Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASI MALIYYƏ NAZIRLIYININ DÖVLƏT MALIYYƏ NƏZARƏTI XIDMƏTI HAQQINDA ƏSASNAMƏ

Əlavə V

Azərbaycan Respublikası Prezidentinin

9 fevral 2009-cu il tarixli Fərmanı ilə

təsdiq edilmişdir

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (bundan sonra - Xidmət) dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının və büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınmış kreditlərin məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası maliyyə nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını həyata keçirərkən bilavasitə öz səlahiyyətləri çərçivəsində mərkəzi, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və digər dövlət maliyyə nəzarəti orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Xidmətin saxlanması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Xidmət Bakı şəhərində yerləşir.

II. Xidmətin fəaliyyət istiqamətləri

7. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının vəsaitlərinin xərclənməsi, habelə büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirir;

7.2. dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaiti hesabına verilmiş kreditlərin xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirir;

7.3. Azərbaycan Respublikasında dövlət maliyyə nəzarətinin həyata keçirilməsi işinə metodiki rəhbərlik edir, bu sahədə mövcud olan nöqsanları və neqativ halları doğuran səbəblərin aradan qaldırılması məqsədilə mütəmadi tədbirlər görür;

7.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Xidmətin vəzifələri

8. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

8.1. dövlət büdcəsindən maliyyələşən və dövlət büdcəsindən dotasiya alan təşkilatlarda Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik xidmət orqanlarında dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;

8.2. dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;

8.3. büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;

8.4. dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə rayon və şəhər maliyyə idarələrinin (şöbələrinin) işlərini və həmin rayon və şəhərlərin ərazilərində fəaliyyət göstərən büdcə təşkilatlarının büdcə və büdcədənkənar vəsaitlər üzrə gəlir və xərc smetalarının icralarını təftiş etmək;

8.5. qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə qərarlarına və hüquq-mühafizə orqanlarının müraciətlərinə əsasən təftiş və yoxlamalar aparmaq;

8.6. həyata keçirilən nəzarət tədbirləri nəticəsində tərkibində cinayət əlamətləri olan maliyyə pozuntuları aşkar olunduğu hallarda yoxlama materiallarını hüquq-mühafizə orqanlarına göndərilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;

8.7. nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulan obyektlərdə uçot-hesabat işləri mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə uçot-hesabat işlərinin bərpa edilməsini və sonradan nəzarət tədbirinin həyata keçirilməsi üçün bu barədə məlumatların verilməsini yoxlanılan obyektdən tələb etmək;

8.8. nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və gələcəkdə belə nöqsanlara yol verilməməsi məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi üçün yoxlanılan təşkilatların tabe olduqları yuxarı təşkilatlara təqdimatlar vermək;

8.9. maliyyə nəzarəti tədbirlərinin nəticələrinin rəsmiləşdirilməsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək;

8.10. maliyyə nəzarəti tədbirləri nəticəsində aşkar edilmiş hüquq pozuntularını təhlil etmək və onların aradan qaldırılması barədə təkliflər vermək;

8.11. fəaliyyət istiqamətinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə araşdırmalar aparmaq və təkliflər vermək;

8.12. qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;

8.13. nəzarət tədbirlərinin aparılması zamanı inzibati xətalar haqqında qəbul edilmiş qərarların icrası barədə müvafiq qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə hesabat vermək;

8.14. dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəhbərliyi ilə razılaşdırmaqla müvafiq il üçün iş planı hazırlamaq və təsdiq etmək;

8.15. vətəndaşların qəbulunu təşkil etmək, onların şifahi və yazılı müraciətlərində göstərilənləri müvafiq qaydada araşdıraraq qərar qəbul etmək və qəbul edilmiş qərar barədə vətəndaşa cavab vermək;

8.16. Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək və müvafiq normativ tənzimləmənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər təqdim etmək;

8.17. öz fəaliyyətini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin digər struktur bölmələri ilə əlaqələndirmək;

8.18. nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;

8.19. mövcud qanunvericiliyə uyğun olaraq Xidmətin fəaliyyəti prosesində yaranan arxiv sənədlərinin komplektləşdirilməsi, saxlanılması və uçotunun aparılmasını təmin etmək;

8.20. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Xidmətin hüquqları

9. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. nəzarət tədbiri həyata keçirilən təşkilatlarda pul sənədlərini, mühasibat uçotu registrlərini, hesabatları, planları, smetaları və digər sənədləri, habelə pul vəsaitlərinin, qiymətli kağızların və material qiymətlilərinin mövcudluğunu, onların təyinatı üzrə düzgün istifadəsini yoxlamaq, vəzifəli, maddi-məsul və digər aidiyyəti şəxslərdən yazılı izahatlar, nəzarət tədbirləri ilə zəruri hesab edilən məsələlər üzrə arayış və məlumatlar almaq;

9.2. nəzarət tədbirləri həyata keçirilən təşkilatlarla maliyyə-təsərrüfat əlaqəsində olan müəssisələrdən arayışlar, sənədlərin əslini tələb etmək, onlardan surətlər çıxarmaq və aidiyyəti şəxslərdən izahatlar almaq;

9.3. nəzarət tədbirləri aparılan təşkilatların rəhbərlərindən əsas vəsaitlər, mal-material qiymətliləri, pul vəsaitləri və qarşılıqlı hesablaşmaların inventarizasiyasının aparılmasını tələb etmək, zərurət yarandıqda həmin inventarizasiyalarda bilavasitə iştirak etmək;

9.4. nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı zərurət yarandığı hallarda sınaqların, ekspertizaların, analizlərin və müvafiq qiymətləndirmələrin, habelə elmi tədqiqatların aparılması üçün aidiyyəti təşkilatlara sifarişlər vermək, nəzarət tədbirlərinə müəyyən olunmuş qaydada ekspertlər, mütəxəssislər və auditorlar cəlb etmək;

9.5. sənədlərin saxtalaşdırılması, təhrif edilməsi və başqa yollarla mənimsəmə halları aşkar edilərsə, müvafiq qaydada rəsmləşdirilməklə həmin sənədləri nəzarət obyektindən götürmək;

9.6. nəzarət tədbiri həyata keçirilən təşkilatın rəhbərlərindən tədbirin keçirilməsi üçün lazımı şəraitin yaradılmasını - müvafiq otaqla, texniki avadanlıqlarla, telefonla və dəftərxana ləvazimatları ilə, habelə digər zəruri vasitələrlə təmin olunmasını tələb etmək;

9.7. müxtəlif layihələrin icrası üçün dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaiti hesabına verilmiş kreditlərin təyinatı üzrə xərclənməsini yoxlamaq;

9.8. maliyyə nəzarəti tədbirlərinin həyata keçirildiyi dövlət təşkilatlarında, büdcə və büdcədənkənar dövlət fondlarında malların (iş və xidmətlərin) satın alınmasının qanuniliyinin dəqiqləşdirilməsi zərurəti yarandıqda, bu məqsəd üçün vəsaitin ödəndiyi digər təşkilatlarla, o cümlədən qeyri-hökumət təşkilatları ilə müəyyən edilmiş qaydada maliyyə nəzarəti obyektinin vəsaitlərinin xərclənməsi üzrə sənədlərin qarşılıqlı yoxlanılmasını aparmaq;

9.9. hüquq-mühafizə orqanlarına göndərilən yoxlama materialları üzrə qəbul edilmiş qərarlardan qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı orqanlara şikayət etmək.

V. Xidmətin fəaliyyətinin təşkili

10. Xidmətə Azərbaycan Respublikasınin maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.

11. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

12. Xidmətin rəisinin Azərbaycan Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.

13. Xidmətin rəisi:

13.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

13.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının və regional orqanlarının strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;

13.3. Xidmətin rəis müavinləri, Xidmətin aparatının struktur bölmə rəhbərləri və Xidmətin regional orqanlarının rəhbərləri və müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

13.4. Xidmətin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

13.5. Xidmətin aparatının və regional orqanlarının işçiləri tərəfindən aparılan nəzarət tədbirlərinə müvafiq qaydada nəzarət edir;

13.6. işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;

13.7. tabeliyində olan qurumlara səlahiyyətləri daxilində icrası məcburi olan əmr və göstərişlər verir;

13.8. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti vəkalətnaməsiz təmsil edir;

13.9. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə mütəmadi olaraq hesabat verir;

13.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin