MƏDƏNİYYƏT
“Azərbaycan qadını” jurnalının payız buraxılışı işıq üzü görüb
Bursa , 28 noyabr, AZƏRTAC
Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmək hüququ qazanandan sonra Bakıda artıq bir sıra yeni layihələr həyata keçirilib. Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi, Bakı Olimpiya Stadionu inşa olunur, mövcud idman obyektləri əsaslı rekonstruksiya edilir, telekommunikasiya, nəqliyyat, istirahət məkanları təkmilləşdirilir…
“Azərbaycan qadını” jurnalının payız buraxılışında oxuculara bu istiqamətdə görülən işlər və nəzərdə tutulan kompleks tədbirlərlə bağlı geniş materiallar təqdim edilir.
“O, daim yoldadır. Yeni-yeni zirvələrə aparan yolda. Bu enişli-yoxuşlu yolla addımlayaraq o, çox gözəl bilir ki, qarşıda yeni üfüqlər və yeni zirvələr olacaqdır. Onun üçün əslində fəth olunan hər zirvə yeni məqsədə, yeni amala, yeni qələbəyə çatdıran yolun başlanğıcıdır”.
Jurnalın səhifələrində yer alan “Zirvəyə doğru” adlı bu maraqlı material Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunub.
Əsrlərin yadigarı olan xalça sənəti Azərbaycan mədəniyyətinin güzgüsü, xalqımızın tarixi keçmişini özündə yaşadan milli sərvətimizdir.
“Xalça Muzeyi: Qədim mədəniyyətin yeni ünvanı” adlı yazıda paytaxtımızda orijinal üslubda inşa olunan bu nadir muzeyin açılış mərasimindən və qiymətli eksponatlarından bəhs edilir.
M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Nərgiz Paşayeva ötən ilin oktyabrında Oksford Universitetinə səfər zamanı mühüm sənədi - bu təhsil ocağında Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması barədə Anlaşma Memorandumunu imzaladı. Elmi əməkdaşlığın inkişafına töhfə olan bu Memorandumun imzalanmasından sonra bu dəfə britaniyalı alimləri ölkəmizdə qarşıladıq. Azərbaycan elmi irsi üçün yeni üfüqlər açan bu əməkdaşlıqla bağlı daha ətraflı məlumatla oxucular jurnalın səhifələrində tanış ola biləcəklər.
“Azərbaycan qadını” jurnalının payız buraxılışında oxucuları, həmçinin görkəmli dirijor Rauf Abdullayev, milli rəqslərimizin mahir ifaçısı Roza Cəlilova, gənc ifaçı Ceyla Seyidova, eləcə də at belində olan cəsur qadınlar və tarixi universitetin növbəti məzunları ilə maraqlı görüş gözləyir.
“Azərbaycan qadını” jurnalının (baş redaktor Fatma Abdullazadə) hər sayının oxuculara gözəl bir mədəniyyət tədbiri ilə təqdim olunması ənənəyə çevrilib. Jurnalın payız buraxılışının təqdimatı noyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Təqdimat mərasiminin qonağı Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və dirijor Teymur Göyçayev, solist beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova) olacaq.