SİYASƏT
Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində işğal olunmuş torpaqlarımız azad ediləcəkdir
Bakı, 24 iyun (AZƏRTAC). Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin bir qrup nümayəndəsi 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bu rayonda yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərimizin qonağı olmuşlar. Rayonun nümayəndələri hərbi hissəni gəzmiş, yeni təbliğat işləri ilə tanış olmuş, əsgərlərimizin xidməti və məişət şəraiti ilə maraqlanmışlar.
Səbail Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə tədbirdə Azərbaycanın dövlət himni səslənmişdir.
Hərbi hissənin komandiri, polkovnik-leytenant Fehruz Əzizov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, bayram tədbirinin təşkilinə görə Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin hərbçilərin ruh yüksəkliyinin artırılmasında böyük rol oynadığını vurğulamışdır.
Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti, ordumuzun bütün əsgər və zabitlərini təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışdır. O, hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış gözəl şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal olunmuş torpaqlarımızın düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirmişdir. İcra hakimiyyətinin başçısı lazım gələrsə Ali Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.
Qonaqlar Səbail Rayon İcra Hakimiyyətinin və rayonun orta məktəbləri kollektivlərinin hazırladıqları sovqatları şəxsi heyətə təqdim etmişdir. Xidmətdə fərqlənən zabit və əsgərlərdən bir qrupu rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılmışdır.
Sonra respublikamızın tanınmış incəsənət ustaları bayram konserti ilə çıxış etmişlər.
Sonda Səbail Rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin fəxri fərmanları təqdim olunmuşdur.