CƏMİYYƏT
“Azərbaycan qanunvericiliyində və hüquq praktikasında mövcud olan boşluqlar və onların həlli yolları” mövzusunda yazı müsabiqəsi elan edilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyi (AHİM) hüquqşünaslar üçün “Azərbaycan qanunvericiliyində və hüquq praktikasında mövcud olan boşluqlar və onların həlli yolları” mövzusunda yazı müsabiqəsi elan etmişdir.
AHİM-dən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin şərtlərinə əsasən, müsabiqəyə təqdim ediləcək yazılarda problemə tənqidi yanaşılmalı, habelə hüquqşünasların sırf praktikalarında rast gəldikləri problemlərlə əlaqədar olmalıdır. Eyni müəllif müsabiqənin sonunadək bir neçə yazı təqdim edə bilər. Müsabiqə üçün hazırlanmış yazılar yanvarın 21-dən noyabrın 30-dək [email protected] ünvanına göndərilməlidir.
Qeyd olunmuş tələblərə cavab verən yazılar AHİM-nin veb-portalında, həmçinin ölkənin müxtəlif elektron KİV-lərində hüquqşünas mövqeyi kimi işıqlandırılacaqdır. Müsabiqənin sonuna qədər (30.11.2013) mətbuatda ən çox dərc olunan və populyarlıq qazanmış 3 yazı müəllifi mükafatlandırılacaqdır.
Müsabiqədə birinci yeri tutan şəxsə 500, ikinci yerə layiq görülənə 300, üçüncü yerə isə 200 manat mükafat veriləcəkdir.
Mükafatlandırma mərasimi dekabr ayında keçiriləcəkdir.