SİYASƏT
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Rusiya İctimai Palatası arasında əməkdaşlıq haqqında memorandumun hazırlanmasına dair işçi qrupu yaradılmışdır
Moskva, 22 noyabr (AZƏRTAC). Rusiya İctimai Palatasının və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndələri 2013-cü il üçün birgə fəaliyyət planının hazırlanması ilə əlaqədar işçi qrupunun yaradılması barədə razılığa gəlmişlər. Bu barədə razılıq Rusiya İctimai Palatası nümayəndələrinin Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərliyi ilə nümayəndə heyətinin görüşü zamanı əldə edilmişdir.
Rusiya tərəfindən işçi qrupuna İctimai Palatanın beynəlxalq fəaliyyət və ictimai diplomatiya üzrə komissiyalararası işçi qrupunun rəhbəri Aleksandr Sokolov başçılıq edəcəkdir. Birgə iş üçün mövzular da müəyyən edilmişdir. Mövzular arasında Azərbaycan, Rusiya, Türkiyə vətəndaş cəmiyyəti təsisatları arasında dialoqun inkişaf etdirilməsi və təcrübə mübadiləsi, avrasiya məkanında inteqrasiya, səhiyyə, gənclər siyasəti, təhsil, ksenofobiya və millətlərarası qarşıdurma ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına yardım məsələləri vardır. Gələn ilin martında İctimai Palata üzvlərinin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Rusiya İctimai Palatası arasında əməkdaşlıq haqqında memorandum imzalanacağı gözlənilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva