Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 28 noyabr tarixli 517 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 28 noyabr tarixli 517 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2179 (Cild I) ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Attestasiyanın keçirilməsinin formasından asılı olmayaraq vəzifəli şəxslərə yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilməli və ya təqdim edilməlidir.”.

2. Aşağıdakı məzmunda 2.3-1–2.3-3-cü bəndlər əlavə edilsin:

“2.3-1. Attestasiya müsahibə, yazılı və ya test imtahanı formasında keçirilə bilər. Test üsulundan istifadə edilməklə keçirilən attestasiya xüsusi proqram təminatı vasitəsilə təşkil edilir.

2.3-2. Attestasiya test formasında keçirildikdə vəzifəli şəxsə bu Qaydanın 2.3-cü bəndinin tələblərinə uyğun olaraq 100 sual (25 sual çətin, 30 sual orta, 45 sual sadə olmaqla), yazılı formada keçirildikdə 20 sual (5 sual çətin, 6 sual orta, 9 sual sadə olmaqla) təqdim edilir. Test və yazılı formada təqdim edilmiş sualların cavablandırılması üçün 3 (üç) saat vaxt müəyyən edilir.

2.3-3. Müsahibə formasında attestasiya hər bir vəzifəli şəxslə fərdi qaydada, vəzifəli şəxsin bilik səviyyəsinin, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsinə yönəldilmiş sualların, tapşırıq-ların verilməsi, vəzifəli şəxs tərəfindən həmin sualların cavablandırılması və tapşırıqların həll edilməsi yolu ilə keçirilir.”.

3. 2.6-cı bəndin birinci cümləsində “attestasiyadan” sözü “müsahibə formasında attestasiyadan” sözləri ilə əvəz edilsin.

4. 2.7-ci bənddə “attestasiya” sözü “yazılı və test formasında keçirilən imtahanda iştirak etmədikdə, müsahibə formasında attestasiya” sözləri ilə əvəz edilsin.

5. 2.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.8. “Vəzifəli şəxs attestasiyanın keçirilməsində üzrlü səbəbdən iştirak etmədikdə onun attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməsi təmin edilir.”.

6. Aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:

“2.9-1. Attestasiya bu Qaydanın 2.3-2-ci bəndində nəzərdə tutulmuş qaydada həyata keçirildikdə attestasiya komissiyası sualların azı 70 faizini doğru cavablandıran vəzifəli şəxslərə həmin Qaydanın 2.9.1-ci yarımbəndində, sualların azı 50 faizini doğru cavablandıran vəzifəli şəxslərə Qaydanın 2.9.2-ci yarımbəndində, sualları 50 faizindən aşağı doğru cavablandıran vəzifəli şəxslərə isə Qaydanın 2.9.3-cü yarımbəndində göstərilən qiymətləri verir.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 fevral 2024-cü il

№ 84

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin