Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanının 3.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 124; 2020, № 5, maddə 635; 2021, № 6 (IV kitab), maddə 676; 2022, № 2, maddə 185, № 4, maddə 416) ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.13-cü yarımbənd 2.1.14-cü yarımbənd hesab edilsin və aşağıdakı məzmunda 2.1.13-cü yarımbənd əlavə edilsin:

“2.1.13. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istisma-rına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğun olaraq 2025-ci il yanvarın 1-dək edilən müraciətlər əsasında istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin yerləşdiyi torpaqların kateqoriyasının dəyişdirilməsi;”.

2. 3.6-cı və 3.7-ci bəndlər müvafiq olaraq 3.8-ci və 3.9-cu bəndlər hesab edilsin və aşağıdakı məzmunda 3.6-cı və 3.7-ci bəndlər əlavə edilsin:

“3.6. Bu Qaydaların 2.1.13-cü yarımbəndində qeyd edilən əsaslara uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı obyektlər barədə məlumat daxil olduğu gündən 10 (on) iş günü müddətində, Fərman qüvvəyə minənədək və ya Fərmana uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda həmin icazə əsasında qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırır.

3.7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qayda-ların 3.6-cı bəndinə uyğun olaraq, vəsatətə əlavə olunan yerquruluşu planında göstərilən koordinatlar daxilində istismarına icazə verilmiş qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsini vəsatət qaldırıldığı tarixdən 15 (on beş) gün müddətində təmin edir.”.

3. 4.1.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.1.8-ci yarımbənd əlavə edilsin:

“4.1.8. bu Qaydaların 2.1.13-cü yarımbəndində qeyd edilən əsaslara uyğun olaraq, vəsatətdə Qaydaların 3.7-ci bəndində qeyd olunmuş müvafiq yerquruluşu planı təqdim edilmədikdə.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 6 dekabr 2023-cü il

№ 439

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin