CƏMİYYƏT
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XVI hesabat-seçki konfransı keçirilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də Bakı Gənclər Mərkəzində ölkəmizin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) XVI hesabat-seçki konfransı keçirilib.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, konfransda dövlət rəsmiləri, beynəlxalq və yerli qurumların nümayəndələri, Şuranın üzvü olan gənclər təşkilatlarının və KİV-lərin nümayəndələri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Şuranın sədri Məryəm Məcidova çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci il noyabrın 21-də 11 gənclər təşkilatı tərəfindən təsis olunub. Bu qurum öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəldilməsini özünün əsas vəzifəsi hesab edir.
Sonra ARGTMŞ-in 2018-2019-cu illərdə fəaliyyətinə dair hesabat videoçarxı nümayiş olunub.
Qurumun baş katibi Hüseyn Məmmədov Şuranın hesabat dövründə fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. Məruzədə hesabat dövründə həyata keçirilən layihələr, tədbirlər, onlayn kampaniyalar, beynəlxalq tədbirlərdə iştirak barədə məlumat verilib. Qeyd olunub ki, il ərzində sosial şəbəkələr vasitəsilə təşkilatın fəaliyyətini 30 minə yaxın gənc izləyib.
Sonra baş katib ARGTMŞ-in vebsaytının yenilənmiş versiyasının təqdimatını edib.
Tədbirdə iştirak edən Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev və Azərbaycan Respublikası Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov çıxış edərək qurumun hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Çıxışlardan sonra ARGTMŞ-in seçkili orqanlarına səsvermə keçirilib.
Məryəm Məcidova səsvermə nəticəsində yenidən Şuranın sədri seçilib. Konfransda, həmçinin sədr müavinləri, nəzarət-təftiş komissiyasının və idarə heyətinin üzvləri də müəyyənləşiblər.
Sonra cari məsələlər müzakirə olunub.
Qeyd edək ki, ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun həmtəsisçisi və tamhüquqlu üzvüdür. Dünya Azərbaycanlı Gənclər Birliyinin, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının həmtəsisçisi olan Şura 2014-cü ilin dekabrında Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvü seçilib.