Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASI MALIYYƏ NAZIRLIYININ DÖVLƏT BORCUNUN İDARƏ EDILMƏSI AGENTLIYI HAQQINDA ƏSASNAMƏ

Əlavə IV

Azərbaycan Respublikası Prezidentinin

9 fevral 2009-cu il tarixli Fərmanı ilə

təsdiq edilmişdir

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi (bundan sonra - Agentlik) qanunvericiliyə uyğun olaraq dövlət borcalmalarının həyata keçirilməsini təmin edən, vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalığı) və dövlət büdcəsinin Təminat Fondunun vəsaitini idarəetməyə verən və ya idarə edən, dövlət qiymətli kağızlarının emissiyasını həyata keçirən, dövlət borcunun, dövlət zəmanətlərinin və xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparan icra hakimiyyəti orqanıdır.

2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası maliyyə nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. Agentlik bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən bilavasitə öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Agentlik Bakı şəhərində yerləşir.

II. Agentliyin fəaliyyət istiqamətləri

7. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. dövlət borcalmalarının və dövlət zəmanətlərinin verilməsi ilə bağlı tədbirlər həyata keçirir, Azərbaycan Respublikasının dövlət borcunun, dövlət zəmanətinin və xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparır;

7.2. dövlət büdcəsinin Təminat Fondunun vəsaitini və vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalığı) qanunvericiliklə müəyyən edilmiş qaydada idarə edir və ya idarəetməyə verir;

7.3. dövlət qiymətli kağızlarının buraxılışı, yerləşdirilməsi şərtlərini işləyib hazırlayır və emissiyasını həyata keçirir;

7.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Agentliyin vəzifələri

8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

8.1. hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri hazırlanarkən Azərbaycan Respublikasının daxili və xarici borclanmasının (il ərzində götürülə biləcək dövlət borcunun, o cümlədən dövlət istiqrazlarının emissiyası hesabına cəlb ediləcək vəsaitin məbləği) və büdcə ili ərzində veriləcək dövlət zəmanətləri üzrə məbləğin yuxarı həddinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etmək;

8.2. dövlət borcu üzrə əsas məbləğin və faizlərin ödənilməsi üzrə xərclərin müvafiq ilin dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulması üçün təkliflər vermək;

8.3. borc öhdəliklərinin şərtlərini və maliyyə bazarlarından maliyyə vəsaitlərinin cəlb edilməsi imkanlarını qiymətləndirmək;

8.4. müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında dövlət qiymətli kağızlarının emissiyası, tədavülü və ödənilməsi şərtləri və onların çapı ilə bağlı xərclər barədə təkliflər vermək və onun həyata keçirilməsini təmin etmək;

8.5. dövlət borcunun idarə olunması məqsədilə qanunvericilikdə müəyyən edilmiş tədbirləri görmək;

8.6. dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsini və dövlət borcunun vaxtında qaytarılmasını təmin edən tədbirlər görmək;

8.7. dövlət borcunun və ya dövlət zəmanəti üzrə alınmış borcun təyinatı üzrə, məqsədyönlü və səmərəli istifadəsinə nəzarət etmək;

8.8. borc öhdəliyi ilə bağlı yaranmış problemlərin aradan qaldırılması barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

8.9. dövlət borclanması və zəmanətlərlə bağlı öhdəliklər təmin edilmədikdə məhkəmədə iddia qaldırılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırmaq;

8.10. dövlət büdcəsinin icrası barədə illik hesabat hazırlanarkən dövlət borcları, il ərzində götürülən borclar və verilən dövlət zəmanətləri, buraxılmış dövlət istiqrazları və onların istifadəsi haqqında məlumatları hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;

8.11. müvafiq dövlət orqanları ilə birlikdə qiymətli kağızlar bazarının inkişafı üçün təkliflərin hazırlanmasında iştirak etmək;

8.12. dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi üçün dövlət istiqrazlarının buraxılması ilə bağlı təkliflər vermək;

8.13. dövlət büdcəsinin vahid xəzinə hesabında olan vəsait qalığını (sərbəst qalığı) və Təminat Fondunun vəsaitini müəyyən edilmiş qaydada idarə etmək və ya valyuta vəsaitlərinin idarə edilməsində geniş təcrübəyə malik olan yüksək reytinqli qurumlara idarəetməyə vermək;

8.14. idarəetməyə verilmiş dövlət büdcəsinin vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) və Təminat Fondunun vəsaitinin hərəkətinin və onların idarə edilməsindən əldə edilən gəlirin uçotunu təşkil etmək;

8.15. ölkə iqtisadiyyatında maliyyə və iqtisadi tarazlığın pozulması təhlükəsi yarandıqda dövlət vəsaiti hesabına ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rola malik maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim etmək və bu məqsədlər üçün ölkə daxilindən və xaricindən borc şəklində vəsaitlər cəlb edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təkliflər vermək;

8.16. Azərbaycan Respublikasının toplu maliyyə və tədiyə balansının hazırlanmasına dair təkliflər vermək;

8.17. dövlət borcunun idarə edilməsi zamanı baş verə biləcək itkilərin sığortalanması (qarşısının alınması) və risklərin azaldılması məqsədilə beynəlxalq maliyyə bazarlarında hedcinq əməliyyatlarının həyata keçirilməsi üzrə təkliflər vermək;

8.18. dövlət borcunun və zəmanətlərinin reyestrini aparmaq, borcla bağlı öhdəlikləri təhlil etmək, dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərmək, büdcənin xərc maddələrində dövlət borcu üzrə ödənişlərin nəzərdə tutulmasına dair müvafiq proqnozlar və hesabatlar hazırlamaq;

8.19. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək və müvafiq normativ tənzimləmənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər təqdim etmək;

8.20. qrafik üzrə kreditorlar qarşısında borc öhdəliklərini təmin etməyən təşkilatlara qarşı tədbirlər görülməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək, lazım olduğu təqdirdə kredit üzrə həyata keçiriləcək növbəti maliyyələşmələrin məhdudlaşdırılması üçün kreditorlara müraciət etmək;

8.21. bağlanan sazişlərin şərtlərinə əsasən dövlət zəmanəti ilə alınan kreditlərin ödəniş qrafikini tərtib etmək və bu qrafikə uyğun olaraq kreditlərə xidməti təmin edən tədbirlər görmək;

8.22. hər il üçün dövlət borcunun və dövlət zəmanətinin yuxarı həddi (limit) barədə təklif vermək və müəyyən olunmuş hədlərə (limitlərə) əməl olunmasına nəzarət etmək;

8.23. dövlət borcunun vaxtında ödənilməsi və riskləri yolverilən səviyyədə saxlamaqla ortamüddətli və uzunmüddətli perspektivdə dövlət borcalmaları barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;

8.24. dövlət qiymətli kağızlar bazarının inkişaf etdirilməsi, pul və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək və bu siyasətin həyata keçirilməsində iştirak etmək;

8.25. dövlət büdcəsinin Təminat Fondunun və vahid xəzinə hesabının sərbəst qalıq vəsaitlərinin idarə edilməsi zamanı onların yerləşdirildiyi hesabın vəziyyəti, vəsaitlərin həcmi, hesabat dövründə həyata keçirilən əməliyyatlar və əldə edilmiş gəlir barədə hesabat almaq;

8.26. səlahiyyətləri daxilində aidiyyəti dövlət orqanları ilə birlikdə Azərbaycan Respublikasının aktivlərinin və borclarının strukturunun təkmilləşdirilməsində iştirak etmək;

8.27. öz fəaliyyətini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin digər struktur bölmələri ilə əlaqələndirmək;

8.28. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin qorunması üçün zəruri tədbirlər görmək;

8.29. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Agentliyin hüquqları

9. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. Azərbaycan Respublikası adından borcun alınması və zəmanətin verilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək;

9.2. Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq maliyyə-kredit təşkilatları arasında hazırlanan saziş və müqavilə layihələrinin maliyyə şərtlərinə səlahiyyəti daxilində baxmaq və onlar barədə rəy və təkliflərini vermək;

9.3. dövlət borcu və dövlət zəmanətləri ilə bağlı müqavilələrin hazırlanmasında öz səlahiyyətləri daxilində iştirak etmək;

9.4. dövlət zəmanəti ilə borc almış əsas və təkrar borcalanlardan cəlb olunmuş vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur), öz bank hesablarının vəziyyəti haqqında məlumatları və digər zəruri məlumatları almaq;

9.5. ölkənin kredit reytinqinin müəyyən olunması ilə bağlı aidiyyəti işlərin həyata keçirilməsində iştirak etmək;

9.6. dövlət borcu və dövlət zəmanətləri ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

9.7. ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rol oynayan maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətə malik qeyri-maliyyə təsərrüfat subyektlərinə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim etmək məqsədilə həmin təşkilatlardan zəruri sənədləri və məlumatları tələb etmək;

9.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Agentliyin fəaliyyətinin təşkili

10. Agentliyə Azərbaycan Respublikasınin maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.

11. Direktor Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

12. Agentliyin direktorunun Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.

13. Agentliyin direktoru:

13.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

13.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;

13.3. Agentliyin direktor müavinləri və Agentliyin struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

13.4. Agentliyin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

13.5. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;

13.6. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi vəkalətnaməsiz təmsil edir;

13.7. Agentliyin fəaliyyəti barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə mütəmadi olaraq hesabat verir;

13.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin