Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabineti
Qərar № 21

26 / 01 / 2012 il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinin tənzimlənməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli” nə müvafiq olaraq müəyyən edilsin.

2. Bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş müalicə diaqnostika mərkəzlərində çalışan işçilərin əməyinin ödənilməsi və həmin müalicə diaqnostika mərkəzlərinin illik saxlanılması xərcləri dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilsin.

3. Bu qərarın 1-ci hissəsində qeyd olunan müalicə diaqnostika mərkəzlərində çalışan işçilərin işinin mürəkkəbliyi, gərginliyi və əməkdə göstərdikləri yüksək nəticələri nəzərə alınaraq, onların aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla əlavələr ödənilir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının fəaliyyəti 2012-ci ildən başlayaraq, özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilir və zərurət yarandıqda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həmin xəstəxanaya maliyyə yardımı ayrılır.

5. Bu qərar 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin