Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421; 2023, № 2, maddə 315, № 6, maddə 870, № 8 (II kitab), maddələr 1241, 1276) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2.6-cı yarımbəndin 1-ci abzası ləğv edilsin.

2. 3.2-ci bəndin ikinci cümləsinə “təyin edilməsi” sözlərindən sonra “, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi” sözləri əlavə edilsin.

3. 4-cü hissə üzrə:

3.1. 4.1.1-ci yarımbəndin 5-ci abzasında “(kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)” sözləri “(kolxozçunun əmək kitabçası)” sözləri ilə əvəz edilsin;

3.2. 4.3-cü bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli” sözləri “2002-ci il 31 oktyabr tarixli 168 nömrəli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 29 may tarixli 123 nömrəli” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 5.10-cu bənd əlavə edilsin:

“5.10. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 20 ildən və 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır.”.

5. 6-cı hissə üzrə:

5.1. 6.1.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 6.1.9-cu yarımbənd əlavə edilsin:

“6.1.9. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə əmək pensiyası təyin edilərkən onların sonuncu xidmət (qulluq) keçdikləri dövlət orqanı tərəfindən təqdim edilmiş məlumat vərəqəsində qeyd olunanlardan fərqli məlumat (məlumatlar) əks olunan yenilənmiş məlumat vərəqəsi Fondun aidiyyəti struktur bölməsinə təqdim olunduqda.”;

5.2. aşağıdakı məzmunda 6.3-1-ci bənd əlavə edilsin:

“6.3-1. Əmək pensiyasının Qanunda müəyyən olunmuş minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) əmək pensiyasının tərkibinə daxil edilməsi ilə bağlı hesablamaların eyni vaxtda aparılması zərurəti yaranarsa, həmin hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

6.3-1.1. əmək pensiyası minimum məbləğə çatdırılır;

6.3-1.2. maddi yardımın (əvvəlki ildə ödənilmişdirsə) bir aya düşən hissəsi əmək pensiyasının tərkibinə daxil edilir;

6.3-1.3. əmək pensiyası indeksləşdirilir.”;

5.3. aşağıdakı məzmunda 6.6-cı bənd əlavə edilsin:

“6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 21 noyabr 2023-cü il

№ 424

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin