Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 dekabr tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 dekabr tarixli 238 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1237 (Cild I) ilə təsdiq edilmiş “Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bənddə “qanuni” sözü “icazəli” sözü ilə əvəz edilsin.

2. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Müraciətlərdə maneə təsirinə məruz qalan radiotezlik nominalı (və ya radiotezlik zolağı), maneənin təsir müddəti, ərazi, maneə təsirinə məruz qalan avadanlıq və ya şəbəkə haqqında məlumatlar, həmçinin maneənin ehtimal olunan istiqaməti və xarakteri bildirilir.”.

3. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. Xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinə və ümumistifadəli radiorabitə şəbəkələrinə təsir edən maneələr barədə müraciətlərə təxirəsalınmadan, digər müraciətlərə isə aşağıdakı müddətlərdə baxılır:

3.1.1. radiomaneə mənbəyinin axtarışı tələb olunmadığı halda 5 iş günündən gec olmayaraq;

3.1.2. radiomaneə mənbəyinin axtarışı tələb olunduğu halda 10 iş günündən gec olmayaraq, axtarışın çətin şəraitdə aparıldığı halda isə müraciətə baxılması müddəti 21 iş günədək artırıla bilər. Bu halda müraciətçiyə 2 iş günündən gec olmayaraq rəsmi və ətraflı məlumat verilir;

3.1.3. radiomaneə barədə müraciət ölkə və yaşayış məntəqələri üzrə müxtəlif əraziləri əhatə etdiyi və ya respublikadan kənarda müəyyənləşdirildiyi halda 30 iş günündən gec olmayaraq.”.

4. 3.2-ci bənd ləğv edilsin.

5. 3.4.1-ci yarımbənddə “qəbuledicidə” sözü “radioqə-buledicidə, radioelektron vasitəsində” sözləri ilə əvəz edilsin.

6. 3.4.2-ci yarımbənddə “qəbuledici qurğularında” sözləri “radioqəbuledici qurğularında və ya radioelektron vasitələrində” sözləri ilə əvəz edilsin.

7. 3.4.3-cü yarımbəndin birinci abzasında “qəbuledicilərdə” sözü “radioqəbuledicidə, radioelektron vasitəsində” sözləri ilə, ikinci abzasında “qəbuledici və ya anten-fider qurğularını” sözləri “radioqəbuledici qurğularını, radioelektron vasitələrini və ya anten-fider qurğularını” sözləri ilə əvəz edilsin.

8. 4.1-ci bəndin ikinci cümləsində “qanuni” sözü “icazəli” sözü ilə əvəz edilsin və həmin bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

“Əgər radiomaneə mənbəyi respublikadan kənarda aşkar olunarsa, radiomaneələr barədə zəruri məlumatların aidiyyəti rabitə administrasiyasına çatdırılaraq maneələrin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Dövlət Radiotezliklər İdarəsi tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin 10 saylı Əlavəsi və ya ölkələrlə ikitərəfli razılaşma sənədlərində nəzərdə tutulmuş müvafiq formalara uyğun müraciət hazırlanaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim olunur və bu barədə müraciətçiyə rəsmi və ətraflı məlumat verilir.”.

9. 4.2.3-cü yarımbənddə “yetirilə bilər” sözləri “yetirilir” sözü ilə əvəz edilsin.

10. 4.3-cü bənddə “araşdırılmalı” sözü “araşdırılır” sözü ilə, “verilməlidir” sözü “verilir” sözü ilə əvəz edilsin.

11. Aşağıdakı redaksiyada 4.7- 4.10-cu bəndlər əlavə edilsin:

“4.7. Dövlət Radiotezliklər İdarəsinin nümayəndələrinin ehtimal edilən radiomaneə mənbəyinin yerləşdiyi dövlət idarə, təşkilat və müəssisələrinin ərazilərinə onların tabe olduqları dövlət orqanlarının razılığı ilə, sahibkarlıq subyektlərinin ərazisinə isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daxil olması üçün maneə təsiri yaratması ehtimal edilən qurğunun sahibi və ya maneə təsiri yaratması ehtimal edilən qurğunun yerləşdiyi ərazinin sahibi tərəfindən şərait yaradılır və müvafiq tədbirlər görülür.

4.8. Beynəlxalq və dövlət əhəmiyyətli tədbirlər və idman yarışları üçün istifadəsinə icazə verilmiş radiotezliklərə radiomaneə təsiri yaradan qurğunun fəaliyyəti Dövlət Radiotezliklər İdarəsi tərəfindən həmin qurğunun sahibinə verilmiş göstərişə (şifahi və ya yazılı) əsasən ən geci bir saat ərzində dayandırılır.

4.9. Radiomaneə təsiri Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin 5-ci maddəsinin 5.2-ci bəndi ilə müəyyən olunmuş radiotezliklərin idarəolunması üzrə Azərbaycan Respublikasının da daxil olduğu birinci region ölkələri üçün Radiorabitə Reqlamentinin həmin maddəsinin dördüncü bölməsində nəzərdə tutulmuş tezlik bölgüsünə uyğun şəkildə istifadə olunmayan qurğudan (o cümlədən qeyri-standart qurğudan) yarandığı təqdirdə həmin qurğunun istifadəsinin təxirəsalınmadan dayandırılması qurğunun sahibindən tələb olunur və standartlara uyğun analoji qurğu ilə əvəz edilməsi qurğunun sahibinə tövsiyə edilir.

4.10. Televiziya və radio yayımlarına radiomaneə təsiri ilə bağlı müraciətlərə baxılarkən Dövlət Radiotezliklər İdarəsi tərəfindən teleradio yayım şirkətlərinin və infrastruktur operatorunun həmin işlərə cəlb olunmasına yol verilir.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri, 8 yanvar 2024-cü il

№ 1

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin