Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2006-CI İL 13 FEVRAL TARİXLİ 363 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ NÜMUNƏVİ ƏSASNAMƏSİ”NƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 80, № 3, maddə 235; 2007-ci il, № 9, maddə 870; 2008-ci il, № 11, maddə 970) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. 5-ci bənddə “mövcud qanunvericiliyə zidd olmayan” sözləri “qanunvericiliklə nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;

1.2. 8.12-ci bənddə “məlumatlandırılmasını” sözündən sonra “, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini” sözləri əlavə edilsin;

1.3. 8.13-cü bənddə “təmin etmək” sözlərindən sonra “, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək” sözləri əlavə edilsin;

1.4. 9.6-cı bənd və 9.8-ci bənddən “, internet saytı yaratmaq və ondan istifadə etmək” sözləri çıxarılsın;

1.5. 10-cu və 14.4-cü bəndlərdən “mərkəzi” sözü çıxarılsın;

1.6. 14.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“14.2. Orqanın aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;”;

1.7. 14.3-cü bənddə “qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri çıxarılsın və “Orqanın” sözündən sonra “aparatının,” sözü əlavə edilsin;

1.8. 21-ci bənddən “rəhbərləri” sözü çıxarılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

2.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin