İQTİSADİYYAT
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Trans-Adriatik Pipeline” layihəsinin səhmdarları sırasına daxil ola bilər
Bakı, 30 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) “Trans-Adriatik Pipeline” (TAP) qaz kəməri layihəsinin səhmdarları sırasına daxil ola bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri ARDNŞ-in investisiya və marketinq məsələləri üzrə vitse-prezidenti Elşad Nəsirov jurnalistlərə müsahibəsində bildirmişdir.
E.Nəsirov qeyd etmişdir ki, TAP-ın səhmdarları sırasına, həmçinin TANAP-da (Trans-Anadolu qaz kəməri) pay alması ilə bağlı razılıqlarını verən bp və “Total” şirkətlərinin də daxil olması ehtimalı vardır.
Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılacaq qazı Avropaya daşıyacaq TAP-ın uzunluğu 870 kilometr olacaqdır. TAP Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniyanın ərazisi ilə İtaliyaya çatdıracaqdır. Layihə ilkin olaraq 2,2 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Kəmərin inşasına nə qədər vəsait ayrılacağına dair yekun qərar isə 2013-cü ilin sonunadək qəbul olunacaqdır. TAP layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci mərhələsi çərçivəsində hasil olunacaq Azərbaycan qazıdır. İlkin mərhələdə bu kəmərlə Avropaya ildə 10 milyard kubmetr “mavi yanacağ”ın çatdırılması, daha sonra isə həcmin 20 milyard kubmetrədək artırılması nəzərdə tutulmuşdur.
Hazırda TAP-ın üç səhmdarı vardır. Bunlar İsveçrənin “Axpo” (42,5 faiz), Norveçin “Statoil” (42,5 faiz) və Almaniyanın “E.ON Ruhrgas” (15 faiz) şirkətləridir.