükdə ölkəmizin və əhalinin enerjiyə olan tələbatını tam şəkildə ödəməliyik. Əlbəttə ki, bu məsələlər çox vacibdir. Hər bir ölkənin inkişafı üçün, yaşaması üçün birinci dərəcəli məsələlərdir.

Mən hesab edirəm ki, Dövlət Neft Şirkəti bundan sonra da neft-qaz hasilatının artırılması üçün əməli-praktik işləri görməlidir. Böyük işlər görülüb, böyük investisiyalar qoyulub, kreditlər götürülübdür. Xüsusilə Azərbaycanda qaz hasilatının artırılması üçün şirkətin öz vəsaiti hesabına böyük işlər görülübdür. Burada qeyd olundu ki, biz artıq 2007-ci ildən xaricdən qaz almırıq, halbuki ildə 4,5 milyard kubmetr qaz alırdıq. Lakin qiymətlərin yüksək olmasına görə ondan imtina etdik, buna baxmayaraq, Azərbaycan xalqı və Azərbaycan iqtisadiyyatı demək olar ki, bunu hiss etmədi. Nəyə görə? Çünki öz qaz hasilatımız artıbdır, daha da səmərəli işlər görülübdür. İsrafçılığa qarşı tədbirlər görülübdür və Azərbaycan bu vəziyyətdən çox şərəflə çıxdı.

Neft şirkətinin növbəti illərdə qaz hasilatını artırması təkcə ölkənin tələbatını ödəmək üçün deyil, eyni zamanda, xarici tərəfdaşlarla əməkdaşlığın dərinləşməsi üçün lazımdır. Demək olar ki, bir il ərzində Dövlət Neft Şirkəti öz qaz hasilatını, təxminən iki dəfə artırır. Bu, çox böyük nəticədir və bizə böyük imkanlar yaradır. Yəni işlər bu istiqamətdə davam etdirilməlidir və xüsusilə qaz amilinə daha da böyük diqqət göstərməliyik.

Dövlət Neft Şirkəti tərəfindən görülən işlər sayəsində neft hasilatı sabit səviyyədə saxlanılır. Nəzərə alsaq ki, beynəlxalq konsorsium artıq gələn il tam gücü ilə işləyəcək, bəlkə də bunun artırılmasına o qədər böyük ehtiyac yoxdur. Azərbaycanda gələn il bütövlükdə təxminən 50 milyon ton, bəlkə də çox neft hasilatı gözlənilir. Bunu artırmaq, bəlkə də, o qədər də lazım deyil, bu səviyyə bizə kifayətdir. Azərbaycan bundan çox böyük həcmdə valyuta əldə edir və bu, bizə kifayətdir.

Mən hesab edirəm ki, biz gələcəkdə neft hasilatını çox da artırmamalıyıq. Bizim buna ehtiyacımız yoxdur. 50 milyon ton, bəlkə də 60 milyon ton illik hasilat tam şəkildə bizə kifayətdir ki, bütün problemləri həll edək və valyuta ehtiyatlarını artıraq. Beləliklə, bizim neft yataqlarımız daha uzun müddətdə Azərbaycan xalqına xidmət edəcəkdir.

Qaz hasilatına isə daha böyük diqqət göstərməliyik. Azərbaycanda çox böyük qaz ehtiyatları var. Təkcə təsdiq olunmuş 2 trilyon kubmetr, bəlkə də çox ehtiyat var. Bu, Azərbaycanın daxili tələbatının ödənilməsi üçün 150 il kifayət edəcəkdir. Ancaq, mən əminəm ki, əlbəttə, hasilat getdikcə, yeni quyular qazılandan sonra bu həcm daha da böyüyəcəkdir. Biz həm özümüzün, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün qaz hasilatımızı artırmalıyıq.

Azərbaycan Dövlət Neft Şirkəti uzun illərdir ki, xarici şirkətlərlə birgə işləyir və öz öhdəliklərini yerinə yetirir. Elə hal olmayıb ki, Dövlət Neft Şirkəti öz üzərinə düşən öhdəliyi yerinə yetirməsin, yaxud da müqavilə şərtlərini pozsun. Biz çox etibarlı tərəfdaşıq və hesab edirik ki, Azərbaycanda gözəl investisiya mühitinin yaranmasında Dövlət Neft Şirkətinin məhz bu şəkildə fəaliyyət göstərməsi az rol oynamayıbdır. Əlbəttə, biz xarici tərəfdaşlardan da haqlı olaraq tələb edirik ki, onlar da bütün müqavilələrdə təsbit edilmiş müddəalara əməl etsinlər. Müqavilənin şərtlərinə dəyişiklik etmək mümkün deyildir. Müqavilələr qanundur və orada əks edilmiş bütün məsələlər öz həllini tapmalıdır.

Mən əminəm ki, son 10 il, bəlkə də ondan da çox müddət ərzində Dövlət Neft Şirkəti və xarici tərəfdaşlar arasında yaranmış işgüzar və qarşılıqlı inam əsasında qurulmuş əlaqələr davam edəcəkdir. Hər iki tərəf öz öhdəliklərinə əməl edəcək və üzərlərinə düşən vəzifələri vaxtlı-vaxtında icra edəcəkdir.

Dövlət Neft Şirkəti indi yeraltı qaz anbarlarının genişləndirilməsi ilə məşğuldur. Bu göstərişi mən onlara vermişəm. Hesab edirəm ki, çox düzgün qərar idi. Uzun illər ərzində bu məsələlərlə bağlı biz danışıqlar aparırdıq. Müxtəlif xarici şirkətlər təkliflər verirdilər. Bizə kreditlər təklif edirdilər. Biz çox götür-qoy etdik, bu məsələni araşdırdıq və gördük ki, bəzi hallarda bu təkliflər bizə sərf etmir. Həm qiymət çox şişirdilib, həm də kredit şərtləri bizə münasib deyildir. Bir də ki, indi biz bu işləri artıq özümüz görmək iqtidarındayıq. Ona görə göstəriş verildi və qısa müddət ərzində Dövlət Neft Şirkəti bu işlərlə məşğul olmağa başladı. Əminəm ki, yaxın zamanlarda yeraltı qaz anbarlarının həcmi daha da artırılacaqdır.

Biz ilkin mərhələdə “Azəriqaz”ın gücü ilə bunu, təxminən 500 milyon kubmetrdən, 1 milyard, 1 milyard 200 milyon kubmetrə qaldırdıq. Bu, artıq böyük nailiyyətdir. İndi vəzifə bunu 3 milyard kubmetrə qaldırmaqdır. Belə olan halda, həm daxili tələbat heç bir problemsiz təmin olunacaq, həm də ixracla bağlı yeni əlavə imkanlar yaranacaqdır. O ölkələr ki, böyük həcmli yeraltı qaz anbarları var, onlar, əlbəttə, dünya, bölgə və qonşu qaz bazarına əhəmiyyətli dərəcədə təsir göstərirlər. Bu, həqiqətdir.

Mən əminəm ki, Dövlət Neft Şirkəti bu işləri çox münasib qiymətə, xarici kreditlərdən xeyli dərəcədə ucuz və daha keyfiyyətli görəcəkdir.

Eyni zamanda, hesab edirəm ki, indi Azərbaycanda xüsusilə energetika, qaz sektorunda vəziyyət elə inkişaf edir ki, biz böyük neft kimyası kompleksinin yaradılması ilə məşğul olmalıyıq. Bu fikirlər çoxdan mövcud idi, nazirliklər tərəfindən müxtəlif təkliflər var idi. Bununla müxtəlif nazirliklər məşğul olurdu. “Azərikimya” Dövlət Şirkəti bununla məşğul idi. Mən hesab edirəm ki, Dövlət Neft Şirkəti bu məsələ ilə də məşğul olmalıdır, məsələni araşdırmalı, öz təkliflərini verməlidir. Əgər bütün təkliflər məqbul olarsa, Azərbaycanda ən müasir standartlara cavab verən, yeni, ən yüksək texnologiyalarla təchiz edilmiş neft kimyası kompleksinin tikintisi mümkün olacaqdır. Buna böyük ehtiyac var. Azərbaycanda böyük qaz ehtiyatları vardır. Əlbəttə, biz bu qazı ixrac edəcəyik və edirik. Amma bunu məhsula çevirmək, əlbəttə, həm əlavə mənfəət, həm iş yerləri deməkdir və həm də Azərbaycanda yeni sənayenin yaranması deməkdir. Nəzərə alsaq ki, Dövlət Neft Şirkəti Türkiyədə ən böyük neft kimyası kompleksinin özəlləşdirilməsində birinci yeri tutub, indi “Petkim” neft kimyası kompleksi Dövlət Neft Şirkətinin mülkiyyəti olacaqdır. O da böyük investisiya tələb edən layihədir. Ancaq o böyük kompleksin alınması üçün 2 milyard dollar, bəlkə də ondan bir qədər çox vəsait tələb olunur. Bu vəsait də kredit şəklində təmin olunacaqdır. Beləliklə, həm Türkiyədə, həm də Azərbaycanda böyük, nəhəng neft kimyası komplekslərinin fəaliyyəti bizə böyük xeyir gətirəcəkdir.

Yenilik də ondan ibarətdir ki, artıq Azərbaycan investisiyaları başqa ölkələrə yönəldilir. Bu, həm bizim maraqlarımıza uyğundur, həm də bizə dost, yaxın olan ölkələr də bunu alqışlayır.

“Petkim”in özəlləşdirilməsi və Dövlət Neft Şirkətinin mülkiyyətinə keçməsi ən böyük investisiya layihəsidir. Onunla bərabər Ceyhan limanında Dövlət Neft Şirkətinin iştirakı və onun təşəbbüsü ilə yeni neft emalı zavodunun tikintisi nəzərdə tutulur. Əlbəttə ki, bu zavodun tikintisi Dövlət Neft Şirkətinin iştirakı olmadan mümkün deyildir. Çünki gələn ildən başlayaraq, Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Ceyhan limanına göndərilən neftin əsas sahibi Dövlət Neft Şirkəti olacaqdır. İndi dünyada neftin qiyməti o qədər yüksəkdir ki, “Azəri-Çıraq-Günəşli” yataqları ilə bağlı müqavilənin şərtlərinə uyğun olaraq, pay bölgüsü Azərbaycanın xeyrinə daha da qısa müddət ərzində dəyişəcəkdir və beləliklə, mənfəət neftinin 80 faizi yaxın zamanlarda Azərbaycanın payına düşəcəkdir.

Beləliklə, Dövlət Neft Şirkətinin iştirakı olmadan Ceyhan limanında neftayırma zavodunun tikintisi mümkün deyildir. Çünki bunu tikmək üçün oraya neft göndərmək lazımdır. Bu neft də Dövlət Neft Şirkətinindir. Mən bilirəm ki, indi bu barədə danışıqlar gedir və əlbəttə ki, Azərbaycan Dövlət Neft Şirkəti Ceyhan limanında tikiləcək neftayırma zavodunun əsas səhmdarı olmalıdır.

Digər investisiya layihələri də icra olunur. Gürcüstanda Kuleridə böyük terminal tikilibdir. Yəni bu, xaricə investisiyaların qoyuluşu çox müsbət haldır. Bu yaxınlarda Rumıniyada Dövlət Neft Şirkətinin Mərkəzi Avropa üzrə nümayəndəliyi açılmışdır. Digər ölkələrdən təkliflər var ki, başqa layihələrə biz də qoşulaq, onlarda iştirak edək. NABUKKO layihəsinə bizi dəvət ediblər. Odessa-Brodı-Plotsk-Qdansk layihəsinə dəvət ediblər və əlbəttə ki, Azərbaycanın burada iştirakı məsələnin həlli üçün vacib amildir. Bütün bu layihələrdə biz investor kimi iştirak edəcəyik və investisiya istiqamətini gərək genişləndirək.

Azərbaycana çox böyük valyuta axını gözlənilir. Biz neft satışından əldə olunacaq bütün vəsaiti, əlbəttə ki, ölkə iqtisadiyyatına yönəldə bilmərik. Çünki, bu, böyük inflyasiyaya səbəb olacaqdır. Biz bu vəsaiti ən vacib, ən lazımlı olan iqtisadi infrastruktura, sosial məsələlərə yönəldəcəyik. Qalan vəsaiti isə biz xarici banklarda saxlamaqdansa, gərək layihələrə yönəldək. Bizim üçün lazım olan və iqtisadi səmərə verən layihələrə.

Eyni zamanda, Dövlət Neft Şirkəti qarşısında vəzifə qoyulubdur ki, o, sosial məsələlər ilə də məşğul olsun. İndi Dövlət Neft Şirkətinin vəsaiti hesabına ölkəmizin müxtəlif bölgələrində yeni müalicə-diaqnostika kompleksləri, mərkəzləri, xəstəxanalar tikilir. Buna çox böyük vəsait ayrılır və bu xəstəxanalar ən yüksək səviyyədə tikilir. Dünyada olan ən qabaqcıl texnologiyalar, avadanlıqlar, tibbi ləvazimatlar onlarda quraşdırılır və bu proses davam edəcəkdir.

Eyni zamanda, göstəriş vermişəm ki, ekoloji məsələlərlə də ciddi məşğul olsunlar. Onilliklər ərzində çirklənmiş yerləri, xüsusilə Abşeron yarımadasında neftlə çirklənmiş yerləri təmizləsinlər və ilk növbədə, Bibiheybət neft mədəninin təmizlənməsi ilə məşğul olsunlar. İndi Bibiheybət neft mədəni elə gündədir ki, oraya baxanda adamın ürəyi ağrıyır. Biz gərək oranı təmizləyək və orada gözəl, yəni ekoloji cəhətdən ən müasir infrastruktur yaradılmalıdır. Parklar salınmalıdır ki, ora insanların istirahət elədikləri yerə çevrilsin. Bu, planlarda var və bu ekoloji məsələlərə də böyük diqqət göstərilməlidir.

Bir sözlə, Azərbaycan Dövlət Neft Şirkəti dünya miqyaslı şirkətə çevrilməlidir. Bunu etmək üçün kifayət qədər imkanlar var. Güclü infrastruktur, güclü potensial, o cümlədən kadr potensialı, böyük həcmdə neft-qaz hasilatı və böyük həcmdə neft-qaz ehtiyatları. Dünya miqyaslı şirkətin əsas parametrlərini müəyyən edən məhz bu amillərdir, bunların da hamısı var və Azərbaycan Dövlət Neft Şirkəti dünyada qabaqcıl neft-qaz şirkətinə çevrilməlidir.

“Azərenerji”nin qarşısında qoyulan vəzifələr də kifayət qədər böyükdür. Bu vəzifələr icra olunur. Yeni elektrik stansiyaları tikilir. Bu barədə burada deyildi. Son bir il, ilyarım ərzində Azərbaycanın müxtəlif bölgələrində 5 modul tipli stansiya tikilibdir və yeni stansiyaların tikintisi və təmiri davam edir. Sumqayıt stansiyasının gücü 517 meqavat, Səngəçal stansiyasının gücü 300 meqavat olacaqdır. “Şimal-2” stansiyasının tikintisi, düzdür, bir az yubanır, onun da gücü 400 meqavata yaxındır. Danışıqlar uzun illərdir ki, aparılır və biz gərək bunu yekunlaşdıraq. “Şimal-2” elektrik stansiyası, əlbəttə ki, bizim üçün çox lazımdır və vacibdir. Ancaq bu stansiyanın tikintisi ilə əlaqədar gedən danışıqlar müddətində Azərbaycanda 5 elektrik stansiyası tikilib, biri də tikilir və yaxınlarda istismara veriləcəkdir. Bu 6 stansiyanın ümumi gücü 1000 meqavatdan çoxdur. Son 5 il ərzində “Şimal-2” haqqında danışıqlar gedir, lakin hələ ki, bir nəticə yoxdur. Onu demək istəyirəm ki, əlbəttə, “Şimal-2”-nin tikintisi öz vacibliyini saxlayır, amma bizim üçün o qədər də böyük əhəmiyyət kəsb etmir. Biz 5 elektrik stansiyasının tikintisinə nail olduq. Sumqayıt elektrik stansiyası bu yaxınlarda istismara veriləcəkdir, Səngəçalda 300 meqavat gücündə stansiya inşa edilir. Əli Bayramlı stansiyasının tikintisi ilə bağlı ilkin addımlar atılıbdır. Bunun da gücü 700 meqavatdan çox olacaqdır. Xüsusilə nəzərə almalıyıq ki, Əli Bayramlı stansiyası bizim ən ağrılı yerimizdir. Çünki orada şərti yanacaq sərfi həddindən artıq yüksəkdir və Azərbaycan iqtisadiyyatı çox böyük vəsait itirir.

“Şimal-2” stansiyasının da tikintisi başlanmalıdır, ancaq Azərbaycan üçün münasib şərtlərlə və yüksək keyfiyyətlə.

Bundan başqa, Mingəçevirdə, Azərbaycan DRES-də yenidənqurma işləri çox uğurla gedir, orada da əlavə güc yaranır. Qubada yeni elektrik stansiyasının tikintisi planlaşdırılıbdır. Buna da biz yəqin ki, yaxın zamanlarda başlayacağıq. Etibar Pirverdiyev burada qeyd etdi, Şəmkir və Mingəçevir su elektrik stansiyalarında da yenidənqurma işlərinin aparılması çox vacibdir.

Biz indi müxtəlif şirkətlərdən təkliflər alırıq ki, Azərbaycanda özəl elektrik stansiyaları tikilsin. Vaxtilə bir stansiyanın tikilməsi üçün biz kredit tapa bilmirdik. Amma indi nəinki bizim üçün bütün kredit imkanları açıqdır, hətta xarici firmalar Azərbaycanda öz vəsaiti hesabına elektrik stansiyaları tikmək istəyirlər. Bu, nəyi göstərir? İlk növbədə, Azərbaycanın inkişafını, artan potensialını, Azərbaycana olan inamı, eyni zamanda, Azərbaycanda energetika sektorunun nə qədər cəlbedici olmasını göstərir. Mən prinsip etibarilə buna etiraz etmirəm. Biz liberal iqtisadiyyat siyasəti aparırıq, investisiyaları alqışlayırıq, Azərbaycana nə qədər çox investisiya qoyulsa, bizim üçün bir o qədər yaxşıdır. Ona görə prinsipcə mən buna etiraz etmirəm. Halbuki, Azərbaycan iqtisadiyyatı üçün artıq bunun o qədər də böyük əhəmiyyəti yoxdur. Sadəcə, biz buna bir biznes layihəsi kimi baxırıq. Ancaq əgər xarici şirkətlər Azərbaycan üçün münasib şərtlərlə belə bir stansiyanı tiksələr, mən hesab edirəm ki, bu, müsbət hal ola bilər.

Ancaq eyni zamanda, mən Pirverdiyevlə razıyam ki, ilk növbədə, xarici investorları biz alternativ enerji mənbələrinin yaranmasına yönəltməliyik. İlk növbədə, su elektrik stansiyalarının, külək, günəş elektrik stansiyalarının tikintisinə. Bu, bizim üçün, Azərbaycan dövləti üçün daha da əlverişli olar, nəinki xarici şirkətlərin istilik elektrik stansiyaları tikməsi. Mən yenə də deyirəm, buna etiraz etmirəm, əksinə, Azərbaycana investisiya qoymaq üçün maraqlı olan şirkətləri mən alqışlayıram. Ancaq bütün bu işlər Azərbaycanın uzunmüddətli enerji strategiyasının tərkib hissəsi olmalıdır. Bütün bu məsələləri biz vahid strateji plan çərçivəsində həll etməliyik.

Biz indi yeni yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi ilə də

məşğuluq. İndi Gürcüstanla danışıqlar gedir. Azərbaycan ilə Gürcüstan arasında yeni xətlərin çəkilişi bizə imkan verəcək ki, gələcəkdə elektrik enerjisinin ixracı ilə də ciddi şəkildə məşğul olaq. Bu, həm böyük regional layihə ola bilər, Azərbaycanın elektrik enerjisi Gürcüstan və Türkiyə bazarlarına çatdırıla bilər. Həm də böyük iqtisadi səmərəsi ola bilər və bu, Azərbaycanın ixrac potensialının genişlənməsi deməkdir. Əgər biz buna nail olsaq, - amma bunu etmək üçün bütün imkanlar var, - bu, elə bil ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin məntiqi davamı kimi Azərbaycan-Gürcüstan-Türkiyəni elektrik xətləri ilə birləşdirən bir layihə olacaqdır.

Nəzərə alsaq ki, bizim elektrik xətlərimiz Rusiya və İranın şəbəkələri ilə birləşmişdir və indi İmişli-Parsabad elektrikötürmə xəttinin çəkilişi davam edir, bu, bizə imkan verəcək ki, 700 meqavat həcmində elektrik enerjisi mübadiləsi edək. Rusiya ilə də biz uğurla işləyirik. Bütün bölgənin - həm qərbə, həm də ki, şimaldan cənuba, yəni İran və Rusiyanın elektrikötürmə xətlərinin birləşməsi yalnız Azərbaycan ərazisi ilə mümkündür. Bu, əlbəttə ki, həm iqtisadi cəhətdən, regional əməkdaşlıq baxımından və bütün başqa cəhətlərdən çox böyük bir regional layihə olacaq və bu layihə ilə də ciddi məşğul olmaq lazımdır.

İndi bizdə qış üçün lazım olan bütün mazut və qaz anbarları doludur. 1 milyard 200 milyon kubmetr qaz doldurulubdur, daha da çox doldura bilərdik, yer yoxdur. Mən demişəm, anbarlar tikiləcəkdir. 300 min ton mazut yığılıbdır. Daha da çox yığa bilərdik, yer yoxdur. Vaxtilə bizim imkanlarımız ancaq buna çatırdı. Ona görə bir müddət bundan əvvəl mən göstəriş verdim ki, “Azərenerji” yeni mazut çənləri tiksin və indi soruşmaq istəyirəm məsələ nə yerdədir?

ETİBAR PİRVEDİYEV: Cənab Prezident, Sizin göstərişinizə əsasən 120 min ton həcmində - hər biri 20 min tonluq 6 çənin artıq inşasına başlanılmışdır. Bunula əlaqədar bütün metal gətirilibdir. Artıq həmin metal çənlərin yığılması üçün hazırlıq işləri gedir.

İLHAM ƏLİYEV: Təxminən nə vaxta qurtarmağı fikirləşirsiniz?

ETİBAR PİRVERDİYEV: İl yarım ərzində biz bu işi qurtaracağıq.

İLHAM ƏLİYEV: İl yarım ərzində. Bəs, onda bizim ehtiyatımız nə qədər olacaqdır?

ETİBAR PİRVERDİYEV: 420 min ton.

İLHAM ƏLİYEV: Çox yaxşı, bu da böyük bir işdir. Bu bizim ehtiyatımızı artıracaqdır, çünki indi tələbat artır və getdikcə daha da artacaqdır.

Biz indi stansiyaları tikirik, əlbəttə, buna böyük vəsait qoyuruq. Amma onu tikirik ki, tələbat artır və getdikcə artacaqdır. Düzdür, indi istehlak aşağı düşür, çünki sayğaclaşdırma prosesi, demək olar ki, tam başa çatdı. Əlbəttə, sayğac olan yerdə insanlar bilirlər ki, nəyin pulunu ödəyirlər. Əvvəllər olan bütün o xoşagəlməz hallara son qoyulmalıdır. Burada qeyd olundu ki, bəzi hallarda sayğaclara müdaxilə edirlər, onları sındırırlar. Bu, qətiyyən yolverilməzdir. Kim bunu edirsə, o, məsuliyyətə cəlb olunmalıdır. Artıq bildiyimə görə, Cinayət Məcəlləsində də dəyişikliklər edilib və sayğaclara müdaxilələr edən, onları sındıran, yaxud da müfəttişlərə təzyiq göstərən şəxslərə qarşı çox ciddi tədbirlər görülməlidir.

Elektrik stansiyalarının tikintisi ilə bərabər, yardımçı stansiyaların tikintisi də çox vacibdir, bu işlər də gedir. Bu işlərlə - yardımçı stansiyaların, transformatorların, elektrik xətlərinin təzələnməsi ilə “Bakıelektrikşəbəkə” və “Azərenerji” məşğuldur. Bakıda bütün elektrik xətləri yerin altına salınmalıdır. Bu, həm mümkün olan oğurluğun qarşısını alır, həm də gözəl mənzərə yaradır. İndi bəzi yerlərdə görürük, o xətlər çox eybəcər vəziyyətdədir, bütün mənzərəni pozur. Ona görə bütün o xətlərin yerin altına salınması ilə, əminəm ki, biz həm şəhərimizin gözəlliyini daha da artıracağıq, həm də mümkün olan oğurluq hallarının qarşısını alacağıq.

Mən Bakı şəhərinin küçələrinin işıqlandırılması ilə bağlı da müvafiq göstərişlər vermişəm. İndi şəhər icra hakimiyyəti yeni gözəl işıq dirəkləri alır və onların böyük hissəsi artıq qoyulubdur. Əlbəttə, ilk növbədə, şəhərin mərkəzində, ancaq indi siz məruzə edin, bu vəziyyət nə yerdədir. Çünki başqa küçələrə də müasir işıq dirəkləri qoyulmalıdır.

HACIBALA ABUTALIBOV (Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı): Sankt-Peterburqda sifariş olunmuş bütün işıq dirəkləri bu ilin axırına qədər Bakı şəhərinə gətiriləcək və quraşdırılacaqdır. Gələn ildən isə həm Sankt-Peterburqdan, həm də İtaliyadan gətiriləcəkdir. Ona görə də çalışacağıq ki, gələn il ümumiyyətlə, Bakı şəhərinin mərkəzi küçələrində işıq dirəkləri yeniləri ilə əvəz edilsin.

İLHAM ƏLİYEV: Biz bu işi mərkəzi küçələrdə və mərkəzdən kənardakı küçələrdə də etməliyik. Çünki o dirəklər çoxdan qalmışdır, köhnəlmişdir. İndi mərkəzi küçələr işıqlandırılır, amma mərkəzdən uzaqda yerləşən küçələr hələ ki, lazımi səviyyədə işıqlandırılmır.

HACIBALA ABUTALIBOV: Siz dediyiniz dirəkləri biz mərkəzdən götürərək dəyişdiririk. Həmin dirəklər digər məhəllələrə köçürülür.

İLHAM ƏLİYEV: Köçürün və əlbəttə, biz elə etməliyik ki, Bakının bütün küçələrində axşamlar işıq olsun. Bu, hər bir normal, müasir şəhərin əsas əlamətlərindən biridir.

HACIBALA ABUTALIBOV: Əsas magistral küçələr işıqlanır. Müəyyən küçələr var ki, orada hələlik işıq dirəkləri yoxdur.

İLHAM ƏLİYEV: Bəli, mən bunu bilirəm. Ona görə deyirəm, çalışmaq lazımdır ki, bütün küçələrdə işıq elə olmalıdır, elə bil gündüzdür.

HACIBALA ABUTALIBOV: Əlimizdən gələni edəcəyik ki, Sizin göstərişləriniz ən yüksək səviyyədə yerinə yetirilsin.

