Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə”ni “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 598-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 499; 2012, № 11, maddə 1106) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 14-cü bəndin birinci yarımbəndi üzrə:

1.1. ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Daimi nümayəndənin müavini təyin edilmiş şəxsin xaricdə fasiləsiz iş müddəti dörd ildir.”;

1.2. üçüncü cümlədə “müddət” sözü “müddətlər” sözü ilə əvəz edilsin;

2. 17-ci bənd üzrə:

2.1. birinci yarımbəndə “funksiyalarını” sözündən sonra “daimi nümayəndənin müavini icra edir. Həmin funksiyaları daimi nümayəndənin müavininin (Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin 17-ci bəndinin ikinci yarımbəndində nəzərdə tutulmuş halda səfir müavininin) icra etməsi mümkün olmadıqda isə” sözləri əlavə edilsin;

2.2. ikinci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“Əgər Daimi Nümayəndə eyni zamanda yerləşmə dövlətində Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiridirsə, o, hər hansı səbəbdən funksiyalarını icra etmək iqtidarında olmadığı halda, onun səfir funksiyalarını səfir müavini, o olmadıqda isə daimi nümayəndənin müavini icra edir.”;

2.3. üçüncü yarımbənddən “Müvəqqəti işlər vəkilinin və ya” sözləri çıxarılsın;

3. 20-ci bəndin ikinci cümləsində “Azərbaycan Respublikasının müvəqqəti işlər vəkilinə və ya Daimi Nümayəndənin səlahiyyətlərini icra edən şəxsə” sözləri “Daimi Nümayəndənin funksiyalarını icra edən şəxsə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin