Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN 2009-CU İL BÜDCƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN İCRASININ TƏMİN EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. əlillərin, ilk dəfə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramlarını Naxçıvan Muxtar Respublikası üzrə xərclər ayrıca göstərilməklə bir ay müddətində təsdiq etsin;

1.2. gəlir və xərc smetaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan iri dövlət müəssisələrinin 2009-cu il üçün smetalarında əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsini nəzərdə tutsun;

1.3. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, Fondun 2009-cu il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün zəruri tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2009-cu ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük və aylıq bölgüsünü Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə razılaşdırmaqla təsdiq etsin.

4. Dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılsın ki, məcburi dövlət sosial sığorta haqları üzrə əvvəlki illərdə yaranmış borcları 2009-cu il üçün xüsusi vəsaitlərin smetalarının tərtibində və təsdiqində nəzərə alsınlar.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə lazımi tədbirləri həyata keçirsinlər.

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin