Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Adından
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair

 

04 oktyabr 2012-ci il                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Fikrət Babayev, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran ªəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Qurban Abbasovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

ekspert Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Fərhad Mehdiyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsi ilə əhatə edilən məhkəmə aidiyyətinin inzibati xətalar üzrə işlərə tətbiqinin şərh edilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müraciəti ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN ETDİ:

 

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı müraciətində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 25-ci maddəsi ilə əhatə edilən məhkəmə aidiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə (bundan sonra – İXM) əsasən baxılan işlərə tətbiq edilməsinin şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilir ki, ümumi yurisdiksiyalı məhkəmələr inzibati xətalara dair işlərə baxmaqla yanaşı, inzibati məsuliyyətə cəlbetmə funksiyalarını da həyata keçirirlər. Qanunvericilikdə inzibati məsuliyyətə cəlbetmə səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə də həvalə edilmişdir. Məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlbetmə səlahiyyətinin düzgün tətbiq edilməməsi nəticəsində aidiyyət qaydası pozulur. İnzibati tənbeh tətbiq etmək səlahiyyəti məhkəmələrlə yanaşı, inzibati orqanlara, kollegial orqanlara və bələdiyyələrə də verildiyindən, qeyd olunan orqanların qəbul etdikləri aktlar və qərarlardan fiziki və hüquqi şəxslərin inzibati qaydada verdikləri şikayətlərə inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılmalıdır. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli Qanununun (bundan sonra - “İnzibati icraat haqqında” Qanun) 3-cü maddəsinin tələbinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

Müraciət edənin qənaətinə görə, qanunvericilikdə ümumi məhkəmələrə aid edilmiş inzibati xətalara dair işlərdən, yəni İXM-in 360-cı maddəsində göstərilən maddələr üzrə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənən işlərdən başqa inzibati orqanların səlahiyyətləri daxilində baxdıqları bütün inzibati işlərlə əlaqədar məhkəmə mübahisələri İPM ilə tənzimlənən mübahisələrə aiddir. İnzibati mübahisələrin aidiyyət məsələsi ilə bağlı hakimlər arasında fərqli fikirlərin mövcud olması nəticəsində müxtəlif qərarların qəbul edilməsi aidiyyət qaydalarının pozulmasına səbəb olur. Baxılmış işlərdə aidiyyət qaydalarına əməl edilməməsi nəticə etibarı ilə bu qərarların yuxarı məhkəmələr tərəfindən ləğv edilməsinə və işlərin baxılma müddətinin uzanmasına səbəb olur. Ümumi və inzibati-iqtisadi məhkəmələr tərəfindən işlərə aidiyyət qaydalarına əməl edilməklə baxılmasının təmin edilməsi üçün bu məsələyə Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsinə ehtiyac vardır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı ilk növbədə onu bildirir ki, məhkəmə təcrübəsində məhkəmə aidiyyəti məsələsinin fərqli qiymətləndirilməsi, bu sahədə qanunvericiliyin dəqiq tətbiq edilməməsi son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur.

Konstitusiyanın 60-cı maddəsində göstərilən “hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə dair məhkəmə təminatı” hər kəsin ayrılmaz hüququdur və heç bir halda məhdudlaşdırıla bilməz. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə xüsusi təminatlar nəzərdə tutulmuşdur. Bu təminatlardan biri də hər hansı bir məhkəmə işinə çevik şəkildə peşəkar hakim tərəfindən baxılması məqsədi ilə qanunvericiliklə dəqiq müəyyən edilən məhkəmə aidiyyətidir. Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Bu normanın əsas tələblərindən biri hər hansı bir işə məhkəmələr tərəfindən “ağlabatan müddətdə” hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. İşə “ağlabatan müddətdə” baxılması ilk növbədə pozulmuş insan hüquqlarının bərpasına imkan yaratmış olur. Məhz ona görə məhkəmə təcrübəsində məhkəmə aidiyyəti məsələsi dəqiq və birmənalı şəkildə aydın olduğu halda, işlərin baxılmasında süründürməçiliyə imkan yaranmaz və onlara müvafiq məhkəmə icraatı qaydasında prosessual müddətlər çərçivəsində baxılar.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) öz presedent hüququnda Konvensiyanın 6-cı maddəsi baxımından ədalət mühakiməsində “ağlabatan müddətin” qiymətləndirilməsində bir neçə faktorun nəzərə alınmasının vacibliyini bildirmişdir: işin mürəkkəbliyi, iddiaçının davranışı, məhkəmə və ümumiyyətlə dövlət hakimiyyət orqanlarının hərəkətləri və ərizəçi üçün riskin dərəcəsi. Məhkəmə aidiyyəti məsələsi isə dövlət hakimiyyətinin üzərinə düşən məsuliyyət faktorudur. Avropa Məhkəməsinin Zimmermann və Steiner İsveçrəyə qarşı iş üzrə 13 iyul 1983-cü il tarixli qərarında qeyd edilmişdir ki, “dövlətlər öz hüquq sistemlərini elə tənzimləməlidirlər ki, ağlabatan müddətdə məhkəmə araşdırmasını təmin etmək prinsipi daxil olmaqla, məhkəmələr öz fəaliyyətini Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə uyğun həyata keçirə bilsinlər”.

Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.

Azərbaycan qanunvericiliyi də məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun (bundan sonra – “Məhkəmələr və hakimlər haqqında” Qanun) 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan əlavə, MPM-in 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir.

Azərbaycan qanunvericiliyində işin mahiyyəti baxımından məhkəmə aidiyyəti qaydaları müvafiq sahə üzrə məcəllələşdirilmiş prosessual xarakterli normativ-hüquqi aktlarla tənzimlənir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli Qərarı). Məhz bu baxımdan müraciətdə qaldırılan məsələnin həlli məqsədi ilə qanunvericilikdə olan prosessual xarakterli məcəllələşdirilmiş normativ-hüquqi aktların təhlili məqsədəuyğundur.

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) İXM-in 357-ci maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bankı, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (vəzifəli şəxslər) baxırlar.

İXM digər məcəllələşdirilmiş normativ-hüquqi aktlardan strukturuna görə fərqlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsi və MPM fərqli normativ-hüquqi aktlar olduğu halda, İXM özündə maddi və prosessual maddələri cəmləşdirir. Ona görə də ümumi məhkəmələr inzibati xətalar haqqında işlərə baxarkən İXM-in maddi və prosessual normalarını rəhbər tuturlar. İXM-in 409-438-ci maddələri ilə inzibati xətalara dair prosessual icraatın mərhələləri, şərtləri və qaydaları tənzimlənir.

“Məhkəmələr və hakimlər haqqında” Qanunun 20-ci maddəsində rayon (şəhər) məhkəmələrinin səlahiyyətləri göstərilərək qeyd olunmuşdur ki, rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır.

Lakin nəzərə almaq lazımdır ki, İXM-də göstərilən digər orqanlar və vəzifəli şəxslərdən fərqli olaraq rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən ağır sanksiya ilə nəticələnən inzibati xətalara dair işlərə baxılır. İXM-in 360.1-ci maddəsi rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətalar haqqında işləri nəzərdə tutan normaları göstərir. Həmin maddədə nəzərdə tutulmuş hallarda inzibati xətalar haqqında işlərə baxmaq hüququ təkcə səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) deyil, habelə məhkəmələrə də aid olduqda icraatına inzibati xətalar haqqında işlər daxil olmuş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətalar haqqında işlər baxılması üçün məhkəməyə göndərildikdə, bu işlərə məhkəmələr tərəfindən baxılır. (İXM-in 360.2-ci maddəsi)

İXM-də inzibati xətalara dair məhkəmə aidiyyəti 360.1-ci maddədə dəqiq göstərilsə də, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən İXM-in Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərdən verilən şikayətlərin aidiyyəti məsələsi, müraciət edənin fikrincə məhkəmə təcrübəsində fərqli təfsir olunur.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest İXM-in 430-cu maddəsinə əsasən aşağıdakı qaydada verilir:

• hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə;

• kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə;

• səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə.

Öz növbəsində İXM-in 431-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi qaydasını müəyyən edir. Həmin maddədə inzibati xəta haqqında iş üzrə hakimin qərarından şikayətin apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından şikayətin isə kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi nəzərdə tutulmuşdur. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir (İXM-in 431.1.3-cü maddəsi).

İXM-də məhkəmə aidiyyəti məsələsi “İnzibati icraat haqqında” Qanunun və İPM-in qüvvəyə minməsinə və inzibati-iqtisadi məhkəmələrin təsis edilməsinə qədər hər hansı bir mübahisə yaratmırdı. Lakin İPM-in qüvvəyə minməsi ilə Azərbaycanın hüquq sistemində inzibati məsuliyyətin təbiəti fərqli şərh edilməyə başlandı.

İXM-ə əsasən inzibati məsuliyyət hüquqi məsuliyyətin bir növü olaraq, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbehin tətbiq olunmasında ifadə olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

Digər tərəfdən isə “İnzibati icraat haqqında” Qanun və İPM-in tələblərinə əsasən iddiaçı inzibati orqanı (vəzifəli şəxsi) inzibati məsuliyyətə cəlb etmək məqsədi ilə inzibati-iqtisadi məhkəməsinə şikayət verə bilər.

Beləliklə, Azərbaycan Respublikasının qanunvericiliyində inzibati məsuliyyətin əsasını iki hal müəyyən edir:

• inzibati-hüquqi tələblərin pozulması (inzibati xətalar);

• inzibati hüquqi vəzifələrin icra edilməməsi və ya düzgün icra edilməməsi.

İXM-in 12-ci maddəsində inzibati xətanın anlayışı verilmişdir. Həmin maddəyə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

Əməl o zaman inzibati xəta sayılır ki, İXM-in Xüsusi hissəsində inzibati xəta kimi müəyyən edilsin və onun törədilməsinə görə məsuliyyət nəzərdə tutulsun. İnzibati tənbeh, bir qayda olaraq, inzibati xəta törədən şəxsə qarşı tətbiq edilir, bu da inzibati xəta törədən şəxsin maddi və mənəvi təsirə məruz qalması ilə ifadə olunur. Bəzi inzibati tənbehlər özündə eyni zamanda həm mənəvi, həm də maddi təsirləri birləşdirir və yaxud onun tətbiqi inzibati xəta törədən şəxsin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılması ilə nəticələnir. Bu tənbehlər səlahiyyətli dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən tətbiq olunur.

İnzibati mübahisələr isə digər hüquqi təbiətə malikdirlər. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlı olur.

İnzibati-iqtisadi məhkəmələr yaradılana və qanunvericilikdə müvafiq islahatlar aparılana qədər inzibati mübahisələrə MPM-ə əsasən baxılırdı. İslahatlar nəticəsində inzibati proses fərqli bir sahəyə çevrildi. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-IVQD saylı Qanunu ilə ümumi məhkəmələrin baxdığı işlərin sırasından “inzibati” sözü və MPM-dən inzibati prosesi tənzimləyən 26-29 və 38-ci fəsillər çıxarıldı.

Beləliklə, qanunvericilik islahatının aparılması nəticəsində inzibati mübahisələrin bir qayda olaraq inzibati-iqtisadi məhkəmələrin səlahiyyətinə aid edilməsi və bu kateqoriyadan olan işlər üzrə icraatın İPM ilə tənzimlənməsi ilə səciyyələndi.

İnzibati mübahisələrin məhkəmə aidiyyətini tənzimləyən İPM-in 2-ci maddəsi inzibati mübahisələrin başqa aidiyyət qaydasının müəyyən edilə bilməsini də istisna etməmişdir. Nəzərə almaq lazımdır ki, ümumi məhkəmələr tərəfindən baxılan işlərin dairəsi MPM-in 25.1 və 25.3-cü maddələrində göstərilən işlərlə məhdudlaşmır. MPM-in 25.4-cü maddəsinə əsasən ümumi məhkəmələr qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Burada digər işlər dedikdə, qanunda birbaşa göstərilən hallar və ya digər xüsusi yurisdiksiyalı ixtisaslaşdırılmış məhkəmələrin (məsələn, inzibati-iqtisadi məhkəmələrin) səlahiyyətlərinə daxil olmayan işlər nəzərdə tutulur.

İnzibati-iqtisadi məhkəmələrin ümumi məhkəmələrdən ayrılması və inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən xüsusi icraat qaydasında - inzibati məhkəmə icraatı qaydasında baxılmasının və həll edilməsinin nəzərdə tutulması hüquqi müdafiə institutları ilə bağlı konstitusion tələblərin də daha effektiv reallaşdırılması istiqamətində mühüm addımdır və inzibati məhkəmə müdafiəsinin səmərəli olmasına xidmət edir.

Qanunvericiliklə inzibati-iqtisadi məhkəmələrə inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti verilməmişdir. Qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanların qəbul etdiyi inzibati aktlardan fiziki və hüquqi şəxslər inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələrə şikayət ərizəsi verə bilərlər. İPM inzibati orqanlarla fiziki və hüquqi şəxslər arasında yaranmış inzibati mübahisələrə baxılması və həll edilməsinin prosessual qaydalarını müəyyən etməklə şəxsin bu sahədə hüquqi müdafiəsinin inzibati məhkəmə prosesi qaydasında təmin olunmasını nəzərdə tutur.

İPM həmçinin vəzifəli şəxsin qərar və hərəkətlərindən (və ya hərəkətsizliyindən) məhkəməyə şikayət vermək hüququnun təmin olunması ilə bağlı inzibati hüquq sahəsində səmərəli prosessual hüquqi təminatlar sisteminin yaradılmasına xidmət edir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir.

Göründüyü kimi, İPM-in 2.1-ci maddəsi inzibati mübahisələrin inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılmasını imperativ qaydada deyil, dispozitiv qaydada müəyyən edir, yəni qanunla başqa icraat qaydası nəzərdə tutulmayıbsa, mübahisəyə inzibati-iqtisadi məhkəmədə baxılır. Həmin normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi MPM və İXM-in normalarına işarə edir.

Təbii ki, inzibati hüquqpozmalardan irəli gələn və İXM ilə tənzimlənən münasibətlər də publik (ümumi) hüququn bir hissəsidir. Bu göndərici normanın 2.1-ci maddədə əks olunmadığı təqdirdə inzibati xətalarla bağlı işlər inzibati-iqtisadi məhkəmələr tərəfindən baxıla bilərdi. Lakin inzibati xətalar ilə bağlı münasibətlər öz təbiəti baxımından repressiv xarakterli olduğundan və inzibati-hüquqi tələblərin pozulması (inzibati xətalar) ilə bağlı yarandığından “İnzibati icraat haqqında” Qanunla tənzimlənən münasibətlər növündən fərqlidirlər.

İXM-ə əsasən bu işlər üzrə qərardan şikayət və ya protest təbiətinə görə inzibati-prosessual sahədə verilən şikayətdən fərqlidir. Birinci halda inzibati tənbeh tətbiq olunmuş iş üzrə məhkəmə nəzarəti qaydasında şikayət verilir, ikinci halda isə inzibati mübahisə ilə bağlı şikayət ilkin inzibati iddia qaydasında verilir. “İnzibati icraat haqqında” Qanunun 72.1-ci maddəsinə görə inzibati aktlardan məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Qanunun 72.5-ci maddəsinə əsasən isə belə şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Göründüyü kimi, inzibati aktdan verilən şikayət qanunverici tərəfindən inzibati iddia adlandırılır və 72.5-ci maddəyə əsasən bu məsələ İPM ilə tənzimlənir.

“İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı göstərilir.

“İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarında inzibati orqanların siyahısı verilmişdir. Bu normativ aktın İPM ilə eyni gündə qüvvəyə minməsinin səbəbi inzibati prosesin əsas subyektlərinin normativ qaydada dəqiq müəyyən edilməsi idi. İnzibati orqanlar İPM və habelə İXM ilə tənzimlənən ictimai münasibətlərin əsas subyektləridir. Bu subyektlər Qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir. Məhz qeyd edilən fəaliyyət sahəsində inzibati orqanlar inzibati prosessual qaydada inzibati məsuliyyət daşıyırlar.

Konstitusiya Məhkəməsinin Plenumu “inzibati orqan” və “inzibati aktın” anlayışı və təbiəti ilə bağlı öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında ətraflı açıqlamışdır.

İnzibati orqanlar tərəfindən qəbul edilən inzibati xətalarla bağlı qərarların hüquqi təbiətinə gəldikdə isə, həmin qərarlar “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş qaydada deyil, İXM ilə nəzərdə tutulmuş qaydada qəbul edilsələr də, onlar inzibati akt hesab olunurlar. Lakin qanunvericilik onların icrası və mübahisələndirilməsi ilə bağlı fərqli prosessual qaydalar nəzərdə tutur.

Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- məhkəmə aidiyyətinə dair İPM-in 2-ci və MPM-in 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir;

- inzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə İXM-in 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1. Məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir.

2. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr Fərhad Abdullayev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin