RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Filmlərin yayımı və nümayişi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 iyul tarixli 165 nömrəli və “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 105 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 20 aprel tarixli 2119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 633; 2008, № 3, maddə 239; 2016, № 9, maddə 1562; 2020, № 3, maddə 370, № 10, maddə 1311) ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:
“6-1. Bu Qaydaların 6-cı hissəsində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar mülkiyyətçi və ya filmdən istifadə hüququnu həyata keçirən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi mülkiyyətçi və ya filmdən istifadə hüququnu həyata keçirən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və yaxud mülkiyyətçi və ya filmdən istifadə hüququnu həyata keçirən şəxs tərəfindən təmin edilir.”;
1.2. 9-cu hissəyə “riayət edilmədikdə” sözlərindən sonra “(bu Qaydaların 6-1-ci hissəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 551; 2013, № 5, maddə 588, № 8, maddə 997; 2017, № 12 (II kitab), maddə 2527; 2019, № 6, maddə 1173; 2022, № 4, maddə 376) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 2.8-1-ci bənd əlavə edilsin:
“2.8-1. Bu Qaydaların 2.8-ci bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar gəminin mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslərdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi gəminin mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslərin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və yaxud gəminin mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər tərəfindən təmin edilir.”;
2.2. 2.10-cu bəndə “sənədlərdə” sözündən sonra “(bu Qaydaların 2.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
2.3. 5.1.1-ci yarımbəndə “sənədlər” sözündən sonra “(bu Qaydaların 2.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 oktyabr 2023-cü il
№ 352