İLHAM ƏLİYEV: Əlbəttə, biz gərək büdcədə də əlavə xərclərin olmasını nəzərə alaq ki, Bakı Şəhəri İcra Hakimiyyəti küçələrin işıqlandırılmasının pulunu ödəyə bilsin. Çünki bəzi hallarda biz onlardan tələb edirik ki, bunu təmin etsinlər. Amma onların büdcəsində pul yoxdur. Ona görə məcburdurlar bəzi yerlərdə işığı kəsirlər. Bunun qarşısını almaq üçün nə qədər vəsait lazımdır, hesablayın. Şəhərin bütün küçələrinin işıqlandırılmasını təmin etmək üçün və işıq pulunu ödəmək üçün o vəsait sizə ayrılacaqdır. Siz o vəsaiti “Bakıelektrikşəbəkə”yə ödəyəcəksiniz. Yenə də o pul qayıdacaq dövlətə. Sadəcə olaraq, burada normal sistem yaranacaqdır.

Beləliklə, “Azərenerji” və “Bakıelektrikşəbəkə” qarşısında qoyulan əsas məsələlər bunlardır və qalan işləri də onlar özləri bilirlər.

“Azəriqaz”la bağlı burada məruzədə də göstərildi ki, son müddət ərzində qazlaşdırma prosesi sürətlə gedir və bu vaxta qədər qazlaşdırılmayan rayonlara qaz verilir. Hazırda obyektiv səbəblərə görə iki rayona - Ağcabədi və Beyləqana qaz verə bilmirik. Bu rayonlara da qazın verilməsi təmin olunacaqdır. Ümid edirəm ki, Ağcabədiyə bu ilin sonuna qədər, Beyləqan rayonuna isə gələn il qaz veriləcəkdir. Beləliklə, Azərbaycanda bütün rayon mərkəzlərinə, bütün rayonlara qaz veriləcəkdir. Biz qazlaşdırma proqramımızı davam etdirməliyik. Vaxtilə bəzi istisnalarla, Azərbaycanın demək olar ki, bütün bölgələri qazlaşdırılmışdı. Biz bunu bərpa etməliyik. İndi dəqiq yadımda deyil, qazlaşdırmanın ümumi faizi nə qədər idi?

ƏLİXAN MƏLİKOV (“Azəriqaz” SC-nin sədri): Cənab Prezident, 92 faizdir.

İLHAM ƏLİYEV: 92 faiz. Yəni xətlər var idi?

ƏLİXAN MƏLİKOV: Respublikada mövcud abonentlərin 92 faizi qazla təmin olunurdu.

İLHAM ƏLİYEV: Amma indi?!

ƏLİXAN MƏLİKOV: Hazırda 75 faizdir.

İLHAM ƏLİYEV: Hər halda, 75 də yüksək faizdir. Bilirik ki, bizdən qat-qat çox qaz hasil və ixrac edən ölkələrdə bu, təxminən 50 faiz səviyyəsindədir. 75 faiz çox böyük göstəricidir. Amma biz çalışmalıyıq ki, 100 faizə yaxınlaşaq. İmkan var, qaz ehtiyatlarımız var və bunu etməliyik.

Xüsusilə, ilk növbədə, Bakıətrafı qəsəbələrə qazın verilməsini təmin etməliyik. Bakının qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramında bunların hamısı nəzərdə tutulur və bu ilin sonuna qədər əsas işlər görülməlidir və gələn il Bakıətrafı qəsəbələrə qaz tam verilməlidir. Biz ucqar rayonlara qaz xətləri çəkirik, amma bəzi hallarda burada, Bakının ətrafına qaz verə bilmirik. Bu, dözülməz bir haldır. Bütün qəsəbələrə lazımi səviyyədə qaz verilməlidir. Mən bilirəm ki, indi yeni xətlər çəkilir, müasir borular quraşdırılır. Qaz hasilatı bizdə kifayətdir ki, bunu təmin edək.

Naxçıvan Muxtar Respublikasının qazlaşdırılması ilə bağlı işlər yaxşı gedir. Birinci və ikinci mərhələ artıq başa çatıbdır. İndi üçüncü mərhələ başlanmışdır və beləliklə, Naxçıvanda qazlaşdırma tam şəkildə təmin olunacaqdır. Eyni zamanda, indi Naxçıvanın enerji potensialı xeyli dərəcədə artırılıbdır. O dərəcədə ki, indi Naxçıvan elektrik enerjisini ixrac edə bilər və buna da hazırdır. Əminəm ki, qarşılıqlı razılaşma əsasında biz bunu təmin edə bilərik. Prinsip etibarilə indi və qış mövsümündə Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı təmin oluna bilər. Vaxtilə qaranlıqda, qazsız, işıqsız yaşayan Naxçıvan artıq görülən işlər nəticəsində və orada tikilən və bərpa olunan elektrik stansiyalarının hesabına elektrik enerjisini ixrac edə biləcəkdir.

Əlbəttə ki, yığımla bağlı son aylar ərzində böyük irəliləyiş var. Əgər keçən ili götürsək, biz burada müqayisəedilməz dərəcədə böyük nəticələrə nail olmuşuq. Bütövlükdə, elektrik enerjisi və qazda yığım 80-90 faiz arasındadır. Bu, yaxşı göstəricidir. Əlbəttə, hamı istəyər ki, 100 faiz yığım təmin olunsun. Amma bəzi hallarda obyektiv səbəblərə görə buna nail ola bilmirik. Azərbaycanda hələ ki, yoxsul təbəqə mövcuddur. Düzdür, yoxsulluğun səviyyəsi ildən-ilə aşağı düşür. Amma doğrudan da elə adamlar var ki, onlar enerji haqqının ödənilməsinə o qədər də hazır deyillər və əziyyət çəkirlər. Amma elələri var ki, imkanı da var, gözəl şəraiti də var, sadəcə olaraq, elektrik enerjisinin və qazın pulunu vermək istəmir, sayğacları sındırır, gələn müfəttişləri təhqir edir, onlara təzyiq göstərirlər. Onlara qarşı amansız mübarizə aparılmalıdır.

Əlbəttə, yığımla məşğul olanlar, müfəttişlər insanlarla münasibətdə mədəni olmalıdırlar. Yəni kobud olmamalıdırlar. Real imkanı olmayan insanlara o qədər də təzyiq etməməlidirlər. İmkanı olan, qəsdən pulunu verməyənə qarşı isə çox ciddi olmalıdırlar. Mən xahiş edirəm ki, siz bu məsələlərə diqqət yetirəsiniz.

İstilik təchizatı ilə bağlı işlər davam edir. Bu səhmdar cəmiyyəti nisbətən yaxınlarda yaradılıbdır. İndi bizim qarşımızda yeni imkanlar yaranır, evlərə, məktəblərə, xəstəxanalara istilik verilir. İndi çalışmalısınız ki, ilk növbədə, bütün məktəblərə, xəstəxanalara, uşaq bağçalarına istilik verilsin. Obyektiv problemlər də var. Çünki dediyiniz kimi, bəzi vətəndaşlar batareyaları kəsib atıblar, istilik verilməsini bərpa etmək üçün çox böyük vəsait və texniki işlər görmək lazımdır. Hər halda, biz ilk növbədə, Bakı şəhərinin istiliklə təmin edilməsinə tam şəkildə nail olmalıyıq. Ondan sonra ölkəmizin başqa şəhərlərinə, siz də burada çıxışda qeyd etdiniz ki, artıq rayonlara da istilik verilməsi başlanmışdır. Bu, çox yaxşı haldır. Mən bunu alqışlayıram. Bu, həm insanlara xidmətdir, həm də elektrik enerjisinə qənaətdir. Biz bundan böyük iqtisadi səmərə götürəcəyik.

Bütövlükdə, mən deyə bilərəm ki, energetika sektorunda, nəhayət, ciddi dönüşə nail ola bildik. İndi qarşılıqlı ödəməmələr, demək olar ki, aradan qaldırılıbdır. Bu, bizim əbədi problemimiz idi. Hamı-hamıya, bütün qurumlar bir-birinə borclu idi. Bu, artıq aradan qaldırılıbdır. Yığım təmin olunur, 40 faizdən 80-90 faizə gəlmişik. Hesab edirəm, bu, çox yüksək göstəricidir.

Energetika sektorunda aparılan islahatlar ona gətirib ki, artıq bu sahəyə investisiya qoymaq istəyən şirkətlər meydana çıxır. Hətta indi biz fikirləşirik ki, o şirkətlərlə necə işləyək. Hansı sahələrə onları yönəldək. Yəni energetika sektorunda sağlamlaşma göz qabağındadır və bu, iqtisadiyyatın əsas hissəsidir. Biz bu sahədə islahatları davam etdirməklə bütün iqtisadi münasibətlərimizi sağlamlaşdırırıq. Azərbaycan iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır. Bu, əslində, uzun illərdir ki, belə idi. Amma siz də bilirsiniz, açıq deməliyik, energetika sektorunda bazar iqtisadiyyatı prinsipləri mövcud deyildi. Burada müxtəlif prinsiplərin sintezi var idi. Planlı iqtisadiyyat, inzibati metodlar, ondan sonra bazar iqtisadiyyatının müəyyən elementləri var idi. Amma bütövlükdə bu sektor qeyri-sağlam idi. İndi biz bunu sağlamlaşdırırıq. Prinsiplər tamamilə düzgün qurulub və nəticələr də var. Belə olan halda, bu, bütün iqtisadiyyata güclü təkan verəcək və artıq verir. Biz bunu gündəlik həyatda görürük. Elə etməliyik ki, qış mövsümündə elektrik enerjisi, qaz, istilik təchizatında heç bir problem olmasın və insanları narahat edən məsələlər öz həllini tezliklə tapsın.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb