SİYASƏT
“Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabı çapdan çıxmışdır
Bakı, 14 iyun (AZƏRTAC). Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - Azərbaycan ilə Belçika arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabı çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə iyunun 14-də keçirilən mətbuat konfransında çıxış edən Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev nəşrin hər iki ölkə üçün əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan, holland və fransız dillərində çapdan çıxmış kitaba ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Belçikanın dövlət və hökumət nümayəndələri ilə görüşləri barədə yazılar, iki ölkə arasında münasibətlərin tarixinə dair arayış, sorğu-məlumat materialları, fotosənədlər daxil edilmişdir.
Kitab ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov vurğulamışdır ki, nəşrdə ölkələrimiz arasında münasibətlər geniş təhlil olunur. Bu cür kitabların çap olunması təqdirəlayiqdir.
Ölkələrimiz arasında münasibətlərin tarixindən danışan deputat bildirmişdir ki, Azərbaycan Belçika ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Belçika 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanımış, ölkələrimiz arasında diplomatik əlaqələr isə 1992-ci ilin iyunun 17-də qurulmuşdur. 1995-ci ildə Azərbaycanın Belçikada, 2007-ci ildə isə Belçikanın ölkəmizdə səfirlikləri fəaliyyətə başlamışdır.
Deputat iki ölkə münasibətlərinin əsas müddəalarının 1998-ci ildə Azərbaycan Prezidenti və Belçika Baş nazirinin imzaladıqları birgə bəyanatda əks olunduğunu vurğulamışdır. Bu sənəddə siyasi, iqtisadi, o cümlədən sənaye, ticarət və inteqrasiya sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulmuşdur. İmzalanmış sənədlər ölkələrimiz arasında möhkəm normativ-hüquqi baza yaratmışdır.
Parlamentlərarası əlaqələrin intensivliyi ölkələrimiz arasında münasibətlərin sürətli inkişafına təsir göstərdiyini vurğulayan E.Süleymanov qeyd etmişdir işçi qrupu son iki ildə Belçikaya iki dəfə, qarşı tərəf isə Bakıya üç dəfə səfər etmişdir. Hər iki ölkənin parlamenti ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq təşkilatlar, o cümlədən Avronest Parlament Assambleyası çərçivəsində sıx əməkdaşlıq edirlər. Bu yaxınlarda Belçika parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin qəbul edilməsi gözlənilir.
Belçikanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Peter Booms ölkələrimiz arasında münasibətlərin inkişaf tarixinə həsr olunmuş kitabın hazırlanmasından məmnunluğunu bildirmişdir. Diplomat vurğulamışdır ki, Azərbaycan Belçikanın güclü strateji tərəfdaşıdır.
Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi Cavanşir Məmmədov da Azərbaycan-Belçika əlaqələrinin qurulmasından və ötən 20 il ərzində ölkələrimiz arasında münasibətlərin genişləndirilməsindən danışmışdır.
Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sabiq həmsədri, siyasətçi Alan Desteks və Milli Məclisin deputatı Zahid Oruc kitabın əhəmiyyətindən danışaraq vurğulamışlar ki, bu cür nəşrlər təhqiqatlar üçün mühüm mənbədir.