Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 56; 2017, № 3, maddə 514; 2018, № 7 (II kitab), maddə 1646; 2019, № 2, maddə 358; 2020, № 6, maddə 813; 2022, № 5, maddə 552) ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumat-ların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə üzrə:

1.1. 1.2-ci bənd ləğv edilsin;

1.2. 1.3.1-ci yarımbəndə “Reyestrə” sözündən sonra “qeydiyyat və uçot məqsədilə” sözləri əlavə edilsin;

1.3. 1.4-cü bəndə “Komitəsi” sözündən sonra “(bundan sonra - Komitə)” sözləri əlavə edilsin.

2. 2.1-ci bəndə “qeydə” sözündən sonra “, habelə müayinə edilmiş qeyri-yaşayış binalarını uçota” sözləri əlavə edilsin.

3. 4.2-1-ci bəndin ikinci cümləsində və 4.7-ci bənddə “Reyestrin” sözü “Komitənin” sözü ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

“4-1. Uçot məqsədilə Reyestrə daxil edilən məlumatların tərkibi və reyestrə daxil edilməsi qaydası

4-1.1. Komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi aşağıdakı məlumatları uçot məqsədilə Reyestrə təqdim edir:

4-1.1.1. qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) adı;

4-1.1.2. qeyri-yaşayış binasının ünvanı (olduqda);

4-1.1.3. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

4-1.1.4. qeyri-yaşayış binasının əsas texniki göstəriciləri (faktiki);

4-1.1.5. qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları;

4-1.1.6. qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (mövcud olduğu halda);

4-1.1.7. qeyri-yaşayış binasının istismara hazır olub-olmaması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi;

4-1.1.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırlanan qeyri-yaşayış binasının yerləşdiyi ərazinin planı;

4-1.1.9. qeyri-yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin layihəçisi barədə məlumat (hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və lisenziyasının nömrəsi, tarixi, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı və lisenziyasının nömrəsi, tarixi).

4-1.2. Bu Qaydaların 4-1.1-ci bəndində qeyd olunan sənəd və məlumatlar 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilir və Komitənin internet səhifəsində yerləşdirilir.

4-1.3. Reyestrdə uçota alınan tikinti obyektinə kod verilmir.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 15 noyabr 2023-cü il

№ 416

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin