Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nda və 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il 20 dekabr tarixli 727-VIQD nömrəli və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublika-sının Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il 20 dekabr tarixli 743-VIQD nömrəli qanunlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2004, № 2, maddə 114, № 11, maddə 969; 2005, № 1, maddə 51; 2008, № 8, maddə 787; 2017, № 2, maddə 325, № 6, maddə 1225; 2018, № 7 (II kitab), maddə 1639; 2019, № 6, maddə 1147; 2021, № 6 (IV kitab), maddə 667; 2022, № 3, maddə 268, № 4, maddə 424) ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”na aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Müavinətin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1317; 2020, № 4, maddə 495; 2021, № 3, maddə 277, № 11, maddə 1294; 2022, № 3, maddə 269) ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”na aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. Təqaüdün təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 noyabr 2023-cü il

№ 415

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin