Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti
Qərar № 12

24 / 01 / 2012 il

Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə

“Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərlə onlara təhsil xidmətləri göstərən dövlət ali təhsil müəssisəsi arasında yaranan münasibətlərə dair “Dövlət ali təhsil müəssisəsi ilə ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşı arasında Nümunəvi Fərdi Müqavilə” təsdiq edilsin (1 nömrəli əlavə).

2. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə təhsil xidmətləri göstərən ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında yaranan münasibətlərə dair “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsi arasında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə Nümunəvi Çərçivə Müqaviləsi” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və dövlət ali təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə:

3.1. müvafiq tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısını hər il oktyabrın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;

3.2. bu qərarın 1-ci hissəsində qeyd olunan şəxslərin statusunda və təhsil formasında il ərzində dəyişiklik baş verdikdə, həmin şəxslər barədə müvafiq məlumatların 1 ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını və dövlət büdcəsindən həmin şəxslər üçün ayrılmış vəsaitin istifadə olunmayan hissəsinin büdcəyə qaytarılmasını təmin etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin