Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Adından
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

22 yanvar 2013-cü il                         Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Südabə Həsənova, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,məhkəmə katibi Nigar Əsgərovanın,

ərizəçi İkram Ağayevin nümayəndəsi Rafiq Quliyevin,cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı Qeysər Cəfərovun iştirakı ilə,Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Esmira Qocayeva “Milli Maşın Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətə (bundan sonra - “Milli Maşın Kompani” MMC) və qeyrilərinə qarşı təsis paylarının bölüşdürülməsi, payın təsisçinin mülkiyyətinə verilməsi, cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi, borcun ödənilməsi və s. tələblərlə məhkəməyə müraciət etmişdir.

“Milli Maşın Kompani” MMC-nin təsisçisi İkram Ağayev öz növbəsində məhkəmədə E.Qocayevaya qarşı payın alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilərək ləğv edilməsi və təsisçilik hüququna xitam verilməsi barədə qarşılıqlı iddia qaldırmışdır.

Bakı şəhəri Yasamal rayon məhkəməsinin 20 iyul 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı E.Qocayevanın iddiası qismən təmin edilmiş, “Milli Maşın Kompani” MMC-nin əmlakı 70%-nin təsisçisi İ.Ağayev, 5%-nin təsisçisi Z.Ağayeva və 25%-nin təsisçisi E.Qocayeva arasında paylara uyğun bölüşdürülmüşdür. Əmlakın E.Qocayevanın payına düşən 25% hissəsi tərtib edilən balans üzrə müəyyən edilmiş, cəmiyyətin balansında olan 2910,1 kv.m qeyri-yaşayış binasından və digər əmlaklardan 727,5 kv.m qeyri-yaşayış sahəsi və digər əmlak ayrılaraq, E.Qocayevanın mülkiyyətinə verilmişdir.

İddianın qalan hissəsi və “Milli Maşın Kompani” MMC-nin təsisçisi İ.Ağayevin qarşılıqlı iddiası rədd edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - Bakı Apellyasiya Məhkəməsinin MK) 25 may 2010-cu il tarixli qətnaməsi ilə E.Qocayevanın, İ.Ağayevin, Z.Ağayevanın və “Milli Maşın Kompani” MMC-nin apellyasiya şikayətləri təmin edilməyərək, Yasamal rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - Ali Məhkəmənin MK) 17 yanvar 2011-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi qismən, İ.Ağayevdən 450.000 ABŞ dollarının alınması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

İ.Ağayev Ali Məhkəmənin MK-nın 17 yanvar 2011-ci il tarixli qərarının təsis paylarının bölüşdürülməsi və E.Qocayevaya məxsus payın mülkiyyətinə verilməsi hissəsindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra - Konstitusiya Məhkəməsi) şikayətlə müraciət etmişdir.

Konstitusiya Məhkəməsi Palatasının qərardadı ilə İ.Ağayevin şikayətinin “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 37.0.1-ci maddəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilmişdir.

Bu ərəfədə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 iyun 2011-ci il tarixli qətnaməsi ilə İ.Ağayevdən 450.000 ABŞ dollarının alınması hissəsində Yasamal rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin MK-nın 16 noyabr 2011-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır.

Konstitusiya Məhkəməsinə ünvanladığı təkrar şikayətində İ.Ağayev Ali Məhkəmənin MK-nın 17 yanvar 2011-ci il tarixli qərarının mübahisələndirdiyi hissəsində Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra - Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 95 və 96-cı maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əməl olunmamışdır.

Buna görə ərizəçi hesab edir ki, məhkəmələr tərəfindən onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət hüququ və hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı pozulmuşdur.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Azad sahibkarlıq hüququnu təsbit edən Konstitusiyanın 59-cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Bu konstitusiya norması hər hansı bir fərdin qanunla qadağan olunmayan iqtisadi fəaliyyətinin sərbəstlik prinsipini inkişaf etdirir.

Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən hər bir hüquqi şəxs kommersiya və ya qeyri-kommersiya təşkilatı (ictimai birliklər, fondlar və s.) növlərində yaradıla bilər. Hüquqi şəxsin yaradılmasının və müvafiq fəaliyyətinin həyata keçirilməsinin konstitusiya əsaslarını Konstitusiyanın 58-ci (birləşmək hüququ) və 59-cu (azad sahibkarlıq hüququ) maddələrinin müddəaları təşkil edir.

Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər (MM-in 43.5-ci maddəsi).

Kommersiya hüquqi şəxsləri arasında xüsusi yer məhdud məsuliyyətli cəmiyyətlərə ayrılmışdır.

Bir və ya bir neçə (fiziki və (və ya) hüquqi) şəxs tərəfindən təsis edilən nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır (MM-in 87-ci maddəsi).

MM-in 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir.

Göstərilən maddədə nəzərdə tutulan mülki hüquq subyektlərinin iradə sərbəstliyi cəmiyyətin həm yaradılmasında, həm də onun iştirakçısının cəmiyyətdən çıxmasında əsas rol oynayır.

MM-in 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər.

Bu maddənin mahiyyətinə görə iştirakçının cəmiyyətdən çıxması - iştirakçının, onunla cəmiyyət arasında mövcud olan korporativ hüquq münasibətlərinə son qoyulmasına yönələn, şərtsiz iradə ifadəsidir. Lakin cəmiyyətdən çıxma müvafiq dəyişikliklərə gətirib çıxarır. İlk öncə belə çıxma cəmiyyətin iştirakçılarının tərkibində dəyişikliklərə səbəb olur.

Bununla əlaqədar cəmiyyətdən çıxma barədə ərizə daxil olduqda cəmiyyətin icra orqanı növbədənkənar iclas çağırmalı, iştirakçının cəmiyyətdən çıxması barədə ərizəsini, MM-in 96-cı maddəsinə uyğun olaraq onun nizamnamə payına uyğun əmlak hissəsinin ödənilməsi və ya cəmiyyət ilə razılaşmaya əsasən əmlakın dəyərinin natura ilə əvəz edilməsi və təsis sənədlərinə dəyişikliklərin edilməsi məsələlərini iclasın gündəliyinə salmalıdır.

MM-in 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür.

Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında göstərilən məsələlər üzrə mübahisə yaranmayınca bu məsələlərin həlli məhdud məsuliyyətli cəmiyyətin müstəsna səlahiyyətinə aiddir.

Bununla belə, iştirakçının cəmiyyətdən çıxma barədə ərizəsinə cəmiyyətdə ağlabatan müddətdə baxılmadığı təqdirdə iştirakçı onun cəmiyyəti tərk etməsinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsini məhkəmədən tələb edə bilər.

Öz növbəsində məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər.

Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

İ.Ağayev və onun nümayəndəsi məhkəmədə bildirmişlər ki, E.Qocayeva cəmiyyətin təsisçiliyindən çıxmaq üçün cəmiyyətin icra orqanlarına ərizə ilə müraciət etməmiş, buna dair heç bir sənədi məhkəməyə təqdim etməmiş və təsisçilikdən çıxmadığı halda cəmiyyətin əmlakının naturada bölünməsini məhkəmədən tələb edə bilməzdi.

Birinci instansiya məhkəməsi İ.Ağayevin göstərilən dəlillərinə ümumiyyətlə qiymət verməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217-ci maddəsinin tələblərini pozaraq qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla deyil, fərziyyələrlə əsaslandırmışdır.

Belə ki, məhkəmə MPM-in 220-ci maddəsinin tələblərini pozaraq heç bir sübuta əsaslanmadan məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində E.Qocayevanın təsisçilikdən çıxmaq istədiyini, nəticəvi hissəsində isə çıxdığını göstərmişdir.

İ.Ağayev birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini şübhə altına alaraq apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə MM-in 95 və 96-cı maddələrinin tələblərini pozaraq, cəmiyyətin icra orqanlarının müstəsna səlahiyyətinə aid olan məsələnin həllini öz üzərinə götürmüş, E.Qocayevanın cəmiyyətin təsisçiliyindən çıxmaq məsələsi cəmiyyətdə baxılmadığı halda, onun təsisçiliyinə xitam vermişdir. Bu dəlilləri İ.Ağayevin nümayəndəsi apellyasiya instansiyası məhkəməsində işə baxıldığı zaman da irəli sürmüşdür.

Apellyasiya instansiyası məhkəməsi İ.Ağayevin apellyasiya şikayətində göstərdiyi həmin dəlillərin müzakirəsinə cəhd belə göstərməmiş, MPM-in 392.1.5-ci maddəsinin tələblərinə zidd olaraq gəldiyi nəticəni qətnamədə əsaslandırmamışdır.

MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi isə İ.Ağayevin apellyasiya şikayətinin maddi hüququn pozulması hissəsində təmin edilməməsi üçün əsas olmuş bir dəlil belə göstərməmişdir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).

İ.Ağayev işə baxmış məhkəmə instansiyaları tərəfindən yol verilən qanun pozuntularını göstərməklə kassasiya şikayəti vermişdir.

MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. MPM-in 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır.

Lakin Ali Məhkəmənin MK Bakı Apellyasiya Məhkəməsinin MK tərəfindən işə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədən baxıldığını nəzərə almayaraq, öz qərarında gəldiyi nəticəni heç bir maddi hüquq norması ilə əsaslandırmadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, nəticədə, ərizəçinin Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnu pozmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MK-nın 17 yanvar 2011-ci il tarixli qərarının təsis paylarının bölüşdürülməsi və E.Qocayevaya məxsus payın mülkiyyətinə verilməsi hissəsində Konstitusiyanın hüquq və azadlıqların məhkəmə təminatına dair 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Esmira Tahir qızı Qocayevanın “Milli Maşın Kompani” Məhdud Məsulliyətli Cəmiyyətinin təsisçisi İkram Aydın oğlu Ağayevə və digərlərinə qarşı iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının təsis paylarının bölüşdürülməsi və E.Qocayevaya məxsus payın mülkiyyətinə verilməsi hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr Fərhad Abdullayev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin