Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 23 iyun tarixli 924-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli 2214 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 227; 2011, № 5, maddə 449; 2018, № 11, maddə 2448; 2021, № 10, maddə 1193; 2023, № 9, maddə 1343) ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:

“1.7. İşəgötürən dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə iş yerlərinin attestasiyasının aparılması nəticələrinə dair bu Qaydaların 4.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş sənədlərin surətinin 10 (on) iş günü müddətində məlumat üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim olunmasını təmin etməlidir.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 7 dekabr 2023-cü il

№ 440

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin